Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərdoğan, yoxsa Kılıcdaroğlu?


Hansı siyasətçinin qalib gələcəyinə dair birmənalı rəy yoxdur

Mayın 14-də Türkiyədə prezident və parlament seçkiləri keçiriləcək. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təmsil olunduğu “Cümhur İttifaqı” hələ ötən il prezidentliyə yenidən Rəcəb Tayyib Ərdoğanın namizədliyini irəli sürsə də, müxalifət düşərgəsi uzun müddət idi ki, vahid namizəd məsələsində razılığa gələ bilmirdi. Nəhayət, ölkənin aparıcı 6 müxalifət partiyasını birləşdirən “Millət İttifaqı” öz namizədini elan edib - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Klıçdaroğlu.

İYİ partiyasının sədri Meral Akşenər Kılıcdaroğlunun vahid namizəd elan olunmasından sonra “Altılı Masa”nı tərk etsə də, sonradan geri qayıdıb. Onun bu addımı atmasına səbəb isə irəli sürdüyü təklifin qismən təmin olunmasıdır. Razılaşmaya görə, Kamal Kılıcdaroğlu prezident seçiləcəyi təqdirdə, prezidentliyə ən şanslı namizəd olduqları iddia edilən Ankara və İstanbul Böyük Şəhər bələdiyələrinin rəhbərləri – Mansur Yavaş və Əkrəm İmamoğlu vitse-prezident vəzifələrinə təyin olunacaqlar.

Türkiyədə, eləcə də Azərbaycanda və yaxın coğrafiyada maraqla izlənilən seçkilər ərəfəsində siyasi mübarizə şiddətlənir. Türkiyə bu seçki sınağından necə çıxacaq? Türkiyə dövlətinin yaxın tarixdə başında kim olacaq – Ərdoğan, yoxsa Kılıcdaroğlu?

AYNA mövzunu ekspertlərlə müzakirə edib.

“Azəri-Türk Qadınlar Birliyi”nin sədri Tənzilə Rüstəmxanlının fikrincə, Türkiyədə keçiriləcək seçkilər Türkiyə-Azərbaycan münasibətlərinə heç bir təsir göstərməyəcək: “Türkiyənin qəbul edilmiş dövlət ənənələri və siyasəti mövcuddur. Qardaş ölkədə Azərbaycan mövzusuna çox həssas yanaşırlar. Bu mənada kimin iqtidara gəlməsinin Türkiyənin Azərbaycala münasibətləriə hər hansı təsiri olmayacaq. Kamal Kılıcdaroğlu, Meral Aşenər Azərbaycan məsələsində həssasdırlar. Digər müxalifət təmsilçiləri oxşar mövqe nümayiş etdirirlər. Ərdoğan və komandasının isə Azərbaycana münasibəti məlumdur. Cənab Prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla dostluq münasibətləri mövcuddur. Ərdoğanın Azərbaycanla bağlı mövqeyi danılmaz faktdır”.

“Hesab edirəm ki, Türkiyədə baş verən zəlzələ faciəsi seçkilərin nəticələrinə təsirsiz ötüşməyəcək. Qardaş ölkədə yaşanan iqtisadi böhran və sosial problemlər də hakimiyyətin şanslarını zəiflədən amillərdəndir. Bütün hallarda seçkilər gərgin rəqabət şəraitində baş tutacaq”, - deyə həmsöhbətimiz bildirib.

Rüstəmxanlı hesab edir ki, Ərdoğanın qalib gəlmək şansı daha  yüksəkdir: “Hesab edirəm ki, prezidentliyə iddia edən namizədlərin içərisində ən şanslı namizəd Rəcəb Tayyib Ərdoğandır. Onun zəngiz siyasi təcrübəsi var. Türkiyə əhalisi onu sevir və dəstəkləyir. Xalqın içərisindən çıxmış bir liderdir. Eyni zamanda xarizmatik bir liderdir. Məhz onun uğurlu xarici siyasətinin nəticəsidir ki, bu gün Türkiyə dünyada nüfuzlu ölkələrdən və diplomatik oyunçulardan birinə çevrilib. Təbii ki, Türkiyədə keçiriləcək seçkilər qardaş Azərbaycanda da maraqla izlənilir. İnanırıq ki, bu seçkilər Türkiyənin inkişafında yeni mərhələ olacaq. Heç şübhəsiz, son qərarı Türkiyə seçiciləri verəcəklər. Azərbaycan da bu seçimlərə hörmətlə yanaşacaq”.

Politoloq Şahin Cəfərli isə seçkilərdə Kamal Kılıcdaroğlunun şansının daha yüksək olduğu qənaətindədir: “Hətta deyərdim ki, müxalifətin elə birinci turda qalib gəlmək ehtimalı var. Hesab edirəm ki, “Millət İttifaqı”nın iqtidara gəlməsi Türkiyənin siyasi maraqlarına cavab verir. Bunun da öz növbəsində bir çox səbəbləri var. “Altılı masa” elan edib ki, hakimiyyətə gələcəyi təqdirdə bir çox islahatlara gedəcək. İslahatlar paketini də cəmiyyətə təqdim ediblər”.

“Bu sırada parlament sisteminə keçidlə bağlı Konstitusiya dəyişikliklərinin ən qısa müddətə tamamlanması, bu dövr ərzində ittifaqda təmsil olunan partiya liderlərinin vitse-prezident postlarını tutması, Mansur Yavaş və Əkrəm İmamoğlu ilə bağlı da analoji qərarların verilməsi nəzərdə tutulur. Eyni zamanda, büdcə xərclərinin optimallaşdırılması, koalision hökumətin qurulması və digər məqamlar daxildir. Bunlar o deməkdir ki, müxalifətin qalib gələcəyi halda Türkiyədə uzun illərdir mövcud olan birhakimiyyətliliyə son qoyulacaq”, - deyə analitik vurğulayıb.

Müəllif: Azər Niftiyev






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10