On yeddi nəfərin idarə etdiyi təyyarə Pentaqonla daimi bağlantıdadır
Rusiya lideri Putin nüvə silahları üzərində nəzarətə dair “Yeni start” müqaviləsində iştirakını dayandırdığını elan etdikdən sonra ABŞ “Qiyamət günü” təyyarəsini Avropa ölkəsi olan İslandiyaya göndərdi. Bu hava gəmisi nüvə silahlarını idarə etmək üçün güclü texnologiya ilə təchiz edilib və nüvə savaşında uçan komanda mərkəzi kimi istifadə üçün nəzərdə tutulub. Co Bayden administrasiyasının addımı Rusiyanın nüvə təhdidlərinə Vaşinqtonun ciddi reaksiyası olaraq qiymətləndirilir.
Pressklub.az xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi sərəncamında olan 16 belə təyyarədən birinin – “Qiyamət günü” adı verilmiş E-6B Mercury-nin İslandiya hərbi hava limanında endiyini açıqlayıb. Avropadakı Amerika Qoşunları Komandanlığının həmin açıqlamasında təyyarənin məhz “Avropa məsuliyyət zonasında” döyüş keşiyi çəkəcəyi bildirilib.
ABŞ-ın “Boeing” şirkəti tərəfindən Boeing-707 sərnişin təyyarəsi bazasında yaradılmış E-6B Mercury yalnızca hava hücümündan müdafiə sistemləri ilə silahlanmasına baxmayaraq, mümkün nüvə müharibəsində strateji əhəmiyyətə malikdir. Təyyarənin göyərtəsində quraşdırılmış müşahidə və rabitə cihazları ABŞ-ın bütün strateji və taktiki qüvvələri ilə quruda, havada və dənizdə davamlı əlaqəni təmin edir. Cihazlar ən uzaq nöqtələrdə yerləşdirilmiş qitələrarası raketləri də hərəkətə gətirə bilir. On yeddi hərbi operator tərəfindən idarə olunan təyyarə Pentaqonla daimi bağlantıdadır.
E-6B Mercury tipli təyyarə XXI əsrin istehsalıdır, yükgötürmə qabiliyyəti 155 tondur. Dörd mühərrikli təyyarənin birdəfəlik uçuş məsafəsi təxminən 12 min kilometrdir, lakin havada yanacaq doldurarsa, həftələrlə səmada qala bilir. Nüvə partlayışının doğurduğu elektromaqnit impulsuna dözümlüdür.
“Qiyamət günü” təyyarəsi fevralın 28-i və martın 1-i də göydə görünüb. Ancaq ABŞ Hərbi Hava Qüvvələrində (HHQ) təkidlə bildiriblər ki, bunun prezident Putinin bəyanatı ilə əlaqəsi yoxdur. HHQ-nin nümayəndəsi Britaniya qəzetlərindən birinə deyib: “Bu təyyarə həm operativ, həm də təlim uçuşları yerinə yetirir. Bununla bağlı o, Birləşmiş Ştatlarda da, dünyanın müxtəlif yerlərində də uçuşlar həyata keçirə bilər. 28 fevral uçuşu adi döyüş uçuşu idi, onun dünyanın başqa yerlərində baş verənlərlə əlaqəsi yoxdur”.
Pentaqonun müdafiə nazirinin müavini Kolin Kal isə bildirib ki, Moskva nüvə silahlarının sonsuz yarışında iştirak edə bilmir.
Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin Ukraynaya çatdırılan silahlara nəzarət məsələsinə həsr olunmuş iclasında Kal deyib ki, Moskva Administrasiyası nüvə sazişinə dair qərarını çox “maraqlı” şəkildə ifadə edib: onu müqaviləni “tərk etmək” deyil, müqavilədə iştirakını “dayandırmaq” adlandırıb: “Düzünü desəm, Rusiya nüvə silahlarının sərhədsiz yarışında iştirak edə bilmir. Bunun üçün pulları yoxdur, müharibənin ordu üzərində yükü, ixrac nəzarətinə qarşı sanksiyalar da xüsusi nəzərə alınmalıdır”.