Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ankaradan Stokholma “yox” cavabı və ya Türkiyənin “can damarı” – Qərb narahatdır


“Ərdoğan Rusiya ilə əlaqələri dərinləşdirmək planlarına görə İsveçin NATO-ya müraciətini əngəlləyir”

Qərbin əsas gündəmlərdən biri Finlandiya və İsveçin NATO üzvlüyünə qəbulu məsələsidir. Finlandiyanın Alyansa qəbulunda dərin problem yaşanmasa da, bunu İsveçə aid etmək olmaz. Çünki NATO-nun əsas gücü olan Türkiyə İsveçin üzvlüyü barədə tələblər irəli sürüb. Bu tələblər isə hələ ki, yerinə yetirilməmiş qalır.

Bəllidir ki, Türkiyənin İsveçdə terrorçulara sığınacaq verməsi ilə bağlı iddiaları Stokholmun NATO-ya daxil olmasının qarşısını alan cəbhədir. Rəsmi Ankara hesab edir ki, İsveçdə sığınan PKK terrorçuları Türkiyəyə təhvil verilməlidir ki, Stokholm bu istəyə “hə” demir.

Xatırladaq ki, 2022-ci ilin iyulunda NATO-ya üzv ölkələr İsveç və Finlandiyanın üzvlük protokollarını imzaladılar. NATO-ya üzv olan bütün ölkələr üzvlük protokollarını ratifikasiya etdikdən sonra bu dövlətlər Alyansın bir hissəsi olacaqlar. Hazırda İsveç və Finlandiyanın Alyansa üzvlüyü Macarıstan və Türkiyə tərəfindən ratifikasiya olunmayıb. Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ankara hazırda İsveçin NATO-ya üzvlük müraciətinə mənfi baxır.

Qərb ekspertləri hesab edirlər ki, Türkiyənin İsveçin Alyansa daxil olmasını əngəlləməsi Ankaranın Moskva ilə isti münasibətlərindən irəli gəlir.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz siyasi reytinqi naminə İsveçi Alyansa buraxmaqdan imtina edir və Rusiya ilə iqtisadi əlaqələri dərinləşdirməyi planlaşdırır. Bu da Ankaranın irimiqyaslı zəlzələlərdən xilas olmasına kömək edə bilər”, - deyə CNN müşahidəçiləri hesab edirlər.

Vaşinqtondakı ABŞ-ın Yaxın Şərq İnstitutunun tədqiqatçısı Könül Tol məsələni belə izah edib: “Ərdoğanın türk xalqı üçün nəticələr əldə edən güclü insan obrazı zəlzələlərin dəhşətli nəticələri ilə darmadağın oldu. İqtisadi baxımdan Rusiya Türkiyənin “can damarı” olub və indi Ərdoğan zəlzələdən sonra kütləvi yenidənqurma işləri vəd edir. Beləliklə, Rusiya hələ də Ərdoğan üçün cəlbedici tərəfdaşdır. Ərdoğan Rusiya ilə əlaqələri dərinləşdirmək planlarına görə İsveçin NATO-ya müraciətini əngəlləyir”.

Analitikin fikrincə, Ərdoğanın NATO ilə bağlı xarici siyasəti Türkiyədə anti-Qərb əhval-ruhiyyəsini dəstəkləyənlərin maraqlarına xidmət edir: “Halbuki ölkədə belə düşüncəli insanların sayı hər gün artır. Lakin hər şey son illərdə Ərdoğan üçün ən böyük siyasi təhlükə olan növbəti prezident seçkilərinin nəticələrindən asılı olacaq”.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü Çağrı Erhan bildirib ki, Türkiyə Amerika F-16-larını almaqdan imtina edə və onların rus qırıcıları ilə əvəzlənməsi variantlarını nəzərdən keçirə bilər. Erhan qeyd edib ki, Konqres müxtəlif bəhanələrlə bu “köhnəlmiş və rəqabət qabiliyyəti olmayan” F-16-ları Türkiyəyə verməkdən imtina edir.

“Türkiyənin proqramdan gözləntiləri var idi. İndi başqa variantlar var, məsələn, Pakistana satılan Çin təyyarələri, Rusiya təyyarələri, həmçinin “Eurofighter” qırıcısı”, - deyə o bildirib.


Yanvarın sonunda Ankara Vaşinqtonu qırıcı təyyarələrin tədarükü ilə bağlı öhdəlikləri pozmaqda ittiham edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə həmişə sözünün üstündə durur və eyni şeyi tərəfdaşlarından da gözləyir.


Türkiyədə əksər analitiklər isə hesab edirlər ki, Ankaranın Stokholmdan tələbləri yerindədir. Ekspertlərin qənaətincə Türkiyənin milli maraqları təmin olunmalı, PKK terrorçularını barındıran İsveçrə NATO-da müttəfiq olmaq istəyirsə, o zaman Ankaranın tələblərinə müsbət yanaşmalıdır.


Müəllif: Turan Abdulla






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10