Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rusiya Xəlfəlidə qan saldı - Qarabağda əbədi qalmaq istəyənlərə “von” demək zamanı


Qarabağdakı separatçı rejimin, terrorçu silahlı dəstələrin Xankəndi-Laçın yolundan heç də asılı olmadıqları çoxlarına bəlli idi. Bu barədə hətta oyuncaq qurumun keçmiş “dövlət naziri” Ruben Vardanyan özü xarici mediaya müsahibəsində demişdi: “Bizim həyat yolumuz var”.

Martın 5-də baş verənlər də təsdiqlədi ki, separatçı-terrorçu rejim Xankəndi-Xəlfəli-Turşsu marşrutu üzrə istədikləri yükləri, o cümlədən silah-sursatı daşıyıblar Ermənistandan. Eləcə də dekabrın 12-sindən Şuşa yaxınlığında ekofəalların dinc aksiyası başlayandan sonra İrəvanda beynəlxalq qurumların ofisləri qarşısında sülənən Artak Beqlaryanın, yaxud bu ilin əvvəllərində Rusiyaya səfər edən Araik Arutyunyanın, Ruben Vardanyanın hansı marşrutla Xankəndiyə gedib-gəldikləri də bəlli oldu. Bu yol haqda hələ 44 günlük müharibədən bir müddət sonra hərbi ekspert Ədalət Verdiyev, həmçinin ehtiyatda olan polkovnik Azay Kərimov və digərləri də danışmışdılar, tədbir görülməsi zərurətindən bəhs etmişdilər. Güman ki, dövlətimizin müvafiq qurumları da həmin yola müvəqqəti nəzarət edən Rusiya hərbi kontingentinə müraciətlər ünvanlayıblar, amma son hadisə sübut etdi ki, 10 noyabr 2020-ci il öhdəliklərinə əməl etməyən təkcə Ermənistan deyil, həm də Rusiyadır! Bəli, töküllən qanlar həm də Rusiya hərbi kontingentinin öz missiyasını icra etməməsinin məntiqi nəticəsidir! Belə olan təqdirdə rus hərbçilər Qarabağda niyə qalmalıdır?!

Xankəndi-Laçın yolunda Rusiya sülhməramlıları mövqelərini geri çəkib

İlk günlərdən Azərbaycanın yüksək səviyyəli dövlət rəsmiləri bəyan etdilər ki, Laçın-Xankəndi yolundakı magistralı Azərbaycan yox, Rusiya hərbçiləri kəsib! Ötən 85 gündə azərbaycanlı fəalların yük və ya minik avtomobillərini geri qaytarması, yaxud erməni sakinlərə qarşı zorakılığı haqda bircə fakt qeydə alınmayıb. Belə çıxır Rusiya hərbi kontingenti Xankəndi-Laçın yolunu ona görə kəsib ki, alternativ yolda intensiv hərəkəti təmin etsin, Azərbaycanın diqqətindən kənarda istədiklərini reallaşdırsın, təbii ki, böyük miqdarda rüşvət qarşılığında. Rus hərbçilərin talanan qızıl, mis, molibden mədənləri hesabına böyük miqdarda pullar qazandığı, həmçinin “Laçın dəhlizində vəziyyətin təhlükəli” olması “səbəbindən” Xəlfəli tərəfdən gediş-gəlişi məhz iri məbləğdə pullar hesabına təmin etdikləri barədə xəbərlər çoxdan dövriyyədədir. Rusiyanın hərbi kontingenti iki xalqın fəlakətindən, qarşıdurmasından, tökülən qandan da pul qazanır, belə bir kontingent dərhal ölkəmizi tərk etməlidir!

Lavrov Bakıda nədən danışıb? - 24.06.2022, Sputnik Azərbaycan

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda olarkən Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılmasının nəzərdə tutulmadığını söyləməklə erməni separatçı-terrorçu rejiminin ağzına sümük verdi. Ardınca general Volkovun ötən il danışdığı nağılı təkrarladı ki, “dəhlizdən təyinatı üzrə istifadə edilməsi barədə şübhələri texniki vasitələrlə aradan qaldırmaq mümkündür”. Beynəlxalq hüquqa çoxdan yadırğayan Rusiyanın baş diplomatı təkcə təklifinə görə haqq etdiyi cavabı almalı idi. 9-10 noyabr gecəsi, ekstremal vəziyyətdə imzalanan sənəddə çox şeylər olmaya bilər. Bu, bir çərçivə sənədi idi, imzalandı ki, müharibə dayansın, Ermənistan aldığı dərsdən nəticə çıxartsın. Hansı müharibələrin sonunda tərəflərdən biri – xüsusən də məğlub tərəf – digər, qalib ölkənin ərazisinin içərisində “ordu” saxlayır, yaxud o ölkənin ərazisinin içərisinə 100 km maneəsiz gedib-gəlmək imkanı qazanır? Yaxud bir ölkə öz ərazisinə gedib-gələnləri niyə hansısa müşahidə kameraları ilə, kənardan izləmək “hüququ”na malik olmalıdır? Lavrov bu sözləri deyərkən əslində erməni soydaşlarına “qorxmayın, yanınızdayıq” mesajını verirdi və “arxalı köpəklər” martın 5-də - Lavrovun dediklərindən bir həftə sonra - onun təqdim etdiyi “həll variantı”na uyğun davrandılar, araya qan töküldü...Beləliklə, Lavrovun Bakıya gələrkən çantasında nə gətirdiyi məlum oldu.

Avropa İttifaqı: Xocalıda baş tutan görüş ümidvericidirMartın ilk günündə Xocalıda avropalı Klaarın dediyi kimi “ümidverici” görüş baş tutmuşdu. Azərbaycan dövlətinin məsul şəxsləri növbəti dəfə humanist davranaraq Xankəndidən gəlmiş separatçılarla sadəcə sakinləri olaraq görüşmüşdülər, proseslərin dinc şəkildə tənzimlənməsi, reinteqrasiya məsələləri müzakirə olunmuşdu, eyni zamanda Ağdərədəki faydalı qazıntı yataqlarına baxış keçirilməsi barədə razılıq əldə olunmuşdu. O zaman ehtimal etmişdik ki, radikallar, terrorçu qüvvələr, o cümlədən ofsayd vəziyyətində qalmış Ruben Vardanyan dəstəsi, eyni zamanda məsələlərin tezliklə bitməsini istəməyən, özünün Qarabağda əbədiliyini təmin etməyə çalışan Rusiya hərb maşını gərginliyi tətikləyəcək. Hətta yaxın günlərdə qanlı hadisələrin baş verə biləcəyini proqnozlaşdırırdıq. Sonrakı günlərdə görüşdə iştirak edən ermənilərin təhdidə məruz qaldığı haqda xəbərlər yayıldı, daha sonra separatçı rejim yenə də Azərbaycanın tərkibində yaşamağın qeyri-mümkünlüyü barədə sərsəm bəyanatlarını yenidən tirajladı. Ən nəhayət, Xəlfəli yolun ilə növbəti silah-sursat daşımasını həyata keçirməyə cəhd göstərərkən cavablarını aldılar.

c989d9c3-40e9-45a2-a795-862549931738.jpg (72 KB)

Amma məsələ bununla bitməməlidir, sözsüz ki. Azərbaycan Müdafiə Nazirliyinin kəskin mövqeyi, “Azərbaycan tərəfi Rusiya sülhməramlı kontingentinin komandanlığının diqqətinə çatdırır ki, üçtərəfli bəyanatın bəndlərinin yerinə yetirilməsi qeyd-şərtsiz və tam təmin edilməlidir”-xəbərdarlığı, Azərbaycan XİN-in “qanunsuz erməni silahlı birləşmələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”-tələbi onu göstərir ki, artıq rəsmi Bakının səbri tükənib, bundan sonra da Rusiya-separatçı rejimin birgə oyunlarına dözmək niyyətində deyil!

Azərbaycan XİN-dən tarixi qərarla bağlı - AÇIQLAMA - FOTO

Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin yaradılması məsələsinin 10 noyabr sənədində nəzərdə tutulmadığını bəyan edən Rusiya rəsmiləri unutmamalıdır ki, Rusiya hərbi kontingentinin statusu da bəlli deyil. Nə 10 noyabr sənədi Azərbaycan parlamentində ratifikasiya olunmayıb, nə də rus hərbçilərin statusu tanınıb, yəni havadan asılıdırlar faktiki olaraq. Deməli, Azərbaycan 28 aydır erməni silahlı birləşmələrinin Qarabağdan çıxarılmasını təmin etməyən Rusiya hərbi kontingentinin özünün dərhal ölkəmizin ərazisindən çıxarılması barədə həm qanunvericilik, həm də ictimaiyyət səviyyəsində tələb irəli sürə, qərar qəbul edə bilər. Ruslar bizə alternativ qoymadılar. Laçın yolunu bağlamaqla Azərbaycanı beynəlxalq təşkilatlar və ayrı-ayrı paytaxtlarla üz-üzə qoydular, əslində isə ermənilər üçün alternativ marşrutlar təşkil edərək ikili oyun oynadılar. Xəlfəli yolunda qanlı toqquşma baş verən gün Laçın yolu ilə onlarla maşın keçib. Ruslar həmin yük maşınlarında nə daşıyıblar, bilən yoxdur. Ekofəalların aksiyası təşkil olunandən bəri 3 mindən çox yük maşını keçib həmin yoldan. 20-25 min erməni üçün nə daşıyırlar belə?

Lavrovun bölgəyə səfəri: Laçın yolunda keçid məntəqəsi qurulur? - Sabiq  nazir açıqladı

Qarşıdakı günlərdə Azərbaycan Laçın yoluna Həkəri çayı üzərindəki körpüdən nəzarəti ələ almasa, bu xəmir çox su aparacaq... Biz bunların Qarabağa gəlişinə ona görə razı olmadıq ki, 2023-cü ildə də şəhid verək!!!

Missiyasına əməl etmək əvəzinə, nəzarətindəki terrorçuları himayə etməklə Qarabağda əbədi qalmaq istəyənlərə “von” demək zamanı çatdı...

Elşad Paşasoy,

Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10