Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kazinolardan gələn təkliflər, rədd edilən milyonlar... - O, niyə bunlara “yox” dedi?


Bu gün bir zamanlar “Çalıkuşu” filmi ilə ürəklərimizi fəth eləmiş və yaddaşlarımızda da elə Fəridə obrazı ilə qalmış möhtəşəm gözəlin, aktrisa Aydan Şenerin 60 yaşı tamam olur. 

“Göz önündə” rubrikasında Aydan Şenerdən bəhs edirik

O, 1963-cü il martın 1-də Qaziantepin Kilis rayonunda ziyalı ailəsində doğulub. Əslən Krım tatarıdır. 1 yaşı olanda ailəsi Bursa şəhərinə köçüb və Aydan orda böyüyüb. 

18 yaşı olanda məşhur aktrisa olan xalası Harika Avçının təkidilə gözəllik yarışmasına qatılır və Türkiyə gözəli seçilir. Eyni ildə Dünya Gözəllik Yarışmasında Türkiyəni təmsil edir. Bir müddət model kimi fəaliyyət göstərdikdən sonra “Kiçik ağa” serialı ilə kinoda debüt edir. 

Əsl şöhrətə 1986-cı ildə, 23 yaşında olarkən qovuşur. Kenan Kalav ilə tərəf müqabili olaraq çəkildiyi “Çalıkuşu” çoxseriyalı bədii filmi Aydan Şenerə dünya şöhrəti qazandırır. Hər kəs filmdən çox bu gözəl qızın duru, məsum simasından danışırdı. 

Aydan Şenerə qədər eyniadlı filmdə Fəridə obrazına Türkan Şoray oynamışdı, Aydandan sonra Fahriye Evcen bu rolu ifa etdi, amma kimsə onun yerini tuta bilmədi.

Gözəl aktrisaya Türkiyənin ən nüfuzlu kazinolarından təkliflər gəlsə də, o milyonları əlinin arxasıyal geri itələyir, cazibədar təkliflərə “yox” deryirdi.

1988-ci ildə gözəllər gözəli futbolçu Ayhan Akbinlə evlənir və bu evlilikdən Ecem adlı qızı doğulur. Ailə həyatı uzun sürmür, onlar 4 il sonra boşanırlar. Aydan bir daha heç kimlə ailə qurmur. Aydan Şenerin qızı Ecem hazırda aktrisa kimi fəaliyyət göstərir. Ona anasının əsrarəngiz gözəlliyi qismət olmayıb, atasının üz cizgilərini mənimsəyib.

Aydan Şenerin qızı Ecem və keçmiş əri

 

Aydan Şenerin adı bütün gözəllər kimi sevgi romanlarında, qalmaqallarda hallanmadı. O, buna yol vermədi. Yalnız bir dəfə kinorejissor, prodüser Burak Törerlə sevgili olması barədə xəbərləri çıxdı. Cütlük evlənəcəyini bildirsə də, sonralar Aydan səbəb göstərmədən sevgilisindən ayrıldı. Heç bir zaman onun haqqında pis söz demədi, polemikalara girmədi. Bir qədər sonra Burak Törer Aydan Şenerin ən yaxın dostu Gülben Ergenlə birlikdə görüntüləndi. Aydan isə onlara sadəcə xoşbəxtlik diləməklə kifayətləndi.

Bikinili pozlarıyla hər kəsi möhtəşəm bədən quruluşu ilə heyrətləndirən aktrisa verdiyi müsahibələrində qadınların 40 yaşdan sonra daha da gözəlləşdiklərini deyib.

“Yaşımı özümə dərd etmirəm. Önəmli olan rəqəmlər deyil, o yaşda mənim özümü necə hiss etməyim, necə görünməyimdir. Yalnız türk ölkələrində yaşı dərd edirlər. Bu xoşuma gəlmir. Ömür o qədər qısadır ki, onu yaşlanma qorxusu ilə yaşamaq istəmirəm.” deyib. 

Duru gözəlliyini qoruyub saxlayan aktrisa üzündə zərif toxunuşlar etdirsə də, estetik əməliyyatların tərəfdarı olmadığını bildirib.

“Dolqu üzü böyüdür. Bütün qadınların əkiz kimi bir - birinə bənzəmək istəyini anlamıram. Fərdi cizgilərimiz olmalıdır. Yeməyimə, idmana diqqət edərək görünüşümü qoruyuram. Dərimin gözəlliyinə üzdən deyil, daxildən müdaxilə edirəm. İçində kibr, qısqanclıq, paxıllıq olan insan gözəl ola bilməz. Buna əminəm. Ruhun dincdirsə, dərin də gözəl olacaq” deyə o bildirib.

O gündə cəmi bir dəfə yediyini, səhərləri südlü kofe içdiyini, əsasən balıq və salatlarla qidalandığını söyləyib.
“Özünüzü necə xarakterizə edərsiniz?” sualını belə cavablandırıb:

“Zərif görünsəm də, çox güclü qadınam. Boş danışan, dedi - qodu edən adamlardan uzaq dururam. Əlçatmaz deyiləm, sadəcə insanlarla dərhal ünsiyyət qura bilmirəm, utanqac xarakterim var. Çox qürurluyam. Doğru bildiyim şeylərdən vaz keçmirəm”  

Lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10