Üç böyük ərəbin – Cibran Xəlil Cibran, Mihail Naima və Əmin ər-Reyhaninin uca ruhuna
Əgər sən işıq deyilsənsə, qaranlığın da sənin qədər dünyaya gərək olduğunu haradan biləsən?!
Əgər sən kölgəsənsə, kölgələr dalınca sürünəcəksən! Əgər sən daşsansa, döşəndiyin yolda ayaqlar altda qalarkən qürurunun tapdandığına sınma, hörüldüyün divarda isə soyuqluğunla yox, hələ torpaq ikən yoğurulduğun istiliyinlə nəfəs al! Əgər sən kərpic deyilsənsə, ustanın əlinə taraz və şaqul düzlüyünü necə öyrədə bilərsən?!
Əgər sən sıldırımsansa, qartalların dimdiyində dərələrinin daşından gətirsin dünyanın ən cəsur insanlarına qaşında yurd salmağa!
Əgər sən məbədsənsə, bəs ətrafında səndən hündürə qalxan bu divarlar nədir?!
Əgər sən məbəd deyilsənsə, sənin qapını kim açacaq?!
Əgər sən hasarsansa, gərək doğmalar və dostlar arasından sökülə-sökülə yadlar və düşmənlər arasında yox olasan!
Əgər sən tufansansa, yıxacağın ağacların yanındakı pöhrələri qoru!
Əgər sən ağac deyilsənsə, çiçəyin kökünü tanımayacaq!
Əgər sən çiçəksənsə, meyvəndən yayılan ətrin ruha, ruhdan sənətə, oradansa milyonların duyğularına süzüləcək!
Əgər sən saz od tutuban yananda qırılan simin son səsi olmasan, Kainatın əbədi musiqisini canında necə oyandırarsan?!
Əgər sən söz deyilsənsə, dilin üstündə yox, altında bitəcəksən!
Əgər sən duasansa, itaət dəllallarının hördüyü bütün sədləri-ehkamları sındırıb İnsan-Tanrı vəhdətinin "laməkan” məqamından sədalanmalısan!
Əgər sən ana südü deyilsənsə, körpə dodağının ləzzətini necə duyacaqsan?!
Əgər sənin körpəliyin bütün həyatında yeriməsə, sən qocalıncayadək böyüyə, təpərli addımlar ata bilərsənmi?!
Əgər sən ərənliyində fatehliyini, fatehliyində tül zərifliyini qorumasan, itirdiyin hər qarış torpağınla cırtdanlaşacaqsan!
Əgər sən çörəyin ətrini içində boğan təndir olsan, heç bir qadının əlinin hərarətini özündə saxlaya bilməyəcəksən?!
Əgər sən çörək deyilsənsə, – istər sənə and içsinlər, istər tapdalasınlar, – olan-qalan heyini də qazmaq olmadığını sübut etməyə itirəcəksən!
Əgər sən gücsənsə, zəiflər üzərində hökmranlığını yox, meydan
Əgər sən xəncərsənsə, bir üzün başqasını kəsəndə, bir üzün də özünü kəssin!
Əgər sən odlu silahsansa, tətiyin Həqiqətə gərək and içsin ki, güllən də cana məlhəm olmaq üçün sancılsın!
Əgər sən kəndirsənsə, onda özünü asan yeniyetmənin əlində, hamilə gəlinin biləyində sarmaşıq tək çiçəklən! Əgər sən palçıqsansa, gərək tezcə quruyub toza dönəsən, leysanları içib torpağa çevriləsən!
Əgər sən torpaq deyilsənsə, hər bir toxumla yenidən doğulduğunu və hər bir toxumun səndən özünü doğduğunu bilməyəcəksən!
Əgər sən toxumsansa, yerüzünə yayıldıqca, göyüzünə də suvar buludlarını çəkməlisən!
Əgər sən budaq deyilsənsə, səndən qopan hər yarpağı necə yadında saxlaya, onun taleyini yeni yarpaq nəsillərinə necə danışa bilərsən?!
Əgər sən dünyanın odunda sönsən, tüstüsündə yanacaqsan!
Əgər sən Günəşdən doğsan, Günəş də səndən doğacaq!
Əgər sən anasansa, bütün evlərdə sənin övladlarının, əgər sən övladsansa, bütün evlərdə sənin anan olduğunu bilməlisən!
Əgər sən başçısansa, milyonların sırasında sonuncu dayananı da özünə tay, özünlə çiyin-çiyinə görməli, milyonları birləşdirən əl olmalısan!
Əgər sən vətəndaş deyilsənsə, – nə qədər kənara çəkilsən, nə qədər boynundan atsan da, – ölkənə bütün çatışmazlıq, yaramazlıq və fəlakətləri axıdan xəndəksən!
Əgər sən xəlvətcə oğurlayırsansa, özün də xəlvətcə oğurlanırsan, oğurlandıqca yoxalır, paralarının çoxluğunda yalavac, imarətlərinin bolluğunda evsiz-eşiksiz qalırsan!
Əgər sən cəngəllik ilanısansa, səni tapdalayanların özünün ilan olub-olmadığını müdrik səhra ilanlarından öyrən!
Əgər sən ocaq deyilsənsə, külün közünü qorumayacaq!
Əgər sənin Tənhalığına dünyalar sığmırsa, həmişə Təksən!
Əgər sən yolsansa, kahinlərin əsasından çox, korların çəliyini dinləməlisən!
Əgər sən su deyilsənsə, haradan biləsən ki, səni yaşıl vadilərdəki çəmənlik və pöhrəliklərdən çox, yağmursuz çöllərin bitkiləri, ilğım-səhraların bir-birinə sıxılıb təngiyən kolları gözləyir?!
Əgər sən çaysansa, gərək Fərat olub məcnun divanəliyi ilə dünyanın susuz Kərbəlalarını axtarasan! Əgər sən sinəsənsə, bir ürəyin yarısının səndə, yarısının sevgilində olmasından həzz al!
Əgər sən ürək deyilsənsə, qan dolu kasadan nə fərqin var?!
Əgər sən qansansa, Kainatın damarlarında da canda axdığın tək ax! Əgər sən göz deyilsənsə, səninlə hamı özündən başqa hər nəsnəni və hər kəsi görəcək!
Əgər sən əl deyilsənsə, demək, səni hər an əlləri qandallayan zəncirə çevirə bilərlər! Əgər sən zəncir deyilsənsə, səni göyərçinlər belə dimdikləri ilə açıb azadlığa yetirər! Əgər sənin ayaqların tikanlıqlarda qanaq-qanaq olsa da, Qanun və Ədaləti tapdamamaq və tapdalandırılmamaq əzmi göstərsə, dizlərin də onların qarşısında qatlanmaqdan iftixar duyacaq!
Əgər sən əlində bayraq dalğalandırırsansa, onda ürəyində də, əməllərində də onu yaradanların ideallarına və yaşadanların ümidlərinə sədaqətli olmalısan!
Əgər sən idealsansa, yabançı şitilliklərdə yetişdirilib mənəviyyat torpağına köçürülməməli, özün onun münbit qatında rişələnməlisən!
Əgər sən müqəddəs kitabsansa, nədən sənin hər səhifəndən hər kəs özünə bir məfkurə yapıb və onun əlinə həm məşəl, həm gürz verib?! Əgər sən məşəlsənsə, qarşındakı dolanbac yollara işıq tutursan, yoxsa işıqlı elləri yandırıb zülmətə qərq edirsən?!
Əgər sən dinsənsə, əzəmətin – tapınaqlarının ehramlaşmağında, zərlənib-altunlaşmağında deyil, könülləri ucaltmağında, canları nurlandırmağındadır!
Əgər sən fəlsəfəsənsə, idrakın bütün liflərindən, mədəniyyətin bütün toxumalarından özünə topladığın enerjini niyə orda-burda dağıdır, atomik gücündə hərəkətə gətirmir, özünüinkarınla dünyanı təsdiqindən yayınırsan?!
Əgər sən dağ deyilsənsə, eniş-yoxuşlarındakı çalın-çarpaz cığırların birləşib zirvənə gedən yolu tapmayacaq, azıb-itəcək, qırçınlarındakı hər yüksəkliyin özünü zirvə sayacaq!
Əgər sən dənizsənsə, balıqların kimi gəmilərini də, dənizçilərini də niyə qorumayasan?!
Əgər buludla küləyin dostluğundan sənin xəbərin yoxsa, hara əsdiyini bilməyəcəksən!
Əgər sən xəfif yellərdən belə uçuqları titrəyən, yağışlardan çox göz yaşlarından ovulan xarabalıqsansa, üstündə göyərmiş otlardan yeni bir həyat başlasın deyə oyan!
Əgər sən beşik deyilsənsə, laylalarını əmən bütün doğmalar bir-birinə yadelli olacaq, yağı kəsiləcək, həyat nəğmələrini ölüm marşına çevirəcəklər!
Əgər sən qəbiristanlıqsansa, səndə dəfn edilmiş ölülərin və dirilərin məzarları ilə danışdığın dilin sirrini özündən başqa anlayanların da olduğuna inan! İnan ki, sən ölülərinlə – son, dirilərinlə – başlanğıcsan!
Əgər sən arısansa, ilahi nizamla qurduğun şanlarından necə birindəkinə bal, o birindəkinə zəhərtək baxa bilərsən?!
Əgər sən quş deyilsənsə, yuvanda həmişə yad yumurtalardan balalar çıxacaq, qanadlarını palaztək sürüyəcək, qu səfini düz ovçunun tüfəngi üstündən keçirəcəksən!
Əgər sən yuvasansa, ağacların koğuşu, sıx budaqların gizlini, məbədlərin damı özü səni axtaracaq!
Əgər sən nəsilsənsə, qoy sərvətlərin zənginlik qaynağıtək təkcə nəvə-nəticələrinin deyil, min qat uzaqların da halalı olsun!
Əgər sən bəşəriyyətsənsə, niyə artır, fəqət böyümürsən?!
Əgər sən tənqid etdiklərinin sırasında özün sonuncusansa, hətta yoxsansa, demək, yüksək status iddialarında birinciliyə haqqın çatmayacaq!
Əgər sən ətrafını mədhiyyəçilərin və alqışçılarınla çevrələyibsənsə, haçansa mütləq onların sıxlaşıb-daralmasında darılıb-boğulacaqsan!
Əgər sən mən deyilsənsə, mən sən deyiləmsə, – biz heç kimik!
Əgər sən nəfəssənsə, kəsiləndə, heç olmasa, insanın içində bir udum qal – həyatın son payı kimi!
Əgər sən insansansa, uzaqgörənliyindən müdrikliyinə, müdrikliyindən mütəfəkkirliyinə, mütəfəkkirliyindən peyğəmbərliyinə, peyğəmbərliyindən avatarlığına yüksəldiyin qatlardan bircə dəfə də en və son dəfə tək-tək yox, bütün Bəşəriyyət tək qalx!
Əgər sən Tanrısansa, ətəyini yox, əlini mənə ver!
Rahid Uluselin