Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qarabağda ermənilərin köhnə “dövlət naziri” necə getdi və yenisi kimdir?


Nersisyan Vardanyanın bəyanatlarının yerli əhaliyə ziyan gətirdiyini yazmışdı…

Xəbər verildiyi kimi, Qarabağda separatçı erməni icmasının yaratdığı qurumun “dövlət naziri” Ruben Vardanyan vəzifəsindən azad edilib və onun yerinə bu qurumun “baş prokuroru” Qurgen Nersisyan təyin edilib. 

Bu, necə baş verib və yeni “dövlət naziri” kimdir?

“Hökumətdə” dəyişikliyi elan etdiyi iclasda “prezident” Araik Arutunyan bildirib ki, Vardanyan öz vəzifəsində cəmi 4 ay işləyib. Bu müddətdə Vardanyanın “həm Artsaxın beynəlxalq səviyyədə tanınması, həm də blokada zamanı bir çox daxili problemlərin həlli sahəsində səylərini” Arutunyan yüksək qiymətləndirib.

Arutunyanın sözlərinə görə, birgə işlədikləri vaxtda o, hər gün Vardanyanla əlaqədə olub, “yaranmış vəziyyət və qərarlar barədə fikir mübadiləsi aparıb”. “Prezident” həmçinin “həmişə həm bir dost, həm də tərəfdaş kimi məsuliyyəti maksimal dərəcədə onunla bölüşməyə çalışdığı, konstitusiya normalarına istinad edərək, bütün yükü onun üstünə atmağa səy göstərmədiyi üçün” indi işdən çıxardığı keçmiş “dövlət nazirinə” təşəkkürünü bildirib. 

Bəs onda Arutunyan belə qiymətli kadrdan niyə imtina edib? Qərarının əsl səbəblərini o, açıq söyləməyib. Yalnız deyib ki, Vardanyan vəzifəyə təyin ediləndə “şərait hazırdakından xeyli fərqli olub”, “Qarabağın azərbaycanlılar tərəfindən blokadası Vardanyan hökumətinin proqramında olan bütün planlara maneçilik yaradıb” və əlavə edib:

“Bizim hamımızın və dövlətin müqavimətini bütün mənalarda sarsıtmamaq üçün mən Ruben Vardanyanı vəzifəsindən azad etmək barədə qərar qəbul etdim”. 

Arutunyan əminliyini bildirib ki, “Ruben Vardanyan Qarabağda qalacaq və öz aktiv ictimai fəaliyyəti və səyləri ilə onun inkişafına xidmət edəcək. Bizim şəxsi münasibətlərimiz yüksək səviyyəsini saxlayır və mən dövlət orqanlarının və vəzifəli şəxslərin cənab Vardanyanla fəal əməkdaşlığına böyük əhəmiyyət verirəm,.. çünki o, vətənə sədaqət göstərib və Artsaxın bütün erməni xalqı üçün vacibliyini dərk edir”. 

Lakin Arutunyan “xarici siyasət məsələlərində Vardanyanla fikir ayrılıqları” olduğunu etiraf edib.

Bundan sonra Arutunyan “baş prokuror” Qurgen Nersisyanın “peşəkar və insani keyfiyyətlərini, professionallığını, ədalətliliyini, prinsipiallığını və vətənpərvərliyini nəzərə alaraq”, onu yeni “dövlət naziri” vəzifəsinə irəli sürüb. Elan edib ki, bundan sonra “güc strukturları və xarici işlər nazirliyi istisna olmaqla, bütün dövlət orqanlarını dövlət naziri” idarə edəcək. 

Nersisyan 12 il prokurorluq orqanlarında işləyib, 5 il elmi-pedaqoji fəaliyyətlə məşğul olub. Arutunyan onun “2016 və 2020-ci illərdə Azərbaycanın Qarabağdakı hərbi cinayətlərinə dair faktların toplanması” sahəsində gördüyü işləri xüsusilə yüksək qiymətləndirib. İlin əvvəlində Nersisyan “dövlət naziri” Vardanyanın bəyanatlarının yerli əhaliyə ziyan gətirdiyini yazmışdı: “Dövlət işi ehtiyatlılıq və öz sözlərinə, hərəkətlərinə görə yüksək məsuliyyət tələb edir.

Erməni KİV-i yazdığına görə, Nersisyanın namizədliyini Ermənistan prezidenti Nikol Paşinyan dəstəkləyib. 


Xatırladırıq ki, ötən həftə Münhendə plenar iclasda çıxışında Azərbaycan prezidenti Qarabağdakı erməni icması ilə danışıqların mümkünlüyünə işarə etmişdi, ancaq bunun yalnız Vardanyan oradakı “vəzifə”sindən getdikdən sonra reallaşa biləcəyini söyləmişdi. /Pressklub






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10