"Son illər ölkəmizdə tikilən çoxbərtəbəli binalar dövrün tələblərinə tam cavab verir. Hətta 8-9 ballıq zəlzələyə belə davamlıdır''.
Bu sözləri Xəzər TV-yə müsahibəsində Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin rəisi Təyyar Hüseyinli deyib.
Onun sözlərinə görə, Türkiyədə baş vermiş zəlzələdən sonra Bakı sakinləri arasında narahatlıq yaranıb. Ancaq bu narahatlığa heç bir lüzum yoxdur.
Bəs son illərdə həm yeni, həm də köhnə binaların vəziyyəti yoxlanırmı?
Təyyar Hüseynli deyir ki, mütəmadi olaraq monitorinqlər aparılır. Hətta bir neçə il əvvəl istismar aktı verilmiş binalarda da təkrar yoxlama aparmaq mümkündür. Dayaqlarında hər hansı bir nöqsan aşkar edilən və ya qəzalı vəziyyətə düşən binaların siyahısı hazırlanıb rayon icra hakimiyyətləri ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilir. Bəs yeni inşa edilən binaların zəlzələyə davamlılığı necə yoxlanır?
Bildirilib ki, bina tikintisində keyfiyyətli materiallardan istifadə olunması da çox önəmlidir. Bina tikilməzdən əvvəl orda istifadə edilən beton və armaturlardan nümunələr götürülərək laboratoriyada yoxlanır. Müsbət rəy verildikdən sonra tikintiyə icazə verilir.
Tikinti norma və qaydalarındakı tələblərdən biri də binada hər bir mənzilə gün ərzində 2 saat günəş işığının düşməsidir. Ötən il Bakıda səkkizmərtəbəli binanın 21 mənzilinə günəş işığı düşmədiyindən o layihə geri qaytarılıb və tikintiyə icazə verilməyib./publika.az