Cenub.az bildirir ki, son vaxtlar Masallıda göz dağı olan binalardan biri də Milli Qəhrəman Səfərəli Məmmədov küçəsi ilə S. Vurğun küçəsinin kəsişdiyi tində yerləşən, təxminən 60 il öncə tikilən rayon prokurorluğunun (sonradan rayon komsomol komitəsinin, nəhayət, 1 saylı uşaq bağçasının yerləşdiyi) binasıdır. Ötən ilin ilk aylarında yeni binaya köçən 1 saylı uşaq bağçası bu ərazini tərk edəndən sonra ətraf çox bərbad vəziyyətə düşmüşdü. Dəfələrə tənqid etsək də, əlac olmurdu. Rayonun ən çətin döngələrindən sayılan bu ərazidə bir neçə dəfə avtoqəzalar da olmuşdu.
Nəhayət, bu gün həmin binanın da “qara kağızı” gəldi və onun sökülməsinə icazə verildi və söküntüyə başlanıldı. 1-2 günə söküntü işləri başa çatandan sonra burada yol genişləndiriləcək, döngə ləğv edilib düz xətt boyunca yol çəkiləcək. Həmin yolun boş qalan şərq tərəfində isə ətrafdakı sakinlər üçün mini park salınacaq, bura oturacaqlar yerləşdiriləcək, oyun stolları qoyulacaq.
Bütün bu işlərin yaxın vaxtlarda yekunlaşacağı gözlənilir.