Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dağıntılar altındakı uşaqların gözlərinə mələklər necə görünüb? – İlahiyyatçı və psixoloq DANIŞDI


Türkiyədəki dəhşətli zəlzələdən sonra dağıntılar altından çıxarılanların əksəriyyəti uşaqlardır. Xilasedicilərin fikrincə, uşaqlar balaca olduqlarına görə, yaşamaq üçün imkan olan ən xırda məkanda, masaların, çarpayıların altında rahatlıqla gizlənə bilirlər deyə, daha az xəsarət alırlar.

Maraqlıdır ki, dağıntılar altından çıxarılmış uşaqların çoxu aclıq, susuzluq hiss etmədiklərini, dağıntı altında olarkən yaxın adamlarının onlara yemək verdiyini, oynadıqlarını deyirlər. Uşaqlardan biri bildirib ki, ona tanımadığı mehriban, gənc bir qız su verib. Birlikdə oynayıblar, xilasedicilərin gəldiyini görəndə həmin qız gedib. Balacalardan biri atasının, digəri anasının ona yemək verdiyini deyir. Halbuki o dağıntılar altında tək olub və heç kimdən kömək almayıb.

Bu necə olur? 

İnanclı insanlar düşünürlər ki, uşaqların qoruyucu mələkləri var və ən çətin anlarda balacaların köməyinə doğmalarının görüntüsündə gəlib kömək edənlər məhz bu mələklərdir.

Bakıdakı Əjdərbəy məscidinin əməkdaşı, ilahiyyatçı Hacı Valeh Nəsirov bildirib ki, bu məsələyə sadəcə uşaq sözü kimi baxmaq da olar, bir qədər fərqli yanaşmaq da mümkündür.


“Əlimizdə olan ayə və hədislərə əsasən, həyat yalnız maddi və hissi aləmdən ibarət deyil. Uşaqların yaşadığı bu qeyri-adi vəziyyəti metafizik aləmlə əlaqələndirmək və metafizik varlıqların insan həyatına təsiri və ya daxil olunması kimi də səciyyələndirmək olar.

Quranda deyilir ki, hər şey Allahı zikr edir, bitkilər, heyvanlar, quşlar belə. Lakin, biz onları başa düşmürük.
Və ya başqa bir ayədə deyilir ki, ilahi varlıqlar həzrəti Musaya bəzi şeyləri əyani göstərərkən, Musa əleyhissəlam kimi bir insan, peyğəmbər belə çox şeyi anlaya bilmir. Bu mənada biz anlamasaq, görməsək də, ilahi varlıqlar var, onlar bizi qoruyurlar. O çarəsiz yerlərdə Allahın vəlilərindən birinin və ya bir neçəsinin olması, uşaqlara yardım etməsi mümkündür”,- deyə ilahiyyatçı bildirib.

Psixoloqlar isə başqa fikirdədirlər.


Məsələylə bağlı Lent.az-a danışan psixoloq İlahə Dəmirbəy isə bildirib ki, uşaqların danışdıqları onların xəyal dünyası ilə əlaqələndirilməlidir.

“Bu uşaqların illüziyalarıdır. Uşaqlar həmin anda təşviş pozuntusu yaşayıblar. Bu anda ən güvəndikləri, ən inandıqları insanları xəyal edib, onların köməyə gəldiyini xəyal edə bilərlər. Bu əslində beynin özünümüdafiə prosesidir. Adrenalin yüksəlir, bədən həyəcanlanır, beyin düzgün düşünə bilmir, istər-istəməz müəyyən xəyallar qurulur, oksigen çatışmazlığından qarabasma da görmüş ola bilərlər. Fiziki şiddət, təbii fəlakət, müharibə kimi qorxu yaradan hallar insanlarda uzunmüddətli iz buraxır. Yaddaşdan tez silinmir. 12 yaşa qədər uşaqlara bu fəlakət uzun müddət təsir edəcək. Ağır itkilər veriblər”, - deyən psixoloq əlavə edib ki, hazırda belə uşaqlarla heç bir psixoloq işləyə bilməz.

 “Çünki onların beynində hələlik qəbullanma prosesi getmir. Onlar sadəcə inkaretmə mexanizmindədirlər. Müəyyən müddət sonra həm uşaqlar, həm böyüklərlə posttravmatik stress pozuntusunu aradan qaldırmaq üçün psixoloji seanslar keçirilməlidir. “Adətən inkar, qəbullanmama dövrü  21 günə qədər davam edir. Bu dövrdən sonra təxminən 12-16 seansa problemi aradan qaldırmaq olar ki, yeni həyatlarına adaptasiya ola bilsinlər”- deyə həkim bildirib. 

Həkimin sözlərinə görə, reabilitasiya dövrü insanın xarakterindən, yaşından, mühitindən çox asılıdır./lent.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10