Üç gündür Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra yaranan mənzərə hələ də acınacaqlı olaraq qalır. Dünyaca məşhurlar da daxil olmaqla, azərbaycanlı məşhurlar da zəlzələdən əziyyət çəkənlərə yardım etmək üçün sosial mediada paylaşımlar edirlər. Hətta dünəndən bəri Türkiyədəki zəlzələdən zərərçəkənlərə yardım üçün Bakıda təşkil olunan dəstək aksiyası davam edir.
Bəs maraqlıdır, azərbaycanlı şou-biznes nümayəndələri qardaş ölkənin insanlarına hansı yardımları edib?
Xalq artisti Tünzalə Ağayevanın açıqlamasında baş verənlərlə bağlı başsağlığını bildirdi. O, türkiyəli zərərçəkənlərə əlindən gələn yardımı etdiyini dedi:
“Türkiyədə baş verən dəhşətli zəlzələ hamımızı kədərləndirdi. Çox məyus olduq. Həm geyim və ərzaq yardımı, həm də lazımi yerə maliyyə yardımı etmişik. Bu, mənəvi borcumuzdur. Qızım da İstanbulda yardımsevər aktivistlərə qoşulub və əlindən gələn köməyi əsirgəmir. Hər an ürəyimiz Türkiyə ilə döyünür. Allah zəlzələ nəticəsində dünyasını dəyişənlərə rəhmət, zərərçəkənlərə yardım etsin”.
Xalq artisti Brilliant Dadaşova da türkiyəli zərərçəkənlərə dəstək göstərən məşhurlardandır:
“Türkiyənin mobil operatorlarından SMS vasitəsilə maliyyə yardımı etmişəm. Azərbaycanda da humanitar yardım aksiyasına qoşuldum. Türkiyədə zəlzələdən zərər çəkən insanlara Allah kömək olsun”.
Sosial media hesabında kədərini paylaşan müğənni Nadir Qafarzadə “Allah hər kəsin köməyi olsun”, - deyərək, Türkiyəyə yardım etmədiyini belə ifadə edib.
Aparıcı Leyla Quliyeva türkiyəli qardaşlara maddi yardım etdiyini bildirib və məbləğin açıqlanmasını istəməyib.
Bir müddətdir mətbuata açıqlama vermək istəməyən müğənni-bəstəkar Murad Arif sosial şəbəkə hesabında insanları yardım aksiyasına qoşulmağa səsləyib. O, türkiyəli qardaşlara dualar etdiyini və insanların mümkün qədər yardım aksiyasına dəstək olmasının vacib olduğunu bildirib.
Tanınmış şairə Nazilə Səfərli humanitar yardım aksiyasına qoşulduğunu söyləyib: “Gücüm nəyə çatırsa, kömək edirəm. Gücüm humanitar yardım etməyə çatır və yardımları da etməkdə davam edirəm. Bir əlin verdiyini digər əl bilməməlidir deyirlər. Ancaq bir çox insanın yardım etmək təşəbbüsünə vəsilə oluruq deyə, etdiyimiz yardımları paylaşırıq. Allah zəlzələdən zərər çəkənlərə kömək olsun”.
Tanınmış stilist Nigar İbrahimova da yardım aksiyasına qoşulanlardandır. O, bacısı, müğənni İradə İbrahimovanın da həyat yoldaşı Ceyhun bəy və dost-tanışları ilə birgə yardım etdiyini bildirib. Stilist “Əlimizdən nə gəlirsə, kömək edirik. Yardımımızı əsirgəməyəcəyik”, - deyə, söyləyib.
Model Səmra Hüseynova insanlara yardım etmək üçün yaxınları ilə birgə Kahramanmaraşa yollanıb. Ancaq qarlı hava şəraiti və yolların buz bağlaması səbəbindən yolun yarısından qayıdıblar. O, həmin görüntüləri sosial şəbəkə hesabında da yayımlayıb.
Müğənnilər Nigar Camal və Günel Zeynalova da yardımını əsirgəməyən məşhur simalar siyahısındadırlar.
Müğənni Günay İbrahimli ötən gün Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlərə yardım üçün aksiyaya qoşularaq, insanların ehtiyaclarına uyğun əşyaları toplanma məntəqəsinə çatdırıb.
Bundan başqa, aparıcı Xoşqədəm Baxşəliyeva həyat yoldaşı Doğuş ilə birgə Türkiyədə zərərçəkən min ailəyə yardım etdiyini açıqlayıb: “Yata, yemək yeyə bilmirəm. Orada mənim də uşaqlarım, yaxınlarım ola bilərdi. Əlimdən gələn yardımı etdim”, - deyə, bildirib.
İş qadını Ruhi Əliyeva Türkiyədə baş verən zəlzələdən zərər çəkənlərə 40 min TL (təxminən, 3 min 600 manat) məbləğində maddi yardım edib.
Müğənni Aysun İsmayılova və anası Rəqsanə İsmayılova aksiyaya qoşularaq humanitar yardım göstəriblər. Aysun aldığı ərzaqların məbləğini göstərən çeki sosial şəbəkə hesabında paylaşıb.
Müğənnilər Zamiq Hüseynov və Nərmin Kərimbəyova da humanitar yardım aksiyasına qoşulublar.
Lent.az