“Unudulan məşhurlar” rubrikasında bu dəfə müğənni Züleyxa Rəhimi haqqında məlumatları təqdim edirik.
Züleyxa Rəhimi 1937-ci ildə kasıb ailədə dünyaya göz açıb. Atası və anası lənkəranlı olub. Atası Suraxanıda neft mədənlərində çalışıb. Musiqi sevgisi o qədər güclü imiş ki, 13 yaşında ikən Suraxanıda yerləşən mədəniyyət evində fəaliyyət göstərən ansamblda solist olub. Orada beş il çalışıb. Hətta müsahibələrində deyirdi ki, uşaq vaxtı müğənni Zeynəb Xanlarovanın səsyazmalarına qulaq asıb özünü ona oxşatmağa çalışırmış. Sonralar bir neçə işdə çalışsa da, 1969-cü ildə Asəf Zeynallı adına musiqi məktəbində xanəndəlik sinfində təhsil alıb. Özünün dediyinə görə, xanəndələr Ağaxan Abdullayev, Gülnisə Bayramova və Zaur Rzayevlə birgə oxuyub, toylarda çıxış edib.
Təhsilini başa vurduqdan sonra lənkəranlı bir bəylə ailə həyatı qurur. Bu izdivacdan onların bir oğlu olur. Lakin evlilikləri uğursuz nəticələnir və oğlunun iki yaşı olanda onlar ayrılırlar. Züleyxa xanım 22 yaşından ölənə qədər heç vaxt ailə qurmayıb.
- Azərbaycanlı məşhurlar səfirliyimizdəki terrorla bağlı NƏLƏR SÖYLƏDİLƏR?
- Azərin "TikTok"unu bağlatdıran KİMDİR?
- "Mahidevran" yeni sevgilisi ilə GÖRÜNDÜ - FOTO
Oğlunu tək böyüdən Züleyxa xanım bir çox işlərdə, eləcə də fabrikdə dərzi kimi çalışır. Musiqi ilə yolları ayrılsa da, nə vaxtsa sənətə qayıdacağına inanır. “Ölürəm oxumaq üçün”, deyən xanəndə şəxsi həyatını sənətinə qurban verib. Onun repertuarında “Qubanın ağ alması”, “Qarabağ, ay Qarabağ”, “Xatırla məni” və s. kimi mahnıların olmasına baxmayaraq, talış dilində də ifa edirdi.
1988-ci ildə Bakının Kürdəxanı qəsəbəsində yerləşən mədəniyyət evində ansamblın rəhbəri olub. Deyilənə görə, Züleyxa Rəhimi məclisi ələ alan qadın olub. Hətta onun apardığı toylarda insanlar o qədər çox olurmuş ki, iynə atsan, yerə düşməzmiş. O, ansamblı ilə səngərlərdə, hərbi hissələrdə hərbçilərə, qocalar evində konsertlər verib. Bundan başqa, mərhum sənətkar Şövkət Ələkbərova ilə birgə çalışıb. Onunla qastrollara, səfərlərə gedib, insanların önündə səhnə alıb. Lakin şöhrəti tez zamanda sönən Züleyxa Rəhimi müsahibələrinin birində deyib ki, Şövkət Ələkbərovanın mahnıları olmasa idi, müğənni olmazdı. Əgər Şövkət xanım sağ olsaydı, bu günə qalmazdı.
Doğrudan da, Züleyxa xanım musiqi sahəsinə xeyli töhfələr versə də, əməyinin qarşılığını ala bilmədi. Şəxsi həyatdan da üzü gülməyən xanəndənin oğlu onun bütün əziyyətlərini yerə vurdu. Züleyxa xanımın dediyinə görə, bütün pullarını oğlu özünə xərcləyib və onu təkbaşına böyüdən anasına qarşı vəfasızlıq edib. Belə ki, xanəndənin oğlu üç övladını erkən yaşlarda atıb gedib və o gündən sonra Züleyxa xanım bir daha onu görməyib.
Züleyxa Rəhimi həmişə özünü tək-tənha adlandırıb. O, ömrünün sonuna qədər imkansızlıqdan şikayətlənib. Ölənə qədər “Heç kimim yoxdur” deyən xanəndə 85 yaşında dünyasını dəyişib.
Onu da qeyd edək ki, haqqında məlumatlar belə demək olar ki, yox dərəcəsində olan Züleyxa xanımın səs yazıları və ona məxsus kadrlar bir zamanlar məhv edilib. Yalnız bir neçə mahnısı, əsasən də, talış dilində oxuduğu mahnılar internetdə var. Ancaq bir vaxtlar məşhurluğu ilə seçilən sənətçiyə məxsus məlumatların internetdə olmaması təəccüb doğurur.
lent.az