Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xruşşovun Bakıdan Moskvaya apardığı kadr – O, DTK sədrini rütbə hərisliyində ittiham edib...


Nikita Xruşşovu çıxmaq şərti ilə sovet liderləri siyasi fəaliyyətlərində, şəxsi həyatlarında, rəsmi və qeyri rəsmi tədbirlərdə mədəni danışıq, davranış, yüksək təmkin nümayiş etdiriblər. Hətta amansızlığı ilə fərqlənən İosif Stalin də ən gərgin anlarda belə kimisə təhqir etməyi özünə rəva bilməyib. Düzdür, Stalin sərt tənqid edib, müşavirələrdə kiməsə zalı tərk etməyi əmr edib, amma şəxsiyyətə toxunacaq ifadələrdən, söyüşlərdən istifadə etməyib.

Xoş xasiyyətli Leonid İliç Brejnev də ən mürəkkəb məsələləri, xüsusilə də kadr dəyişiklikləri zamanı yaranan problemləri sülhlə həll etməyi bacarıb. Həmçinin Yuri Andropov mədəni bir siyasi fiqur kimi tanınıb. Konstantin Çernenkonun 13 aylıq hakimiyyəti dövründə ümumiyyətlə, yüksək tonda səsi çıxmayıb.

Mədəniyyət və davranış məsələsində Nikita Xruşşov hakimiyyətinin ilk illərindən tarixə maraqlı hadisələr yazıb. O, öz çılğınlığını, səs-küyünü təkcə SSRİ-də deyil, xarici ölkələrdə rəsmi səfərlərdə olanda da nümayiş etdirib.

Sözsüz ki, bu cür çılğınlıq istər xarici həmkarları, istərsə də Kreml məmurları tərəfindən narazılıqla qarşılanıb və münasibətlərdə gərginliyin yaranmasına səbəb olub. Belə gərginliklərdən biri də sovet lideri ilə dövlət təhlükəsizliyi orqanları arasında yaşanıb.

11 il hakimiyyətdə olan Nikita Xruşşov 1958-ci ildən rəhbərliyinin son ilinə, 1964-cü ilə qədər altı il ərzində dövlət təhlükəsizliyi orqanlarında çalışan və tutduqları vəzifələrinə görə general rütbəsi almalı olan zabitlərə ali rütbələr verməyib. Hətta 1961-ci ildə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin sədri təyin olunan Vladimir Semiçastnı komitəyə mülki şəxs kimi rəhbərlik edib.

DTK-da vəzifə ranqına və xidmət illərinə görə general rütbəsi almalı olan şəxslər dəfələrlə Semiçastnıya müraciət ediblər. Komitə sədri də öz növbəsində Xruşşovla hər görüşündə bununla bağlı məsələ qaldırıb. Semiçastnı daha çox tabeliyində olan zabitlərin narazılığına görə narahat olub. Hər halda rütbə gəzdirən şəxslər üçün növbəti rütbəni almaq xidmətin keyfiyyətinə də təsir edib.

Ancaq nədənsə vaxtilə general rütbəsinə layiq olmayan, amma general mundirini böyük həvəslə geyinən Nikita Xruşşov Semiçastnının rütbə ilə bağlı müraciətindən müxtəlif bəhanələrlə yayınıb.

Növbəti görüşlərin birində DTK sədri rütbə ilə bağlı komitədə narazılığın yaranması ilə bağlı Xruşşova məlumat verib:

-Nikita Sergeyeviç, komitənin elə əməkdaşları var ki, onlar illərdir ki, general rütbəsini gözləyirlər. Həmin əməkdaşlar bu rütbəni mükafat qaydasında istəmirlər. Onlar tutduqları vəzifəyə görə bu rütbəni daşımalıdırlar. Nəzərinizə çatdırım ki, bu məsələ bütövlükdə dövlət təhlükəsizliyi orqanları əməkdaşlarında narazılığa səbəb olur.

Semiçastnının bu cür izahı, xüsusilə də “narazı” ifadəsi Xruşşovu qıcıqlandırıb. O, Semiçastnıya Kremlin xüsusi yeməkxanasına getməyi göstəriş verib. Adətən, nahar fasiləsi zamanı Kremlin xüsusi yeməkxanasına yığışan yüksəkçinli məmurlar nahar fasiləsi zamanı Xruşşovun da iştirakı ilə qeyri-rəsmi bir mühitdə bir sıra məsələləri də müzakirə ediblər.

Semiçastnı Xruşşovun əmrini icra edərək Kreml yeməkxanasına yollanıb və elə düşünüb ki, sözügedən məsələ öz həllini məhz orada tapacaq. Amma DTK sədri fikirlərində yanılıb.

Çox keçməmiş Xruşşov Kreml məmurlarının toplaşdığı yeməkxanaya təşrif buyurub. Əvvəlcə adəti üzrə ayrı-ayrı sahələrə rəhbərlik edən məmurları qısa sorğu-suala tutub. Sonra səsinin tonunu bir az qaldıraraq əlini Semiçastnıya uzadaraq ətrafdakılardan soruşub:

-Siz bu cavan oğlanı tanıyırsınız?

Yerdən hamı Semiçastının kim olduğunu təsdiqləyib. Xruşov “alovlu” nitqinə başlayıb:

-Baxın, bu cavan oğlan bir ildir ki, dövlətimiz üçün mühüm sahə olan dövlət təhlükəsizliyi orqanlarına rəhbərlik edir. Onu Bakıdan Moskvaya mən çəkib gətirmişəm. Azərbaycanın ikinci katibi idi. Etimad göstərdim, yüksək vəzifəyə təyin etdim. İndi bu oğlan hər gün gəlib qapımı döyüb məndən general rütbəsi istəyir. Heç cür anlaya bilmirəm ki, bir ildən də az müddətdə dövlət təhlükəsizliyi orqanlarında xidmət edən şəxsdə belə rütbə hərisliyi necə yaranır. Sən əgər general rütbəsinin belə vurğunusansa, gəl mən öz general mundirimi sənə verim, geyin. Amma sən mənim şalvarımın içində itib batacaqsan.

Semiçastnı toplaşanlara qaldırdığı məsələnin özü ilə bağlı olmadığını anladıb, Xruşşovun təhqir dolu ifadələrinə isə cavab verməyib.

Beləliklə, Xruşşov hakimiyyətinin sonuna qədər DTK əməkdaşlarını general rütbəsinə həsrət qoyub.

Vladimir Semiçastnı sonralar özünün “Narahat ürək” xatirələr kitabında həmin hadisəni belə xatırlayıb:

“Mən Nikita Xruşşovun kobud adam olduğunu bilirdim, amma belə səviyyəyə düşməsinə inanmırdım. O, məni Kremlin ən yüksək vəzifəli şəxslərinin qarşısında təhqir etdi, alçaltdı, “rütbə hərisi” adlandırdı. Mən dövlət başçısının bu cür münasibətinə yalnız təəssüf edirdim. Onsuz da hamı Xruşşovu yaxşı tanıyırdı, onun mədəniyyətinə yaxşı bələd idilər və sözsüz ki, Xruşşov bu təhqiri ilə təkcə məni yox, dövlət təhlükəsizliyi orqanlarının bütün əməkdaşlarını alçaltmış olurdu, elə həm də özünü…”

Bəlkə də 1964-cü ildə Xruşşovun devrilməsində Vladimir Semiçastnının xüsusi rol oynamasının əsas səbəblərindən biri də bu hadisə olub.

Brejnev hakimiyyətə gəldikdən sonra isə DTK-da gecikdirilmiş general rütbələri öz sahiblərinə təqdim olunub. Vladimir Semiçastnıya isə general-polkovnik rütbəsini Brejnev şəxsən özü təqdim edib.

Qeyd edək ki, Vladimir Semiçastnı 1959-1961-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi vəzifəsində işləyib. 1988-ci ildə məlum Qarabağ hadisələri başlananda Semiçastnı Azərbaycana yaxşı bələd olan bir siyasətçi kimi mətbuata verdiyi açıqlamalarda Dağlıq Qarabağın Azərbaycanın tarixi ərazisi olduğunu söyləyib, ermənilərin torpaq iddiasının heç bir tarixi əsası olmadığını bəyan edib.

İlham Cəmiloğlu, Müsavat 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10