Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kreml daxilində Putinə yaxınlıq uğrunda mübarizə və ya klassik generalların revanşı


“Gerasimov özünü sübut etmək üçün hücum əməliyyatı hazırlayacaq”

Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədə taktika dəyişikliyi edəcəyi, genişmiqyaslı hücumu daha da gücləndirəcəyi gözləntiləri var. Belə ki, yanvarın 11-də Rusiyanın müdafiə naziri Sergey Şoyqu işğal olunmuş Ukrayna ərazilərindəki qoşunlara yeni komandan təyin edib. Bu, Rusiya ordusunun Baş Qərargahın rəisi, general Valeri Gerasimovdur. Qeyd edək ki, ötən ilin oktyabrın 8-dən bu vəzifəni Sergey Surovikin tuturdu. İndi isə Surovikin Gerasimovun müavinlərindən biri təyin edilib. Gerasimovun müavinləri Aerokosmik Qüvvələrin komandanı Surovikinlə yanaşı, Quru Qoşunlarının komandanı, general Oleq Salyukov və Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kimdir.

“Valeri Gerasimovun Ukraynadakı birləşmiş qüvvələr qrupunun komandanı vəzifəsinə təyin olunması Rusiyanın yaxın gələcəkdə ciddi hücumlar edəcəyinə işarədir”. Bu iddia “The Wall Street Journal” nəşrinin məqaləsində yer alıb. Londonda yerləşən “Mayak Intelligence Konsaltinq” firmasının rəhbəri Mark Qaleotti məqalədə qeyd edib ki, Rusiya ordusunun Baş Qərargah rəsininin belə bir vəzifəyə təyinatı ciddi hücumların gözlənildiyinin təsdiqidir.

Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Mixail Podolyak Ukraynadakı rus işğalçılarının komandirinin dəyişməsini “Rusiya Federasiyasında klassik generalların revanşı” adlandırıb.

Müharibənin Tədqiqi İnstitutunun analitikləri isə bunun Rusiyada təhlükəsizlik qüvvələrinin gücünü zəiflətmək üçün siyasi qərar ola biləcəyi ehtimalını irəli sürüblər.

AYNA-nın məlumatına görə, ukraynalı hərbi ekspert Oleq Jdanov Gerasimovun Ukraynadakı birləşmiş qoşunlar qrupunun komandanı təyin edilməsinə münasibət bildirərkən qeyd edib ki, Kremlin daxilində Rusiya Prezidenti Vladimir Putinlə yaxınlıq uğrunda mübarizə gedir.

"Burada iki komponent var - sırf hərbi və siyasi. Siyasi olan odur ki, məncə, Şoyqu öz mövqeyini gücləndirmək və Müdafiə Nazirliyi adlanan güc bloku üzərində tam nəzarəti bərpa etmək qərarına gəlib. Onlar hər şeyi öz əllərinə almaq istəyirlər. Bu gün Surovikin Şoyqu üçün heç kimdir, istənilən an ona zəng etmək imkanı da yoxdur. Gerasimov isə Şoyqunun müavinidir. Eyni zamanda, sabah qarmaqda ola biləcək adamdır”, - ekspert “Obozrevatel”ə müsahibəsində bildirib.

Jdanovun fikrincə, Gerasimov özünü sübut etmək üçün hücum əməliyyatı hazırlayacaq: “Gerasimov indi liderdir və onun özünü sübut etməsi üçün daha bir şansı var. Yeri gəlmişkən, o, müharibə barədə böyük təcrübəyə malikdir. Bizim üçün, Ukrayna üçün gerasimov Surovikindən də pisdir. Gerasimov artıq Rusiyanın birdən çox hərbi kampaniyasına rəhbərlik edib. Dünyanın müxtəlif yerlərində - həm Gürcüstanda, həm də Suriyada əməliyyatlar hazırlayıb. Amma istənilən halda biz Putinlə yaxınlıq uğrunda Kremldaxili mübarizənin şahidi oluruq”.

Müəllif: Turan Abdulla






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10