Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ermənistanın KTMT-yə qarşı üsyanı!


Ekspert: “Yerevan hərbi blokun mövcudluğunu şübhə altına alaraq gərginliyi yüksəltməyə çalışır”

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da bəyan edib ki, yaranmış vəziyyətdə Ermənistan əvvəllər planlaşdırılan KTMT təlimlərinin öz ərazisində keçirilməsini məqsədəuyğun hesab etmir və təlimlər bu il baş tutmayacaq.

Xatırladaq ki, bu hərbi təşkilata Ermənistandan əlavə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan daxildir.

Ermənistan mətbuatının yazdığına görə, baş nazir bu manevrləri məqsədəuyğun hesab etməyib, çünki “təlimlər Türkiyə-Azərbaycan birliyi üçün təhlükə yaradacaq”. “Onlar təlimlər keçirəcəklər, sonra biz bu təhlükə ilə baş-başa qalacağıq”, – Paşinyan deyib.

O əlavə edib ki, KTMT məhz buna görə də regionda öz məsuliyyət zonasını müəyyən etməlidir. “Onlar cavab vermədikdə, bu bizim üçün fundamental problemə çevrilir. Mən KTMT-yə ümid edirəm. Lakin KTMT-nin bizi məyus edə biləcəyi başqa məsələdir”, – Paşinyan bildirib. Beləliklə, Nikol məsələni sərt şəkildə qoyur: ya KTMT ötən ilin sentyabrında Ermənistana qarşı “təcavüz”ə görə Azərbaycanı pisləyən qərar qəbul edir, ya da Ermənistan bu hərbi blokda istənilən iştirakını minimuma endirir.

Yaxşı, əgər Paşinyanın məqsədi Ermənistanın hərbi blokdan çıxmasıdırsa, hər şey məntiqlidir və o zaman vaxt yaxşı seçilib – aydındır ki, Azərbaycanla bir yerdə Türk Dövlətləri Təşkilatına üzv olan Mərkəzi Asiya dövlətləri KTMT-yə Azərbaycanı təcavüzkar kimi tanımağa və Ermənistanın bir sıra sərhədyanı ərazilərinin zəbt edilməsi haqqında qərar qəbul etməyə imkan verməyəcəklər. 

Sual başqadır: Ermənistan bu hərbi ittifaqdan çıxa biləcəkmi? Və əgər çıxsa, hər an dağılmaq təhlükəsi ilə üz-üzə olan karton evə çevrilməyəcəkmi?

Belarusdan olan ekspert, Ukrayna Gələcək İnstitutunun analitiki İqar Tışkeviç Press Klubun sualına cavab verməyə razılaşıb:

– Bu gün KTMT və Ermənistanla bağlı baş verənlər bir tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində böhranın təzahürüdür, digər tərəfdən Ermənistanın tələblərini qaldırmasıdır. Çünki Yerevan təbii olaraq bu təşkilatın, oradakı müttəfiqlərinin, KTMT-dəki tərəfdaşlarının hərbi əməliyyatlara və Dağlıq Qarabağ üzərində nəzarəti saxlamaq məsələlərinə müdaxilə edəcəyini gözləyirdi. O da təbiidir ki, Ermənistan istəklərinə çatmadı. Çünki KTMT hələ də tamhüquqlu hərbi blok kimi formalaşmayıb. Və bu təşkilatın üzvlərinin maraqları həddən artıq fərqlidir.

Rusiyanın 2022-ci ilin əvvəlində Ukraynaya təcavüzü başlayandan sonra isə vəziyyət özünü ən parlaq şəkildə göstərdi – həm Rusiya Federasiyasının təsirinin azaldılması baxımından (və müvafiq olaraq, belə bir müttəfiqdən yapışmağın mənası yoxdur), həm də yeni qüvvələrin meydana çıxması baxımından. Yəni, diqqətlə nəzər salsaq görərik ki, Mərkəzi Asiya ölkələri daha çox Çinlə əlaqə yaratmaq və Çinin təhlükəsizlik çətirini əldə etmək marağındadırlar. Ermənistanda isə tamam başqa vəziyyət yaranıb. Belarus Rusiya Federasiyasına yaxın olduğunu bəyan etməsinə baxmayaraq, bir tərəfdən Azərbaycan və Türkiyə ilə hərbi-texniki sahədə fəal işləyir, digər tərəfdən, bu gün Lukaşenko üçün əlavə münaqişəyə və ya əlavə müharibəyə qoşulmaq məqsədəuyğun deyil.

Beləliklə, ortada Ermənistan və Rusiya Federasiyası qalır. Amma Rusiya Ukraynadakı müharibə ilə məşğuldur, Qafqazda yeni eskalasiyaya getmək fikrində deyil. Üstəlik, Türkiyə faktorunu nəzərə alan Moskva Ankara və Bakı ilə dil tapmağa daha çox meyllidir. Bunun fonunda Ermənistan KTMT-nin ümumiyyətlə mövcudluğunu şübhə altına alaraq gərginliyi yüksəltməyə çalışır. Yəni, bu, ilk növbədə Kremli daha aktiv addımlar atmağa məcbur etmək cəhdidir. Amma indiki vəziyyətdə Ermənistanın Kremllə dil tapacağına şübhə edirəm. Digər tərəfdən, mən KTMT-nin bir təşkilat olaraq tezliklə ləğv olunacağına da şübhə edirəm. Yəni onun böhran vəziyyətində olduğu heç bir şübhə doğurmur, bir neçə il ərzində dağılması da mümkündür. Amma indi, bir neçə aydan sonra dağılacağı mümkün deyil.

Rauf Orucov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10