Göyərtəsində kitabxana və kitab sərgisi olan "MV Logos Hope" gəmisi Misirin turistik şəhəri Port-Səidə yollanıb. Bu, onun son 12 ildə ölkəyə ikinci səfəridir.
Bu haqda “Arab News” məlumat yayıb.
Kitabxana Süveyş Kanalı iqtisadi bölgəsində minlərlə ziyarətçinin üzünə açıq olacaq və gəmiyə 350 nəfər xidmət göstərəcək. Gəmi yanvarın 4-də Misirə çatacaq və 20 gün ölkədə qalacaq, daha sonra o, İordaniyanın Əqəbə liman şəhərinə gedəcək. "MV Logos Hope" ilk dəfə Misirə 2010-cu ildə gəlib.
132 metrlik gəmi dünyanın ən böyük üzən kitabxanasıdır və göyərtəsində 60 ölkədən 400 könüllü var. Gəmi Almaniyanın “Hamı üçün yaxşı kitablar” xeyriyyə təşkilatına məxsusdur və məqsədi bütün dünyada insanların mütaliəyə maraq göstərməsini təmin etməkdir. O, əvvəllər Liviyanın Benqazi limanında və Birləşmiş Ərəb Əmirliklərində dayanıb. 13 illik fəaliyyəti ərzində "MV Logos Hope" 150 ölkədə 480 limana baş çəkib və gəmiyə 49 milyondan çox ziyarətçi cəlb edilib.
Sultan Laçın/Moderator.az