Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bayram məzələri silsiləsindən-Bu il “Şaxta Baba” və “Qar Qız” bölgəmizdə dağlardan düzə enə bilmədi


Eh, deyiləsi giley-güzar çoxdur. Həm bayramdır, hə də kimə deyirsən e... Hələ ki, “ət”lə ”otu” fərqli canlılara təqdim etmək davam edir.

Lerik və Yardımlı rayonlarından savayı bölgəmizin rayon mərkəzlərinin heç birində kütləvi yeni il şənliyi keçirilmədi.

İcra hakimiyyətlərinin saytlarına nəzər saldıqda bəlli oldu ki, dağlıq Yardımlı və Lerik rayonları istisna olmaqla digər cənub rayonlarında – Lənkəran, Masallı, Astara, və Cəlilabaddakı şəhər mərkəzində belə tədbirlərin sorağı olmadı. Bəlkə olub, biz bilməmişik. Hər halda saytlarında məlumat yox idi.

Halbuki, ötən vaxtlar ilin yekununda icra başçılar hesabat və vədlər verərdilər ki, nə ediblər, nə tikiblər, növbəti ildə nələr edəcəklər.

Eləcə də yeni istedadlar üzə çıxar, ən güclülər rayon tədbirinə dəvət olunar, müsabiqələrdə qaliblər müəyyən olunar, açılışlar edilərdi.

Heç olmasa keçmişdən nümunələr götürərdilər. Bəlkə bir mahnıda deyilmişkən artıq hər şey  “mərcan tək dağılıb bulaqda qaldı”.

Bəlkə bu iş üçün pul xərcləməyə ürəkləri gəlmədi. Ya da artıq həmin pullar vaxtından əvvəl xərclənib qurtarmışdı. (Xatırladaq ki, icra hakimiyyətlərində bununla bağlı xüsusi vəsait olur)

Lerik rayon icra hakimiyyəti isə bu sahədə doğrudan nümunə göstərdi. Belə ki, rayon mərkəzində əvvəlki illərdən xeyli fərqli maraqlı tədbir və həmin tədbirin gözəl təqdimi- video-çarxı hazırlandı.

Zəhmət olmasa Lerik İcra hakimiyyətinin FB səhifəsindəki videonu izləyək.

https://www.facebook.com/search/top/?q=Lerik%20rayon%20icra%20hakimiyyəti

Doğrudan da, nümunə götürməyə dəyər.

Deyəsən, gənclik öz sözünü deyir. Belə ki, bu rayonun icra başçısının 35 yaşı var. Son illər Masallıya təyin olunan 3 icra başçısının- Rafil Hüseynov, Şahin Məmmədov və Araz Əhmədovun təyin olunan ildə 59 yaşı olub.

(Yenə ötən illər sabiq icra başçısı Şahin Məmmədovun ad günü 01 yanvara düşdüyündən  1-2 “nimdaş” müğənni dəvət edərdi).

Tutaq ki, Lənkəran və Cəlilabad rayon icra hakimiyyətlərində humanitar məsələyə baxan müavin yerləri boşdur. Axı, Masallıda ki bu sahədə problem yoxdur. Bu sahəyə baxan Möhtəşəm müavin var. Masallıda bəzi məmur övladlarının kiçik toyu belə ümumrayon tədbirlərindən güclü və təmtəraqlı olur.

Bəli. Bu il Masallıda ümumrayon şənliyinin keçirilməməsi suallar doğurdu. Hansı səbəbdən isə qadağan idisə, niyə dağ rayonlarında belə tədbirlər düzənləndi?

Səbəb gətirdilər ki, rayon mərkəzində olmasa da, hər məktəb özü keçirib. Rayon məktəblərinin FB səhifəsinə nəzər salanda cəmi 15-25 məktəbin səhifəsində və 2 uşaq bağçasının nümunəsində bu barədə məlumata rast gəldik. Göürünən odur ki, ya tədbir olmayıb, ya da onun təqdimi yarıtmazdır.

Deyəsən, bu ilki bayram günləri hava çox günəşli olsa da, biz “qaranlığa” doğru gedirik.

Gəlin, insanların, xüsusən uşaqların sevincini oğurlamayaq, onsuz da maddi sıxıntıların insanları sıxdığı vaxtda onları çal-çağırdan, kütləvi şənlənməkdən mərhum etməyək.

Düzü, sabiq icra başçısının böyük həvəslə 40-50 min manata hazırlatdığı At, Keçi fiqurlarını icranın qarşısındakı meydandan yığışdıranda elə düşünmüşdüm ki, daha böyük tədbirlər üçün meydan açırlar, Amma təəssüf...

Nədən belə olur? Bəlkə Masallıda məktəblərdən az qala 2 dəfə daha çox məscidin (140 məscid, 95 məktəb, o məktəblərin də 25-i bərbad), uşaq bağçalarından 4 dəfə çox olan Mərasim Evlərinin olması, mollaların rəsmi tədbirlərdə təhsil, mədəniyyət işçilərindən yuxarıda yer alması, sökülənlərin tikilərdən çox olması öz təsirini göstərir?

Heç olmasa,  Türkoba –Mahmudavar yolundan Hişgədərə istiqamətinə olan kəndlərin məsafəsini göstərən 1 kvadrat metrlik yol nişanını, kənd yollarına tökülən 1-2 maşın çınqılın, 3-4 metrlik dairənin  “açılışını” bu günə salsaydılar, bir az təsəlli tapardıq.

Eh, deyiləsi giley-güzar çoxdur. Həm bayramdır, hə də kimə deyirsən e... Hələ ki, “ət”lə ”otu” fərqli canlılara təqdim etmək davam edir.

Bayramınız mübarək! Kefinizə almayın; 100 illər öncə yeni il şənliyi olmurdu, dünya dağılmırdı ki?  

Cenub.az. Zahir Əmənov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10