Bu gün, 31 dekabr 2022-ci ildə Lənkəran Rayonun Liman şəhərində yaşayan həmkarımız , jurnalist Nizami Hüseynov dünyasını dəyib.
Nizami Hüseynov ötən il 60 yaşı haqlamışdı. İxtisasca tarix müəllimi idi. Yazıları ölkənin bir sıra aparıcı qəzetləri ilə əməkdaşlıq edirdi. O eyni zamanda Cənub Xəbərləri qəzetinin ilk yaranışından onun Lənkəran üzrə müxbiri olmuş, maraqlı yazıları ilə həmişə oxucuların rəğbətini qazanmışdır. Nizami müəllim ən çətin günlərdə qəzetin yanında olmuş, bir sıra yazıları müsabiqə qalibi olmuşdur.
Dəyərli bir dost itirdik. Nizami müəllimi Allah rəhmət eləsin!
Cenub.az-ın kollektivi
Nizami müəllimin ölümündə ğncə "Ədalət" qəzetində çap olunmuş yazını sizə təqdim edirik
Sizə qələm dostumuzdan söz açmaq istərdik. Əslində yaxından tanıdığın, həyatının bütün detallarına yaxşıca bələd olduğun insan haqqında yazmaq müşkül məsələdir. Nə üçünsə ürəyin istəyən mətləbləri ipə-sapa düzüb qoşmaq mümkün olmür. Hər halda nə qədər də olsa dostumuz Nizami Hüseynovu oxuculara tanıtmağa çalışacağıq.
Bakı Dövlət Universitetinin tarix fakültəsinin məzunu olan AMEA-nın Tarix İnstitutunun dissertantı olub. Lakin ailə vəziyyəti ilə əlaqədar elmi axtarışlarını yarımçıq qoymaq məcburiyyətində qalıb. Həyatın bütün enişli-yoxuşlu yollarına baxmayaraq yazı-pozu istəyi onu heç vaxt tərk etməyib. Hələ məktəb illərindən müxtəlif məzmunlu zarisovkalarla yerli və mərkəzi qəzetlərdə çıxış edən Nizami ordu sıralarında xidmət etdiyi illərdə də bu həvəsindən uzaq düşə bilməyib. Diviziyanın qəzetində dərc olunmuş məqalələri onu komandanlığın yanında başıuca edib. Ordudan tərxis olunandan sonra da dövri mətbuatda, radio və televeziyada tez-tez çıxış edib. Yazıları "Sovet kəndi", "Lənkəran", "İdman", "Paritet", "Aşkarlıq", "Aydınlıq", "Cənub xəbərləri", "Bələdiyyə həyatı", "Günsəhər", "Zaman", "Obozrevatel", "Azerbaydjanskiye izvestiye", "İzvestiya", "Prizma", "Məşəl" kimi qəzet və jurnallarda, xəbər saytlarında yayımlanıb. 1999-2001-ci illərdə isə Nizami "Spase" Müstəqil Teleradio Şirkətinin cənub zonası üzrə xüsusi müxbiri işləməklə bölgənin sosial-iqtisadi həyatının işıqlandırılmasında fəal iştirak edib. Son illərdə isə qələm dostumuz "Aşkarlıq" qəzetinin və "Məşəl" jurnalının daimi müəlliflərindən birinə çevrilib. Qərəzsiz və obyektiv yazıları ilə o, oxucuların rəğbətini qazanmağa nail olub.
Nizami Hüseynov son vaxtlar informativ yazılarla yanaşı, daha çox axtarış tələb edən tədqiqat xarakterili yazıları ilə də ölkə mətbuatında, müxtəlif yazı müsabiqələrində fəal iştirak edir. Peşəcə tarixçi olması, analitik düşüncə tərzi ona bu tipli yazılarda da ona uğur gətirir.
2003-cü ildə Himayədar Humanitar Təşkilatının "Neft və yoxsulluq" mövzusunda keçirdiyi müsabiqəyə qatılan N. Hüseynov qiymətli hədiyyəyə layiq görülüb. Bunun ardınca o, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti, "Şahdəniz", "Bakı-Tbilisi-Ceyhan" və Cənubi Qafqaz Boru Kəməri layihəsindəki tərəfdaşları adından BP şirkətinin bioloji müxtəlifliyə həsr etdiyi "Ekologiya və iqtisadiyyat həmahəngdir" mövzusunda keçirdiyi dördüncü yazı müsabiqəsində uğurlu çıxışına görə 3-cü yeri tutmaqla müsabiqənin sertifikatını və pul mükafatını qazanıb.
2006-cı ildə Qafqaz Media Tədqiqatlar Mərkəzi tərəfindən Cənubi Qafqaz jurnalistləri arasında "Uşaq hüquqlarının qorunması və uşaq əməyindən sui-istifadə halları" mövzusunda elan olunmuş müsabiqəyə təqdim etdiyi tədqiqat işinə görə həmkarımız üçüncü mükafata layiq görülüb.
2008-ci ildə Polşa-Azərbaycan Fondu (Other Spase Foundation), Polşa-Amerika Sülh Fondu və Polşa Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə "Doğru Doğuşa Doğru" aksiyası çərçivəsində keçirilən jurnalist müsabiqəsində N.Hüseynov ikinci yeri tutmaqla müsabiqənin sertifikatını və pul mükafatını qazanıb.
2009-cu ildə Beynəlxalq Avrasiya Mətbuat Fondunun Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası ilə birgə jurnalistlər arasında "Minadan zərərçəkən insanların həyatı, yaşadıqları faciələr və onların problemləri" mövzusunda keçirdiyi müsabiqənin iştirakçısı olan qələm dostumuz "Vətən eşqilə çırpınan ürək" yazısına görə diplom və qiymətli hədiyyə ilə təltif olunub.
2012-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Mətbuat günü münasibətilə jurnalistlər arasında keçirdiyi yazı müsabiqəsi də ona uğur gətirib. Belə ki, 3-cü yeri tutan N.Hüseynova ETSN-nin diplomu və pul mükafatı verilib.
1961-ci ilin aprelin 17-də Lənkəranın Boladi kəndində anadan olan Nizami Hüseynovun jurnalist kimi əldə etdiyi uğurları bununla bitmir. O, mətbuatda səmərəli fəaliyyətinə, vətəndaşlıq mövqeyinə və sənətkarlıq uğurlarına görə "Qızıl Qələm" media mükafatına layiq görülüb. Həmçinin jurnalistika aləmində uğurlarına görə Azərbaycan Jurnalistlər Birliyi onu iki dəfə Həsən bəy Zərdabi diplomu ilə təltif edib.
Bütün bunlarla yanaşı tədqiqatçı- jurnalist mətbuatla bağlı keçirilən beynəlxalq seminar və konfranslarda fəal iştirak edir. ATƏT, Avropa Şurası, İVPR və digər beynəlxalq təşkilatların bu istiqamətli treninq, seminar və konfranslarında ən fəal iştirakçılardan birinə çevrilib.
N. Hüseynov həmçinin Tbilisi, İstanbul, Kiyev, Antalya şəhərlərində keçirilən KİV əməkdaşlarının beynəlxalq tədbirlərinin iştirakçısı olub.
Azad ZÜLALOĞLU,
Ağaddin BABAYEV,
Yazə Nizami Hüseynovun ölümündən öncə yazılıb.
Lənkəran şəhəri