Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İmperiyanın 100 illiyi və Putinin iflas olmuş bərpa planı


Onun rus xalqına hədiyyəsi Ukraynadakı ağır, qanlı, sonu görünməyən savaşdır

Şəkildə: SSRİ-nin yaradılması haqda müqavilənin imzalanması (Dudnik)

Sovet Sosialist Respublikalar İttifaqı 30 dekabr 1922-ci ildə Rusiya imperiyasının 1917-ci ilə qədər tutduğu ərazılərdə (Finlyandiyanı çıxmaq şərti ilə), Rusiya, Ukrayna, Belorusiya, Zaqafqaziya Federasiyası arasında sazişlə yaradılmışdır. 26 dekabr 1991-ci ildə, MDB-nin təsis edilməsi ilə əlaqədar olaraq,  SSRİ Ali Sovetinin Respublikalar Şurası onun rəsmən buraxıldığı barədə bəyanat vermişdir. Üstündən 14 il keçəndən sonra, 2005-ci ilin əvvəlində ölkə parlamentinə ənənəvi müraciətində Putin bunu “XX əsrin ən böyük geosiyasi faciəsi, rus xalqı üçün isə əsl dram” adlandırmışdır: “On milyonlarla vətəndaşımız və soydaşımız Rusiya ərazisindən kənarda qaldı”. Daha 17 ildən sonra, 25 dekabr 2022-ci ildə, Ukrayna ilə müharibə nəticəsində yaranmış vəziyyəti “Moskva. Kreml. Putin” proqramına şərh edərkən, o, “Rusiya Federasiyasının məqsədi rus xalqını birləşdirməkdir” demişdir


Moskvanın Ukraynaya hücumun əsas hədəfi Donetsk və Luqansk deyildi, Kiyev idi. Buna görə başlıca zərbə həmin istiqamətə yönəlmişdi. Rusiya ordusunun avanqardında gedən qüvvələrin 2022-ci ilin martında Ukrayna paytaxtının 7 kilometrliyindən videoreportajları hələ unudulmayıb. Onlar Kiyevdə qələbə paradı üçün libaslarını da özləri ilə gətirmişdilər. 

RF Prezidenti Putin ukraynalıları ruslarla bir xalq, onların yaşadıqları əraziləri isə Novorossiya elan edib. “Rus şəhərlərinin anası” Kiyev tutulandan sonra Ukraynanın Rusiyaya birləşdirilməsi onun konsepsiyasının məntiqi nəticəsi olacaqdı. Amma yalnız bir nəticəsi olacaqdı, hələ “yekunu” demək deyildi. Ardınca bu və ya digər formada eyni tale Moldovanı və Cənubi Qafqaz ölkələrini gözləyirdi. Prednestrovyedə, Abxaziyada, Osetiyada, Ermənistanda, Qarabağda, Xəzər dənizində hərbi platformalar artıq hazır idi. Nə vaxtsa təkcə bəyanatlarla yox, sənədlərlə təsdiqini tapacaq ki, onların da hərəkətə gətirilməsi zamana bağlı məsələ idi. Amma ilk addımdan Ukrayna müharibəsinin Putinin gözləmədiyi məcraya yönəlməsi Rusiya üçün zaman anlayışını qarışdırdı.

Putinin SSRİ-nin yüziiliyinə rus xalqına “hədiyyə” hazırladığı barədə çoxları danışır və yazırdı. İlk növbədə elə o özü bu məsələni gündəmdən düşməyə qoymurdu. Əvvəlcə Putin SSRİ-nin dağılmasını “XX əsrin ən böyük geosiyasi faciəsi” elan etdi, səhvlərdən nəticə çıxarmağın labüdlüyünü bildirdi. Sonra bəyan etdi ki, məhz Sovetlər İttifaqının süqutu nəticəsində rus xalqı dünyada “ən böyük parçalanmış millətə” çevrilmişdir, bu isə nəhəng humanitar faciədir. 2014-cü ildə Krımda o, “parçalanmış xalqı” necə bir yerə toplamaq lazım olduğunu göstərdi.

Rusiya prezidentinin “Kim Sovetlər İttifaqının dağılmasına heyfsilənmirsə, onun ürəyi yoxdur; kim onu əvvəlki şəkildə bərpa etmək istəyirsə, onun başı yoxdur” ifadəsi çox təhlükəli tezis idi. Burada əsas diqqəti özünə çəkən “əvvəlki şəkildə” sözləridir. Bəs SSRİ ağılla hansı şəkildə bərpa edilməlidir?

Putinin fikrincə, SSRİ-ni yaradarkən Leninin ən böyük səhvi Stalinə qulaq asmaması və birliyə qatılmış respublikalara geniş muxtariyyət verməsidir, onun ideyalarına yeni nəzərlə baxmaq gərəkdir.

“Mədəni muxtariyyət bir məsələdir, geniş dövlət səlahiyyətləri ilə muxtariyyət – başqa məsələ. Dövlətin tərkibindən çıxmaq hüququ isə – üçüncü məsələ. Son nəticədə bu, qeyri-səmərəli iqtisadi və sosial siyasətlə yanaşı, dövlətin dağılmasına gətirib çıxardı, gec işə düşən mina elə bu idi. Buna başqa nə ad vermək olar? Məhz belədir. Biz diqqətlə, bugünkü imkanları nəzərə almaqla, əvvəllər olmuş hər şeyi təhlil etməliyik, amma bir şeyi etməməliyik: keçmişdəki hər şeyi qaralamamalı, bu ğün baş verən hər şeyə bəzək vurmamalıyıq”.

Putin keçmiş Rusiya imperiyasının istila etdiyi, sonradan müstəqilliyini qazanmış ölkələrin gələcəyinə baxışını daha hansı dillə deməlidir ki, biz onu anlaya bilək? Bəlkə, Üzeyir Hacıbəyovun darvaza qarşısına yığışıb məqsədlərini ən bəsit formada ifadə edən qoçuların dili ilə:

“Ey, kimsən orda, aç qapını, aç qapını, gələk səni öldürək…”

Hər halda, bu gün Sovet İttifaqının yüz illiyidir, Putinin rus xalqına hədiyyəsi isə Ukraynada on birinci ayına qədəm qoyan ağır, qanlı, sonu görünməyən savaşdır.

Press Klub






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10