Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İndi ölkədə daha az evlənirlər, daha tez-tez boşanırlar və…


Ya da belə: Azərbaycanda normal uşaq pulu veriləcəkmi?

Bir çox ölkələr aylıq uşaq müavinəti ödəyir. Ödənişlərin məbləği və şərtləri fərqlidir - bir çox Avropa ölkələrində 18 yaşa qədər ödənilir. Bundan əlavə, Rusiyada analıq kapitalı kimi uşaqlı ailələri dəstəkləmək üçün digər tədbirlər də var.

Bizdə uşaq müavinətinin tətbiqinin zəruriliyindən çoxdan danışırlar. Bu barədə bir müddət əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də danışıb. Onun sözlərinə görə, uşaq müavinəti ilə bağlı dəfələrlə danışıb və Azərbaycanda 600 min həssas qrupdan olan uşağa yardım göstərilir.

Həmin uşaqlar, nazirin dediyi kimi, ünvanlı sosial yardım, əlilliyə görə müavinət və s. alırlar: “Həssas təbəqədən olan uşaqların köməyə ehtiyacı var və bu yardımı dövlətimiz edir. Sosial yardım ümumi deyil, ünvanlı olmalıdır”.

Heç də hamı bu fikirlə razılaşmır və ekspertlər əmindirl’r ki, bu məsələyə baxılmalı və bundan sonra da müzakirə edilməlidir. Azərbaycanda indiyədək işləyən anaya və ya işləyən ataya ananın işi olmadığı halda, uşaq doğulduğuna görə 300 manat məbləğində birdəfəlik müavinət verilir. İki və ya daha çox uşaq doğulanda hər uşağa görə müavinət verilir. Uşaq bir yaş yarıma çatana qədər uşağa qulluq etmək üçün verilən məzuniyyət müddətinə hər ay 44 manat məbləğində müavinət verilir. 28 manat məbləğində ikinci müavinət uşaq 3 yaşına çatana qədər hər ay verilir. Uşaq bağçaya gedirsə və valideyn məzuniyyəti verilməyibsə, 3 yaşınadək uşaqlar üçün müavinət təyin edilmir.

Həmkarlar İttifaqları Federasiyasının vitse-prezidenti Cəmaləddin İsmayılov mövzuya dair AYNA-ya deyib ki, hazırda analıq məzuniyyətində olan valideynə ödənilən məbləğ azdır: “O, hansı əsasla təyin edilib? Aydın deyil. İndi o pulla nə almaq olar? Uşaq müavinətləri, təbii ki, lazımdır və məncə, ən azı yaşayış minimumu qədər olmalıdır. Və daha bir şey - onlar 18 yaşına qədər, yetkinlik yaşına qədər ödənilməlidir. Bu yaşa qədər valideynlər uşağa baxmağa borcludurlar, lakin böyüdükcə xərclər azalmır. Yemək, geyindirmək, ayaqqabı, həmçinin səhiyyə, təhsil xərclərini ödəmək lazımdır”.

“Hər ailə bütün bunları çəkə bilməz, xüsusən də bir neçə uşaq varsa. Uşaqların pulunu ödəyərkən fərdi yanaşmadan danışanlarla razıyam. Onlar ilk növbədə həqiqətən ehtiyacı olan ailələri qəbul etməlidirlər. Çox istərdim ki, dövlət bu problemə diqqət yetirsin, uşaqlara daha çox pul ayrılsın. Uşaqlar bizim gələcəyimizdir”, - deyə həmsöhbətimiz bildirib.

İsmayılov qeyd edib ki, əgər ölkədə demoqrafik böhran yoxdursa, o zaman belə ödənişlərə ehtiyac olmadığını düşünmək düzgün deyil: “Amma bu fikri tez-tez eşitmək olar. Bu yanaşma ilə doğum səviyyəsi aşağı düşəcək və bu tendensiya artıq başlanıb. İndi ölkədə daha az evlənirlər, daha tez-tez boşanırlar, ailələrdə əvvəlkindən daha az uşaq olur. Ailə institutunun dəstəyə ehtiyacı var və bu, ciddi məsələdir”.

Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin rəhbəri Nəriman Ağayev mövzu ilə bağlı AYNA-ya şərhində söyləyib ki, uşaq dünyaya gələndə birdəfəlik müavinət olaraq 300 yox, hardasa 1000 manat civarında pul vermək lazımdır: “Konstitusiyada “ləyaqətli həyat” anlayışı var və bu, bütün vətəndaşlar üçün olmalıdır. Uşaq yetkinlik yaşına çatana qədər hər ay ən azı istehlak səbəti məbləğində pul ödəmək lazımdır. Dövlət maraqlı olmalıdır ki, vətəndaşlar savadlı, sağlam olsunlar və bunun üçün ailənin maddi imkanı olmalıdır”.


“Hesab edirəm ki, uşaqpulu ailənin gəlirindən asılı olmayaraq valideynlərin müraciəti əsasında verilməlidir. Qanun qarşısında hamı bərabərdir. Fərdi yanaşma tətbiq etsəniz, bürokratik prosedur olacaq və bu pulu ehtiyacı olan hər kəs almayacaq. Nəzərə almaq lazımdır ki, şərait dəyişə bilər və heç kim ailədə nə baş verə biləcəyini dəqiq bilmir”, - deyə ekspert vurğulayıb.


Müəllif: Elya Belskaya






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10