Son günlər Naxçıvan Muxtar Respublikasında baş verənlər ölkənin əsas gündəm mövzusu olaraq qalır. Belə ki, ilk olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə 27 il rəhbərlik edən Vasif Talıbov səhhəti ilə bağlı problemləri əsas gətirərərk istefa verdi. Ardınca Prezident İlham Əliyev Naxçıvanla bağlı sərəncam imzaladı. Sərəncama əsasən Naxçıvanda Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi təsis olundu. Daha sonra İlham Əliyev daha bir sərəncam imzalayaraq, Fuad Nəcəflini Naxçıvan MR-də Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi təyin etdi.
Artıq uzun illərdir icra hakimiyyəti strukturlarından daxil olan şikayətlər, bəzi icra başçılarının özbaşınalığı, hətta bir çoxunun həbsilə nəticələndi. Görünən odur ki, bu struktur dövrün tələblərinə uyğun gəlmir. Bütün bunların fonunda icra hakimiyyəti strukturunun tədricən ləğv olunacağı barədə fikirlər dolaşır. İddialara görə bir müddətdən sonra idarəetmədə əsaslı dəyişiklik olacaq və artıq yerlərdə icra hakimiyyətləri və icra başçıları olmayacaq.
Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov bildirib ki, hadisələrin gedişi həqiqətən də, icra hakimiyyətlərinin ləğvinə aparır:
“Əlbəttə, hadisələrin gedişi göstərir ki, prespektivdə icra hakimiyyəti srukturu aradan qalxacaq. Məsələn, bu gün rayon şöbələrinin ləğv edilib, regional idarələrin yaradılması təsadüfi deyil”.
Onun sözlərinə görə, əsas idarəetmə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəlikləri tərəfindən aparılacaq:
“Hazırda Azərbaycanda 14 iqtisadi region var. Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəlikləri bu 14 iqtisadi regionu da əhatə edir. Hələlik bu idarəetmə strukturu Qarabağda və Naxçıvanda tətbiq edilir. Ancaq ötən iki il göstərir ki, yeni idarəetmə modeli çox uğurludur. Belə olan halda məsələlərə birbaşa Prezident nəzarət edə bilir”.