Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Parlamentin səlahiyyətləri artırılır, nazirliklər azaldılır... - Özbəkistan praktikasından Azərbaycan da yararlanacaq?


Azərbaycanda uzun illərdir struktur islahatları həyata keçirilir, yeni qurumlar yaradılır, kadr islahatları aparılır, bunun bir istiqaməti olaraq korrupsioner məmurlar qandallanır. Lakin görünən budur ki, daha sistemli işlərin aparılmasına ehtiyac var, çünki məmur tamahını durdurmaq olmur. Vəzifələrə son 2-3 ildə təyin edilən, etimad göstərilənlər içərisində də artıq həbs edilənlər var. Avropa təhsilli bəzi “intellektual”lar daha fərqli mexanizmlərlə büdcə talanına baş vururlar. Məsələn, mədəniyyət nazirinin 2021-ci ildə birinci müavini təyin edilmiş Elnur Əliyev 2022-ci ilin payızında korrupsiya ittihamı ilə cinayət məsuliyyətinə cəlb olundu. Habelə, son illərdə vəzifələrə təyin olunmuş bəzi məmurların da heç də köhnələrdən geri qalmadıqlarına dair siqnallar var. Odur ki, mütəxəssislər köklü, sistemli dəyişiklər təklif edir. Bu təkliflər sırasında nazirliklərin funksiyasının azaldılması, bir çox səlahiyyətlərin ASAN Xidmətə verilməsi, parlamentin səlahiyyətlərinin artırılması da var.

Bu kontekstdə hazırda Özbəkistanda icrasına start verilən islahatlar proses diqqəti cəlb edir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Ali Məclisə (parlament) illik müraciəti zamanı qurumun səlahiyyətlərinin genişləndiriləcəyini açıqlayıb. O deyib ki, son illərdə Ali Məclisə bir çox səlahiyyətlər verilib və bu səlahiyyətləri daha da artırmağı planlaşdırırlar. Prezident hökumətdə genişmiqyaslı islahat aparılacağını da bəyan edib.

O qeyd edib ki, ixtisarlar aparılaraq nazirlik və idarələrin sayı yarıdan çox azalacaq, nazirlərə və regional rəhbərliyə tələblər artırılacaq.

“Nazirlik və idarələrin sayı 61-dən 28-ə endiriləcək, nazirlərdən işə yanaşma tərzində dəyişiklik tələb olunacaq. Bundan sonra nazirlər köhnə üsulla işləməyəcək. Əgər nazirin öz sahəsində dəqiq strateji yanaşması yoxdursa və fəaliyyəti insanların problemlərini həll etmirsə, işinin öhdəsindən gələ bilməyən hər bir nazir istefaya getməli olacaq”, - Mirziyoyev vurğulayıb.

O, gələn ildən regionlarda idarəetmə sisteminin də dəyişəcəyini bildirib.

“Hər bir hakim (vilayət rəhbəri-red.) öz vilayətinə 40-50 milyon dollar özəl investisiya cəlb etməli olacaq və bu tələb məcburidir”, - Özbəkistan Prezidenti bəyan edib.

Bu variantlar Azərbaycanda da tətbiq edilə bilərmi? Özbəkistan təcrübəsindən yararlanmaq mümkündürmü?

Ceyhun Məmmədov - YouTube

Deputat Ceyhun Məmmədov: “Hər bir məmur öz vəzifəsinin məsuliyyətini dərk etməlidir, islahatlar davam edəcək”

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda islahatlar uzun müddətdir başlayıb və davam edir. Bu islahatlar həm kadr islahatlarıdır, həm struktur islahatlarıdır və bütün sahələri əhatə edir: “Hər bir yeni təyin olunan icra başçısını, naziri, komitə sədrini ölkə Prezidenti qəbul edir, onlara tövsiyələrini, tapşırıqlarını verir. İnvestisiyaların cəlb olunması ilə bağlı da Prezidentin çox ciddi tapşırıqlarının olduğunu bilirsiniz. Hər bir icra başçısı rəhbərlik etdiyi rayona investisiyaların cəlb edilməsinə nail olmalıdır. Bu məsələ onların qarşısında qoyulan əsas işlərdən biridir. Həmçinin vəzifəyə təyin olunan şəxslərə rüşvətxorluqla mübarizədə ciddi addımlar atmaq tapşırığı verilir. Yəni bu gün ölkəmizdə islahatların həyata keçirilməsi üçün ən yüksək səviyyədə iradə var. Azərbaycanın özünün çox yaxşı islahatlar təcrübəsi var və bu təcrübə davamlıdır. Məmurlarımızın üzərinə çox ciddi məsuliyyət düşür ki, nəzərdə tutulan islahatların daha yaxşı nəticələr verməsində bu amili rolu böyükdür. Cənab Prezident məmurların yerinə işləyəsi deyil. Hər bir məmur öz vəzifəsinin məsuliyyətini dərk etməlidir. Əlbəttə, qardaş Özbəkistan Respublikasında həyata keçirilən islahatlar, dəyişikliklər, inkişaf bizi sevindirir. Parlamentlə bağlı məsələyə gəldikdə, bilirsiniz ki, 2020-ci ildə Azərbaycan parlamentində də bir sıra dəyişikliklər baş verdi. Növbəti mərhələdə də islahatlar, müsbətə doğru dəyişikliklər davam edəcək”.   

Sabiq nazir Fikrət Yusifov: “Özbəkstan hökuməti bu gün yeni heç nə etmir, sadəcə, dünyanın inkişaf etmiş ölkələrinin başlanğıcda keçdikləri yolu özləri üçün seçim ediblər”


Sabiq maliyyə naziri, iqtisadçı professor Fikrət Yusifov isə bildirdi ki, Özbəkistanda son illər ərzində aparılan islahatlar bu ölkəyə beynəlxalq aləmdə münasibəti kökündən dəyişə bilib: "Bu, bir ölkəyə xarici investisiyaların kütləvi şəkildə axması üçün olduqca vacib şərtdir. Bu gün qardaş ölkədə beynəlxalq kapitalın axa biləcəyi münbit biznes mühiti formalaşır. Azərbaycanın bir çox iş adamlarının da Özbəkistanda müxtəlif fəaliyyət sahələrinə investisiyalar qoyması barədə məlumatlar yetərincədir. Kapitalın dünyanın bir yerindən başqa yerinə axınının yazılmamış, lakin çox dəqiq işləyən bir qanunu mövcuddur - kapital o yerə axır ki, orada onun toxunulmazlığına yüksək səviyyədə təminat var və real biznes mühiti mövcuddur. Bu yolla bir çox ölkələrin dərin böhrandan çıxıb qabaqcıllar sırasına yüksəlməsi barədə çoxlu misallar gətirmək mümkündür. Cənub-Şərqi Asiya ölkələrinin bu sahədə çox yaxşı təcrübəsi mövcuddur. İslahatlar islahat xatirinə aparılmamalıdır, onlar konkret nəticələrə hesablanmalıdır və bu nəticələrin əldə olunması özünü illər uzunu gözlətməməlidir. Dövlət idarəetmə aparatında aparılan islahatlar bütün digər islahatların kökündə dayanan əsas məqamlardan biridir. Əgər idarəçilikdə paralellik varsa, məsələlərin həlli normal koordinasiya edilə bilmirsə, deməli bu yerdə problemlər həll edilmək əvəzinə artmaqda davam edəcəkdir. Ortada məmur ordusunun yaratdığı rüşvət mexanizminin və bütövlükdə korrupsiyanın olması isə idarəçiliyin iflic halına düşməsinə aparan yolda yaşıl işıqdır desək səhv etmərik. Özbəkistan hökuməti bu gün yeni heç nə etmir. Onlar, sadəcə olaraq, dünyanın inkişaf etmiş ölkələrinin başlanğıcda keçdikləri yolu özləri üçün seçim ediblər. Əgər bu seçim sona qədər dəyişməyəcəksə, biz yaxın bir neçə il ərzində indikindən daha yüksək səviyyədə inkişaf etmiş bir Özbəkistan görə biləcəyik”.


Sabiq nazir hesab edir ki, Azərbaycan hökuməti də belə dərin islahatların aparılmasına, nəhayət, qərar verməlidir: “Ona görə dərin islahatlar deyirəm ki, biz bu gün Nazirlər Kabinetinin islahatçı bir mərkəz olduğunu deyə bilmərik. İqtisadiyyat Nazirliyi ona aid olan-olmayan onlarla təşkilatı özündə birləşdirərək köklükdən nəfəs ala bilməyən bir canlını xatırladır. Belə olan halda idarəçiliyin səmərəliliyi aşağı düşür, qərarların qəbulundakı çeviklik təmin oluna bilmir. Belə bir mühitin olduğu yerdə xarici kapitalın həcmi də minimuma enir. Bütün bunlar düşündürücüdür, lakin həlli mümkünsüz deyildir. Sadəcə, qətiyyətli islahatların vaxtının çatdığına əmin olub, ona getməliyik. İqtisadiyyatda real artımların təmin olunması, ölkə iqtisadiyyatının neft və qazdan asılılığının tam optimallaşdırılması, real sektorun yüksəlişi, ölkədəki sosial məsələlərin yüksək səviyyədə həlli məhz bu yoldan keçir. Biz də bu yolu seçməliyik”.


Etibar SEYİDAĞA,

“Yeni Müsavat”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10