Ukrayna müharibəsi və Rusiya prezidenti Vladimir Putinin NATO ilə uzun müddətdir davam edən problemi Qərbin genişlənən təsir dairəsi ilə bağlı narahatlığı artırıb. Rusiya liderinin Ukraynanın NATO-ya qoşulma ehtimalına qarşı çıxaraq nüvə kartını oynaması ABŞ-da böyük reaksiya ilə qarşılanıb.
Ekspertlər Putinin Şərqi Avropa ölkəsinə müharibə elan etməsindən sonra təxminən 10 ay ərzində Rusiya-Ukrayna müharibəsinin NATO ilə daha böyük münaqişəyə çevrilə biləcəyindən narahat olduqlarını bildirirlər. NATO isə bəyan edib ki, Putin NATO üzvü olan hər hansı bir ölkəyə hücum edərsə, 5-ci maddə işə salınacaq.
ABŞ Konqresinin Nümayəndələr Palatasının Respublikaçı deputatı Adam Kinzinger NATO-nun Rusiyanı niyə hələ də məğlub etməməsi ilə bağlı sualı cavablandıraraq, aqressiv ritorika ilə çıxış edib.
"Ümid edirəm ki, bu, zarafatdır. NATO üçün Rusiyanı məğlub etmək üç günlük əməliyyatdır", - deputat bildirib.
O, alyansı hərəkətə keçməyə çağırıb.
Qeyd edək ki, son həftələrdə həm Rusiya, həm də NATO münaqişə potensialı barədə xəbərdarlıq edib.
Dekabrın əvvəlində NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, NATO və Rusiyanın Ukrayna üzərində böyük müharibəyə girə biləcəyinə “şübhə yoxdur”.
"Qorxuram ki, Ukraynadakı müharibə nəzarətdən çıxıb, NATO və Rusiya arasında böyük müharibəyə çevriləcək. İşlər dəhşətli dərəcədə pis gedə bilər" - Stoltenberq narahatlıqların artacağını bildirib.
Digər tərəfdən, Kremlə yaxınlığı ilə tanınan Konstantin Sivkov Moskvanı NATO-ya qarşı münaqişə üçün daha çox raket hazırlamağa çağırıb.
"Yaxın gələcəkdə NATO ilə münaqişənin qaçılmazlığını nəzərə alaraq, biz daha güclü və müasir silah sistemləri istehsal etməliyik", - Sivkov bildirib.
Nigar Cəfərli,
Musavat.com