Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycanda 2022-ci ilin ən səs-küylü, qalmaqallı hadisələri - SİYAHI/FOTOLAR


Ötən illərdə olduğu kimi 2022-ci il də qalmaqalsız, səs-küysüz ötüşməyib. 

2022-ci ildə ölkənin siyasi və sosial həyatında yaşanmış ən səs-küylü hadisələri təqdim edirik:

İlin səs-küylü hadisələrindən biri, ilin əvvəllində - fevral ayında qadının canlı yayımda törətdiyi cinayəti etiraf etməsi oldu.

Fevralın 1-də ARB TV-də yayımlanan "Səni axtarıram” verilişinin canlı efirində 1 il 9 ay sonra qadın qayınanasını öldürdüyünü etiraf edib.

Ağcabədi şəhər sakini Əfsanə Cəfərova elə canlı yayım zamanı qayınanası Fəxrəndə İbrahimovanı öldürdüyünü boynuna alıb. 

O bildirib ki qayınanasını qəsdən öldürməyib. Sonra isə qətli yoldaşının əmisi oğlu ilə törətdiyini bildirib.

Bu etirafdan sonra polis studiyaya gələrək qadını həbs edib. 

"Azərsun Sənaye Parkı”nda baş verən yanğın da ölkə gündəmini zəbt edən xəbərlərdən oldu.  28 aprel 2022-ci ildə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi, Metal baza yolunda yerləşən "Azərsun Sənaye parkı" kompleksinin ərazisində yanğın hadisəsi baş verib.

Yanğın əvvəlcə plastik qablar fabrikindən başlayıb. Daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib. Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub.

Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın isə on milyon manatlarla ölçüldüyü deyilir. Bildirilib ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş. 

Səs-küylü hadisələrdən biri də MİDA-da "Güzəştli mənzil” sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edilməsi oldu. Satışa çıxarılan mənzillərin 5 saniyəyə satılması böyük narazılıq yaratdı və bununla bağlı araşdırma başladıldı. 

Daha sonra Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayaraq Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin 30.03.2022-ci il tarixdə mənzillərin güzəştli şəkildə satışının həyata keçirildiyi "Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlandı və mənzil seçimləri zamanı kompüter məlumatlarına qanbunsuz müdaxilə edən bir neçə şəxs saxlanıldı. Cinayət işi açıldı. 

Bu ilin mayında sosial şəbəkələrdə Məlhəm, Əngəxaran, Çuxuryurd bələdiyyələrinin sədri Soltanpaşa Məlikovun oğlu Əziz Məlikovun Bakıda avtoşluq etməsi ilə bağlı görüntülər yayılmışdı. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, həmin vaxt faktiki olaraq hərbi xidmətdə olub.

Dekabrın 12-də Bakı Hərbi Məhkəməsində keçirilən iclasda Əziz Məlikova hökm oxunub. Hökmə əsasən, Əziz Məlikova 6 ay müddətə intizam xarakterli hərbi hissədə saxlama cəzası verilib. Belə ki, o, xidmət müddətindən əlavə olaraq 6 ay hərbi hissədə saxlanılacaq.

Qeyd edək ki, Soltanpaşa Məlikov bölgədə həm də böyük təsərrüfat sahibi kimi tanınır. 

Ən böyük səs-küyə səbəb isə FHN-də yayılan intim videolar oldu. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, polkovnik Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq, qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və foto çəkilişlər aparıb, hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

Qeyd edək ki, Z.Mirzəyev bu ilin avqustun 17-də saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. 

Meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib.

Tanınmış meyxanaçı Rəşad Dağlının törətdiyi qətl də ölkə gündəmini zəbt etdi. 

O, noyabrın 9-da gecə satalarında tanışı 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi bıçaqlayaraq öldürüb. 

Qeyd edək ki, meyxanaçı barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. 

44 gün davam edən İkinci Qarabağ müharibəsində korpus komandirinin müavini olmuş, şəhid polkovnik Babək Səmidlinin iki səs yazısı yayıldı.

Həmin səs yazılarında Babək Səmidli kimliyi məlum olmayan şəxsə İkinci Qarabağ müharibəsi haqqında məlumat verib. Bu səs yazısı da ölkədə böyük səs-küyə səbəb oldu. 

O, müharibənin bitməsindən bir neçə gün sonra, noyabrın 23-də Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində yayılması müxtəlif müzakirələrə və suallara yol açmış səs yazısı ilə bağlı araşdırmaya başlanılıb. 

İlin digər qalmaqallı hadisələrindən biri də Ədliyyə Nazirliyinin Mühafizə Alayının komandiri, ədliyyə mayoru Tural Rəfiyevin yaydığı video oldu. Həmin görüntülər noyabrın 22-də sosial şəbəkələrdə yayılıb.

Videodakı qadının həmin zabitin həyat yoldaşı olduğu iddia edilib. Görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Daha sonra Tural Rəfiyev tutduğu vəzifədən azad edilib.  

İlin ən səs-küylü hadisələrindən biri də 26 noyabrda Şağan qəsəbəsində yerləşən  Şağan olimpiya komleksin keçirilən yarış zamanı 2002-ci il təvəllüdlü Ruslan Səfixanovun özündən kiçik 16 yaşlı Turan Rüstəmovu çoxsaylı bıçaq zərbələri ilə öldürməsi oldu.

Hadisədən dərhal sonra Ruslan Səfixanov elə yarış keçirilən zalda həbs edilib. İlkin istintaq zamanı hadisənin şəxsi münasibətlər zəminində baş verməsi müəyyən olunub və şübhəli şəxs qismində tutulan Səfixanov Ruslan ifadəsində qeyd edilən əməli törətdiyini etiraf edib.

28 noyabrda Xəzər rayon Məhkəməsində Səfixanov Ruslan barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ruslan Səfixanovun atası Elçin Səfixanov əməkdar məşqçidir. Elçin Səfixanov hazırda mülki işçi kimi Daxili İşlər Nazirliyinin "Dinamo" İdman Cəmiyyətində çalışır.

Ölkənin ən çox danışılan, müzakirələrə səbəb olan hadisələrindən biri də 2017-ci ildə Tərtərdə hərbi hissədə baş vermiş hadisələrlə bağlı Baş Prokurorluqda işin araşdırılması üçün yeni istintaq qrupu yaradılması oldu. Araşdırmalardan sonra hadisə zamanı zərər çəkən dünyasını dəyişən və yaşayan hərbçilərdən bəzilərinə bəraət verildi. Həbsdə olanlar həbsdən azad edildi. 

Hələ ilin əvvəlində Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov bildirib ki,  bu günə kimi 296 nəfər zərərçəkmiş kimi tanınıb, onlardan 178 nəfərə işgəncə verilməsi müəyyən olunub.

Bu ilin dekabrında yayılan siyahıya görə, 1-ci iş üzrə 19, 2-ci iş üzrə 18, 3-cü iş üzrə isə 1 nəfər bəraət alıb. 

İki nəfər isə ölümündən sonra bəraət alıb.  

İlin ən səs-küylü, böyük rezonansa səbəb olan hadisəsi isə Naxçıvanda baş verən həbslər oldu. 

Naxçıvan Gömrüyündə keçirlən yoxlama və həbslər, daha sonra Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Rafael Əliyevin həbsi böyük əks-səda yaratdı. 

Bakı şəhəri Səbail rayon məhkəməsi 26.11.2022-ci ildə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla "xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir. 

Qeyd edək ki, o, 2020-ci il avqustun 19-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun fərmanı il Naxçıvan Respublikasının maliyyə naziri təyin edilib. 

Bununla da Naxçıvan Muxtar Respublikasının həbs edilən nazirlərinin sayı 4-ə çatıb.

Bu ilin noyabrın 28-də Prezident İlham Əliyevin müvafiq fərmanı ilə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsi ləğv edilib.

Fərmana əsasən, Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan Naxçıvan Baş Gömrük İdarəsi yaradılıb./Qaynarinfo






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10