Bu gün Azərbaycanın ilk qadın bəstəkarı, Əməkdar incəsənət xadimi Ağabacı Rzayevanın doğum günüdür. Onun haqqında maraqlı faktları təqdim edirik.
Ağabacı İsmayıl qızı Rzayeva 15 dekabr 1912-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. Atası İsmayıl ixtisasca iqtisadçı olsa da, muğamın sirlərinə yiyələnir, onları tarda çalmağı öyrənir. Onun atası, yəni Ağabacının babası Mirzə Fərəc də məşhur tarzən olub.
***
Ağabacı Pedaqoji texnikuma daxil olur. 1929-cu ildə oranı bitirir. Bir neçə il Saray, Kürdəxanı və Maştağa kəndlərində müəllimlik edir. O zamanlar kənd yerlərində müəllimlik edən qadınlara pis baxırdılar. Günlərin birində isə Ağabacı bir dəfə dərsdə olanda sinfə tərəf atəş açılır. Xoşbəxtlikdən ona heç nə olmur.
Ağabacı yaxşı səsi olan qızları başına yığıb xor yaradır, özü də onları tarda müşayiət edir. Bir gün isə atası evə gələrək ona və bacısı Ruqiyyəyə deyir, Üzeyir Hacıbəyov xalq musiqisi kursu açıb, amma qız tələbəsi yoxdur. O, məndən xahiş edib ki, sizi onun kursuna aparım.
***
Üzeyir bəy Ağabacı ilə bacısı Ruqiyyəni öz yanına çağırtdırıb, adəti üzrə bığlarını tumarlaya-tumarlaya deyir: "Qoçaq qızlarsız, heç kəs öz qızını tar çalmağa qoymur, özümüzünkülər gəlsə, başqaları da baxıb həvəsə düşərlər".
***
Beləliklə Ağabacı Azərbaycan Dövlət Konservatoriyasında Üzeyir Hacıbəyovun kompozisiya sinfində təhsil alır, onun ən sevimli tələbələrindən biri olur. Musiqi-nəzəri fənlərdən isə ona Üzeyir Hacıbəyov, Qara Qarayev, Əfrasiyab Bədəlbəyli və Cövdət Hacıyev dərs deyirlər. Bir il sonra o, Üzeyir Hacıbəyovun yaratdığı ilk notlu xalq çalğı alətləri orkestrinə qəbul olunur, 1938-ci ildə isə Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında iştirak edir.
Ağabacı həm Azərbaycanda, həm də bütün Şərqdə peşəkar musiqi təhsili almış ilk qadın-bəstəkardır. Onun ardınca digər istedadlı qızlar da Ədilə Hüseynzadə, Hökümə Nəcəfova, Şəfiqə Axundova bəstəkarlıq sahəsinə gəlirlər.
***
Üzeyir Hacıbəyov Ağabacı haqqında bu sözləri demişdi: Sən sübut etdin ki, qadın da bəstəkar ola bilər.
***
Bəstəkarlıqla yanaşı Ağabacı Rzayeva musiqi-maarifçilik işini ömrünün sonuna kimi davam etdirmişdi.
Bəstəkar klassik və müasir şairlərimizin, aşıqların və digər xalqlara məxsus şeir ustalarının yaradıcılığına müraciət edib. Bunlar arasında Nizami, Nəsimi, Füzuli, M. Ş. Vazeh, M. Ə. Sabir, Aşıq Hüseyn, Qaracaoğlan, Əşrəfoğlu, N. Rəfibəyli, İ. Səfərli, Ş. Qurbanov, M. Dilbazi, M. Araz və başqalarının şeirləri olub.
***
Ağabacı Rzayevanın şöhrəti artdıqca onun qəbul etməyənlərin də sayı çoxalır. Və onun musiqilərinin əslində müəllimi Üzeyir Hacıbəyov tərəfindən bəstələndiyini deyirlər. Gənc bəstəkar bu deyilənlərə fikir verməməyə çalışır. Üzeyir Hacıbəyovun ölümündən sonra bu söz-söhbətlərə son qoyulur.
***
Ağabacı Rzayeva başqa həmkarlarından fərqli olaraq, Üzeyir Hacıbəyovun ölümünün ildönümü ilə əlaqədar Hüseyn Abbaszadənin sözlərinə "Sənin xatirən" adlı qəzəl-romans yazır və unudulmaz müəlliminin əziz xatirəsini əməli yaradıcılıq işi ilə anaraq, ona qarşı bəslədiyi səmimi hisslərini ifadə edir.
Bəstələdiyi “Ey pəri” mahnısı Şövkət Ələkbərova, Həqiqət Rzayeva və digər müğənnilər tərəfindən ifa edilir. Bir gün isə mahnı hər yerdən çıxarılır və oxunmur. Sonralar isə mahnı Cənubi Azərbaycanda xalq mahnısı adı ilə böyük populyarlıq qazanır. Bundan sonra mahnı yenidən Azərbaycanda ifa olunur. İllər keçir bəstəkar Vaqif Mustafazadə “Ey pəri” və “Evimizə gəlin gəlir” mahnılarına möhür vurur.
***
Bəstəkar heç vaxt ailə qurmur. Anası və bacıları ilə birgə yaşayır. Onun üç bacısından yalnız biri Ruqiyyə ailə qurur. Bəstəkar ana olmasa da, bir çox məşhur uşaq mahnılarını - “Kukla”, “Qaranquş”, “Ağ göyərçin” mahnılarını yazır.
***
Bəstəkarın maddi vəziyyəti ağır olduğu üçün ehtiyac üzündən sifarişlə taxılçılığa, üzümçülüyə, sovet dövrü və partiya ideyalarını təbliğ edən mahnılar yazır.
Bəstəkarın mahnılarını Bülbül, Rəşid Behbudov, Şövkət Ələkbərova, Rübabaə Muradova, Tükəzban İsmayılova, Gülağa Məmmədov, Nəzakət Məmmədova ifa edir.
***
Ağabacı Rzayeva bir çox mahnı və romansların - həmçinin "Höcət eləmə" (1965, İsmayıl Quliyevlə birgə) musiqili komediyasının, "Ögey ana" dramının, Xalq Çalğı Alətləri Orkestri, simli kvartet üçün pyeslərin, simfonik əsərlərin, Nəsiminin sözlərinə 7 romansın və s. əsərlərin müəllifidir. İfa olunmamış əsərləri İncəsənət Arxivində saxlanılır.
***
Ağabacı Rzayeva respublikanın ictimai həyatında da fəal iştirak edir. O, bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olmuş, 2 dəfə "Qırmızı Əmək Bayrağı" ordeni, "Şərəf Nişanı" ordeni və müxtəlif medallarla təltif olunmuşdu. 1960-cı ildə ona Əməkdar incəsənət xadimi fəxri adı verilmişdir.
Günlərin birində ona yazıçılar poliklinikasından zəng vurub deyirlər ki, sizə “botkin” xəstəliyi əleyhinə iynə vurmalıyıq. İynə vurulan gün onun hərarəti yüksəlir. Təcili yardım gəlsə də, bəstəkarın həyatını xilas etmək mümkün olmur. 5 iyul 1975-ci ildə 63 yaşında Bakıda vəfat edən bəstəkar 2-ci Fəxri xiyabanda torpağa tapşırılır. Bacısı Ruqiyyə ona sui-qəsd edildiyini iddia edir./kulis.az