Azərbaycanın Qarabağ iqtisadi zonasında erməni əhalinin məskunlaşdığı ərazinin icmasının qondarma rəhbərləri Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin “Dəmirli” və “Qızılbulaq” mədənlərində monitorinq aparmasına mane olublar. Xankəndidə iddia edirlər ki, onların “Kaşen” və “Drmbon” adlandırdığı mədənlər ekoloji cəhətdən qüsursuzdur, Azərbaycan nazirliyinin bu mədənləri yoxlamaq niyyəti yalnız siyasi məqsəd daşıyır.
Turan Qarabağdakı mədənlərlə bağlı Ermənistan mətbuatında dərc olunan yazıları araşdırıb və bütün bölgənin erməni işğalı altında olduğu müddətdə “Dəmirli” və “Qızılbulaq”da ekoloji yoxlamanın aparılması, həmin mədənlərin erməni mütəxəssislər tərəfindən təftişinin müsbət və ya mənfi nəticəsi barədə heç bir yazı və xəbərə rast gəlməyib. Bu mədənlərlə bağlı, ümumiyyətlə, heç bir məlumat yoxdur, sanki böyük bir ərazidə onlarla metr dərinlikdə yer buldozerlərlə qazılmayıb və oradan yüz milyonlarla dollarlıq təbii ehtiyatlar çıxarılmır.
Lakin o vaxt Araik Arutyunyana məxsus kiçik hidroelektrik stansiyalarının tikintisindən Qarabağın ekologiyasına dəyən zərərə dair çoxlu yazılar var. Yerli ekoloq Alexander Kananyan bildirib ki, kiçik hidroelektrik stansiyaları bölgənin ekosistemini pozaraq yerli çayları məhv edir. "Çayların quruması Arsaxın mühüm strateji hissəsi və bütövlükdə Ermənistan üçün həyatı üçün yararsız edir". Kiçik hidroelektrik stansiyalarının tikintisini dayandıra bilməyən Kananyan 21 yanvar-4 fevral 2020-ci il tarixlərində aclıq aksiyası keçirib. Aclıq aksiyası Kananyanın qələbəsilə başa çatıb. Hakimiyyət kiçik hidroelektrik stansiyalarının ətraf mühitə təsirini öyrənmək üçün müstəqil mütəxəssislərin iştirakı ilə komissiya yaratmaq şərtini qəbul edib.
Qarabağdakı mədənlər haqqında heç nə yazılmayıb, bu barədə məlumat gizlədilir. Ancaq Ermənistanda mədənlərin ekologiyaya dağıdıcı təsiri haqda bir çox faktlar var. 2017-ci ildə Danimarka Dövlət Kredit Agentliyi Ermənistandakı "Tehut" yatağında şaxta operatorları üçü ixrac kreditlərinə zəmanətləri geri götürmək qərarına gəlib və özəl sahibi ekoloji standartlara əməl etməməkdə ittiham edib.
Danimarkanın Dövlət Kredit Agentliyi “Tehut” mədəni üçün kreditin ləğvi barədə müraciətində hasilat ərazisində suyun çirklənməsi, mədənin tullantı bəndinin seysmik davamlılığı, eləcə də iş şəraitinin pis olması ilə bağlı problemlərin olduğunu qeyd edib. Yerevanın “Hetq” nəşri onu da qeyd edir ki, mədən ərazisində 140 hektar meşə sahəsi kəsilib.
Nəşr “Vallex” şirkətinin əməkdaşı David Tadevosyanın sözlərinə istinad edir, o, tullantı bəndindən suyun çaya axıdılması ilə bağlı bir neçə hadisə haqda açıq şəkildə bildirib, lakin onun sözlərinə görə, “bu, çayı heç bir şəkildə çirkləndirməyib”.
"Tehut" və "Amulsar" mədənlərinin problemi 2018-ci ildə Nikol Paşinyanın hakimiyyət uğrunda mübarizəsində qələbəsinin səbəblərindən biri idi. O, baş nazir olduqdan sonra erməni mədənlərində yoxlamaların aparılmasının vacibliyini bildirib. Onun çıxışının vacib bir hissəsi o idi ki, "Ermənistanda ekoloji tədqiqatlar və mədənlərin fəaliyyətini monitorinqini aparmaq üçün heç bir avadanlıq yoxdur. Paşinyan əmindir ki, bu, ona görə baş verib ki, əvvəllər hakimiyyət bir sadə prinsipi əldə rəhbər tutub: "ya mədən işləyir, ya da mədən işləmir". "Bu gün hamı "Amulsar"dan danışır, amma qalan mədənlərdə heç bir araşdırma aparılmayıb. Bəlkə fəlakət artıq baş verib, ancaq bizim bundan xəbərimiz yoxdur və ya əhvalımızı korlamamaq üçün bizdən gizlədirlər?"- baş nazir bildirib.
Məlumdur ki, Qarabağa bütün sənaye avadanlığı Ermənistandan gətirilib. Hətta əgər Ermənistanda mədənlərin yoxlanılması üçün texniki imkan yoxdursa, Qarabağda belə avadanlıq ola bilməz. Deməli, Qarabağda molibden, mis və qızıl mədənlərinin istismarı səbəbindən ekoloji problemlərin olmadığını iddia etmək üçün ermənilərin əsası yoxdur.
Erməni mənbələrin məlumatlarına görə, “Qızılburun” və “Dəmirli” mədənləri istismar müddətində tükəniblər. "Dəmirli" mədəni 27 sentyabr 2020-ci ildən istismar edilmir, çünki müharibənin nəticələrinə görə nasos stansiyası Azərbaycanın nəzarətində olan ərazidə qalıb, yeni stansiyanın tikintisi üçün isə sahiblərin pulu yoxdur.
Lakin Ekologiya və Təbii Sərvətlər Nazirliyi təkcə ekoloji ekspertiza keçirmək niyyətində deyil, həm də təbii sərvətlərimizin 30 il ərzində oğurlanması zamanı Azərbaycana dəyən ziyanı qiymətləndirmək niyyətindədir. Bunu nazir müavini Vüqar Kərimov bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyinin "Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər" adlı hesabatında Azərbaycanın işğal olunmuş ərazilərində yeraltı sərvətlərin qanunsuz işlənməsində iştirak edən şirkətlər haqqında məlumat verilir. Bu ərazilər təbii ehtiyatlarla zəngin olub – burada zəngin əlvan metallar, qızıl, civə, qurğuşun, daş kömür və sink, perlit və digərləri daxil olmaqla, təxminən 155 qiymətli daş, mineral və dəmir yatağı var.
"İşğal olunmuş ərazilərdə ekoloji standartlara riayət edilmədən qanunsuz olaraq hasil edilən dağ-mədən sənayesi məhsulları xammal kimi Ermənistana göndərilir, zavodlarda emal olunur, sonra xammal və ya yarımfabrikat kimi ixrac edilir", - 2018- ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin o vaxtkı rəsmi nümayəndəsi (hazırda prezidentin köməkçisi) Hikmət Hacıyev qeyd edib.