Masallı şəhərində ağrılı və qəribə hadisə baş verib. Masallı şəhərinin İskəndərli adlanan ərazisində (Məscidin yanı) yaşayan Axundov Vasif Asif oğlu dünyasını dəyişib. Mərhumun meyiti dünən, 14 dekabr 2022-ci ildə aşkarlanıb. Bir neçə nəfərin bildirdiyinə görə (onlar adlarının gizli saxlanmasını xahiş ediblər) Vasif Axundovun narkotik aludəçisi olub. O, vaxtaşırı olaraq yaşadığı ərazinin yaxınlığındakı məscidin ətrafında dilənirmiş. 10 gündən artıq imiş ki, Vasif ətrafda görünmürmüş. Qonşuların bildirdiyinə görə, son günlər onun yaşadığı ev tərəfdən pis qoxular gəlirmiş. Nəhayət, qonşular polisə zəng edib. Həmin məlumatı bildirən şəxsin dediyinə görə, polislər gəlib qapını sındıraraq evə girmişlər. Meyitə yaxınlaşmaq çətin olduğu üçün qonşular onu ədyala büküb çölə çıxarmış, sonra isə məscidə aparıb kəfənləyib, daha sonra dəfn etmişlər.
Qonşular bildiriblər ki, o, psixi problemi olan bacısı ilə birgə, olduqca kasıb vəziyyətdə yaşayırmış və güman edirlər ki, Vasif evdə aclıqdan ölüb.
Məlumatı bir neçə şəxs təsdiqləsə də, adlarının çəkilməməsini xahiş etmişlər.
Biz olayla bağlı Masallı İHB-nın şəhər üzrə nümayəndə əvəzi Vahid Əhədova zəng etdik.
Vahid müəllimlə təkidlə bildirdi ki, o, aclıqdan yox, narkotikdən ölüb və məscidin yaxınlığında yıxılıb.
Biz məlumatı daha da dəqiqləşdirmək üçün Masallı İHB-nin müavini Aybəniz xanıma zəng vurduq. Təəssüf ki, o da telefonu açmadı.
Onu da qeyd edim ki, son aylar Masallı RİHB-nin 1-ci müavini, 3 şöbə müdiri vəzifəsi vakant olduğu, eləcə də digər rəsmiləri telefona cavab vermədikləri üçün adam bilmir daxil olan məlumatları kimlərlə dəqiqləşdirsin. (Bundan əvvəl isə digər müavin –Adəm Məhərrəmovla əlaqə qurmaq istəyəndə nə telefona, nə də ünvanladığımız mesajlara cavab verməmişdi).
Bütün hallarda maraqlı tərəflərin fikirlərinə də yer ayırmağa hazırıq.
Cenub.az. Zahir Əmənov