Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Pullu olacaq yolda nə işıqlanma, nə “zapravka” var - Lənkəran qeydləri/Reportaj


Vaxt varıydı, Bakıdan Lənkərana olan 271 kilometrlik yolu Salyanın, Biləsuvarın, Cəlilabad və Masallının içindən keçər, çala-çuxur, kələ-kötür, enişli-yoxuşlu, məşəqqətli yolları qət edər, axır ki cəmi 271 km məsafəni avtomobillə 4 saata, avtobusla 4 saat yarım, 5 saata gedib çıxardıq.

Bu əzablı yolların tıxacı da, qəza risqi də olardı, “gizli” radarları ilə də gizlənpaç oynayardıq, dağılıb-tökülmüş yollarda zülm çəkərdik. Yolun çətinliyinin dərdindən Lənkərana getməyə ərinərdik, tənbəllik tutardı.

Bu səfər belə olmadı, pullu olacağı gözlənilən yeni Bakı - Astara yolu ilə düz iki saata Lənkərana gəlib çıxdıq. Üstəlik, yol 40 km qısalaraq 231 km olub. Azərbaycanın heç bir bölgəsinə hələ belə yol çəkilməyib. Elə bil ki, Türkiyənin, Avropanın yolları ilə gedirsən. 

İllərdir ki, cənub zonası əhlinin intizarla gözlədiyi təzə yolun ötən ilin təxminən noyabrından açılması hamının işini birə beş yüngülləşdirib.
Daha nə Salyan, nə Biləsuvar, nə Cəlilabad görəcəksiniz, hər rayonun mərkəzinə giriş yolları açılmaqla, düppədüz yol sizi Lənkərana aparır. 
Salyan ərazisinə qədər 110 s/km sürət qoyulub, ondan sonra 120 sürət yazılıb. Sürücülər radar “təhlükəsi”ni keçərək ayağını “qaz”a qoyaraq aşağısı 130-140 sürətlə gedirlər. Bir də gözünü açıb görürsən ki, 2 saata Lənkərandasan.

Yollar hər iki tərəfdən hasarlanıb ki, mal-heyvan çıxa bilməsin, əks halda nə baş verəcəyi aydındır. Yəni, yaxşıdır, pakizədir. İntəhası...
İntəhası budur ki, təriflədiyimiz bu yol boyu nə yanacaqdoldurma məntəqəsi, nə maşın təmiri sexləri, nə tualet, nə kafe, nə də işıqlanma var.
Cəmi bir yerdə restoran açıblar, vəssalam. Əgər yolda avtomobiliniz xarab olarsa, benzin qurtararsa, heç kim dadına çata bilməz.

Bunun üçün Hollivud filmlərində olduğu kimi, tək-tənha yolda qalacaqsınız, yoldan ötən maşınlara əl eyləyib yardım istəyəcəksiniz, o da qalır həmin şoferlərin insafına...

Əslində, həm YDM, həm yeni kafelər, təmir sexləri açılması nəzərdə tutulub. Amma hələlik bir nəticə yoxdur. Ən əsası isə bu yolu axşam sürmək çox təhlükəlidir. Çünki işıqlandırma sistemi təşkil edilməyib.

Sürücülər deyirlər ki, şəhərdən çıxanda maşının çənini benzinlə tam doldurub çıxırlar: “Bu cür gözəl yol çəkilib, rahat gedib-gəlirik, ancaq bir “zapravka” yoxdur.

Təzə yol çəkiləndə bütün infrastruktur təşkil olunmalıdır. Birinin maşını yolda xarab olsa, bəs neyləməlidir? Beş aydan çoxdur ki, yol açılıb, heç işıqlanma yoxdur. Bu problemlər həll olunmalıdır.

Deyirlər ki, olacaq, amma bircə Salyan-Biləsuvar arasında restoran açılıb. Bu işləri tezləşdirmək lazımdır. İnsanların təbii ehtiyacları var, xəstəsi, körpəsi olanlar var, yolda dayanmaq istəyənlər olur. 
Bütün bunları nəzərə almaq lazımdır. Sonra alternativ yol düzəldilməlidir ki, təzə yol ödənişl olsun”. 
Onu da deyək ki, Azərbaycanın ilk ödənşli yolu olacaq Ələt-Astara yolunda quraşdırılacaq turniketlərin sifarişi üçün müqavilə imzalanıb. Bu ilin sonuna qədər proses yekunlaşacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilmişdi ki, vətəndaşlar üçün istirahət yerləri hazırlanır, yanacaqdoldurma məntəqələri və təmir məntəqələri nəzərdə tutulub, iş gedir. 

Emil SALAMOĞLU
“Yeni Müsavat”
Bakı-Lənkəran






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10