Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qarabağ siyasətində sərt dönəm başlayır...


25 aydır ki, müharibə bitib və Rusiya hərbi kontingenti sülhməramlı adı ilə zorla Qarabağa girən gündən məlum oldu ki, ermənilər məğlub olmalarına baxmayaraq iddialarından əl çəkməyiblər. İddia məlumdur: Qarabağın əllərində qalan hissəsini Azərbaycandan qoparmaq. Düşmən iki il əvvəl qısıla-qısıla dediyini indi ucadan söyləyir. Səsgücləndiricini erməniyə Kreml verib. Vardanyan hər gün saymazyana şəkildə  Azərbaycana mesajlar göndərir:

“Azərbaycan anlamalıdır ki, biz onlarla birgə yaşamaq istəmirik”,” Biz Bakının rəyinə istiqamətlənməməliyik, düzgün hesab etdiyimizi etməliyik”. Vardanyan səsini ucaltdığına görə bizim nümayəndə heyətini Ağdərədəki mədənə yerli əhali və orada işləyənlər buraxmayıblar. Bu aksiyanın əvvəldən Rusiya hərbi kontingentinin komandanlığı ilə razılaşdırıldığı şübhə yaratmır. Yoxsa, əlində silah olan hərbiçilərin mədənə girişə şərait yaratmağa gücü çatmadı? Ermənistan parlamentinin deputatı Tiqran Abramyan isə “Artsax hakimiyyəti izahat verməlidir ki, azərbaycanlılar necə olub ki, mədənə gəliblər” kimi qudurğan iddia ilə çıxış edib. Rusiya hərbi kontingentinin ilk günlərdən Azərbaycana qarşı qərəzli, birtərəfli hərəkətlərinə qarşı sərt etiraz bildirilmədiyi üçün ruslar o sərtliyi bu günədək bizə göstərirlər, azərbaycanlıları öz torpaqlarına buraxmırlar, amma planetin harasında bir azan-təzən varsa Laçından sərhədimizi keçib Qarabağa girməsinə icazə verirlər.

Bu gün Azərbaycana qarşı bir üçbucaq yaranıb: şimaldan Rusiya, cənubdan İran, Qərbdən Fransa. Üçbucağın ortasında isə Ermənistan və separatçı rejim dayanıb. Rusiya daha çox Qərbin danışıqlararda moderatorluğuna qarşı çıxaraq Soçidə, Moskvada formal görüşlər keçirib, reallaşmayan razılaşmalarla süni şəkildə zamanı uzatmaq siyasətini aparır. İran Azərbaycanın güclənməsini qəbul etmir və bizi hədələməklə, erməniyə isə hərtərəfli dəstəyini bütün çılpaqlığı ilə göstərməklə düşmən mövqeyində olduğunu ortaya qoyub. Fransa isə birbaşa separatçı rejimi dəstəkləmək xətti götürüb, Senatda “Artsaxın müstəqilliyini” tanıyıb və Azərbaycana qarşı qətnamələr qəbul edib. İndi isə bu üçbucaq niyyətlərini reallaşdırmağa start verib. Rusiya Ukraynadakı ağır vəziyyətinə görə Qarabağda separatçı rejimi İranın əli ilə silahlandırır. İran tank əleyhinə 600 ədəd raketi Rusiya ilə razılaşdırıb separatçı rejimə, konkret olaraq Qarabağda olan qanunsuz erməni silahlı qüvvələrinə təqdim edib. Yenə də Rusiyanın razılığı ilə həmin silahlardan istifadə qaydalarını erməni hərbiçilərinə öyrətmək məqsədilə, İran 27 mütəxəssisini Qarabağa göndərib, Rusiya sülhməramlıları onları müşayət edərək tərəflərin görüşünə şərait yaradıb. İranlı mütəxəssislər təmas xətti boyu raketləri paylayıb və təlimlər keçirlər.  İran və Rusiya hibrid formanı seçərək separatçı rejimi müharibəyə hazırlayır. Fransa isə separatçılara beynəlxalq dəstək vermək xəttini götürərək, rejim rəhbərliyini yüksək şəkildə qəbul edib, Senatda parlamentarilərlə, Paris və Lion şəhər rəhbərliyi ilə, media nümayəndələri ilə görüşlərini təşkil edib.  

Ermənistan sülh müqaviləsini bağlamamaq üçün əlavələr etdiklərini, yeni şərtlər qoyduqlarını elan edərək, “sülh müqaviləsi tezliklə bağlanmayacaq” mesajını veriblər. Üstəlik, özlərini beynəlxalq qınaqdan sığortalamaq üçün Avropa Şurasında çıxış edən deputat Mariya Karapetyan “ Ermənistanla Azərbaycan arasında olan sülh danışıqlarının Qarabağa aidiyyatı yoxdur” bəyanatı ilə çıxış edərək separatçıların “müqəddatı təyin etmə” prinsipi ilə müstəqillik əldə etməsini əsaslandırmağa, əslində isə Rusiyanın Qarabağda separatizmi daha da dərinləşdirməsinə, dolayısı ilə “Rusiya Qarabağı” yaradılmasına beynəlxalq müstəvidə siyasi don geyindirməyə cəhd etmişdir. 

Separatçı rejimin rəsmiləri isə ənənəvi “əzabkeş erməni” harayı salıb “bizi genosiddən qurtarın” həyasızlığını işə salıblar.  David Babayan, separatçı ombudsman və digər separatçı liderlər son günlər aktiv şəkildə dünyaya müraciətlər ünvanlamaqla Azərbaycanı beynəlxalq səviyyədə təzyiq hədəfinə çevirməyə çalışırlar.

 Detallara varsaq daha pis mənzərə qarşımıza çıxar. Vəziyyət aydındır. Rusiya hərbi kontingentinin Azərbaycan ərazisini tərk etməsi müddəti 2 il 11 aydan sonra bitir. Dinc yolla Xankəndi üzərində dövlət nəzarətimizin bərpasını təmin etmək üçün bu müddət elə də çox deyil. Biz nə etməliyik?

1. İlk növbədə Azərbaycan ərazisində hələ də qalan qanunsuz erməni silahlı qüvvələrinin çıxarılması üçün 2023-cü ilin yanvarın 31-dək vaxt verilməlidir. Qeyd olunan vaxtda erməni silahlı qüvvələri tam çıxarılmadığı halda Azərbaycan 10 noyabr bəyanatını da əsas gətirərək hərbi güc tətbiq edəcəyi barədə Rusiya sülhməramlılarını xəbərdar etməlidir.


2. 25 ay ərzində Rusiya sülhməramlıların nəzarət etdiyi Laçın yolu ilə qanunsuz yüklərin daşınması, başqa ölkələrin vətəndaşlarının Azərbaycan ərazisinə buraxılmasını, qarşıdurma və gərginlik yaradan ideoloji diversantların bu yoldan keçərək Xankəndidə mitinq və digər aksiyaların keçirilməsinə mütəmadi şərait yaradılmasını əsas gətirərək Azərbaycan və Ermənistan dövlət sərhədinin Laçın yolunda Rusiya sülhməramlıları ilə birlikdə sərhəd nəzarət məntəqəsi və gömrük postu yaradılır. Son müddət 1 mart 2023-ci il. Əməl edilmədikdə hərbi yolla, güc tətbiq edərək dövlət sərhədinə nəzarət ediləcəyi Rusiya hərbi kontingentinin komandanlığına xəbərdarlıq edilir.


3. 10 noyabr bəyanatına əsasən keçmiş Dağlıq Qarabağ ərazisinndə yaşayan azərbaycanlı qaçqınların 63 yaşayış məntəqəsinə geri qaytarılması üçün tikinti bərpa işlərinə start verilməsi barədə Azərbaycan Nazirlər Kabineti qərar verir və qərar barədə Rusiya hərbi kontingentinin komandanlığı xəbərdar edilir. Bu məqsədlə tikinti təşkilatlarının təhlükəsizliyi və normal iş şəraitinin yaradılması Rusiya sülhməramlıları ilə birlikdə Azərbaycan daxili qoşunları tərəfindən həyata keçirilməlidir. Bu məqsədlə qrafik təyin olunur və 2023-ci ilin mart ayının 1-dən fəaliyyətə başlanacağı barədə xəbərdarlıq edilir. 


4. Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə təbii sərvətlərin istismarı yanvar 2023-dən tam dayandırılır. Əks halda nöqtə zərbələri ilə həmin ərazilərin vurulacağı barədə xəbərdarlıq edilir.


Qeyd olunanlar 2023-cü il üçün Azərbaycan siyasətinin əsas xətti olmalıdır. Bu xətt İlk baxışdan maksimalist təsir bağışlaya bilər, amma nəzərə almaq lazımdır ki, 25 ay da maksimum müddətdir ki, qarşı tərəfə verilib. Bizim bu gündən sonra atacağımız addımlar sərt və ultimativ xarakter daşımasa Rusiya, İran, Fransa üçbucağı Qarabağ ətrafında situasiyanı daha da gərginləşdirəcək və zamanı ən azı 2030-dək uzatmağa çalışacaqlar. 


Azərbaycan bu yolda Türkiyə ilə koordinasiyalı siyasət aparmalı, ABŞ-ın da təsirindən istifadə etməlidir. Qarşı tərəf yumşaq gücdən anlamır, sərt olmalıyıq.


İlham İsmayıl/ moderator.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10