Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Qasımlı kəndindən olan Fəyyaz Fərəcov əsirlikdən sonra necə orden aldı? (yenilənib)


Fərəcov Fəyyaz Qasım oğlu 1921-ci ildə Azərbaycan SSR, Lənkəran qəzasının indiki (Masallı rayonunun) Qasımlı kəndində anadan olmuşdur. Dini bilikləri səbəbindən doğulduğu kəndin seçilmiş şəxslərindən sayılırdı.


Atası - Qasımov Qasım Fərəc oğlu (1897-17.12.1981) Azərbaycan Xalq Cümhuriyyəti əsgərlərinə maddi yardım etdiyinə görə 1937-ci ilin 14 mart tarixində həyat yoldaşı - Qasımova Xeyrənisə Əli qızı (1901-10.04.1937) ilə bərabər Stalin repressiyasına məruz qalmışlar. Qasım kişi, 17 dekabr, 1981-ci ildə Rusiyanın Kemerov vilayətinin Marinsk şəhərində vəfat etmişdir. 


Xeyrənisə xanım isə, sürgün edildikdən 20 gün sonra,  10 aprel, 1937-ci ildə Qazaxıstanda 36 yaşında  vəfat etmişdir. 

Fəyyaz Qasım oğlu Fərəcov 1941-ci ildə Masallı Rayon Hərbi Komissarlığı tərəfindən Sovet ordusu sıralarına çağırılaraq Rostov vilayəti Proxladnaya şəhərində yerləşən hərbi hissələrin birində xidmət etməyə başlayır. Krımın müdafiəsi uğrunda gedən qızğın döyüşlərdə qəhrəmancasına vuruşur. 


21.06.1942-ci ildə cəbhədə olarkən İzyum şəhərində (Xarkov ətrafı) gedən döyüşlərdə başından ağır yaralanaraq alman faşistləri tərəfindən əsir götürülür. 

Əsirlikdə olarkən  Stalino (indiki Donetsk) və Almaniyanın Ştrans şəhərlərindəki hərbi əsir düşərgələrində saxlanılmış, orada 4-5 ay qaldıqdan sonra İtaliyaya göndərilmişdir. 

SSRİ Hökumətinin 10 saylı  Fərmanına əsasən 19 noyabr 1944-cü ildə  ingilis komandanlığı tərəfindən 2909 nömrəli eşelona (cəbhə dərinliyində mövqe tutan və bu qaydada yeriyən qoşun hissəsinə) çatdırılmışdır.


 21 noyabr, 1944-cü ildə 12 nömrəli fərmana əsasən, Uzaq Şərq mədənlərinə göndərilmiş və burada 1947-ci ilin aprel ayınadək işləmişdir. 

Daha sonra öz doğma kəndinə qayıtmış və Mirhüseyn ağadan dini təhsil alaraq 

məsciddə Quran dərsi verərək öz bilik və bacarığını gələcək nəsillərə öyrətmişdir. 

Sovet dövründə Seyyid Mirhüseyn Ağanı gizlicə öz evində saxlayarmış.


Fəyyaz kişi həm də Qasımlı kəndinin nümunəvi ziyalılarından biri olmuşdur. Fəyyaz kişiyə hər kəs "Fəyyaz dədə" deyə müraciət edərdi. Bu hörməti o öz zəhməti və xeyirxah əməlləri ilə qazanmışdır. 

“Dədə Fəyyaz” Azərbaycan türkcəsilə yanaşı, həm də rus və ərəb dillərini bilirdi. 

SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 27.01.1957-ci il tarixli "Alman-faşist işğalçıları ilə döyüşlərdə və  Böyük Vətən müharibəsi dövründə əsirlikdən qaçarkən göstərdiyi şücaətə görə keçmiş hərbi əsirlərin SSRİ-nin orden və medalları ilə təltif edilməsi haqqında" Fərmanına uyğun olaraq, Fəyyaz Fərəcov "Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı və "Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" , eləcə də  


7 may 1975-ci ildə "Böyük Vətən müharibəsində Qələbənin otuz illiyi", 23 Mart 1978-ci ildə "SSRİ Silahlı Qüvvələrinin 60 illiyi", 30 noyabr 1980-ci ildə "Əmək veteranı" medalları ilə təltif edilmişdir.


6 aprel 1985-ci ildə isə SSRİ Müdafiə Nazirliyi tərəfindən 2-ci dərəcəli BVM ordeninə  layiq görülmüşdür.


Fəyyaz kişi çox zəhmətkeş və dindar adam olub. Əsirlikdə yaşadığı aylar onun həyatında əzablı izlər qoyub. Danışırmış ki, almanlar hərbi sirrləri öyrənmək üçün onlara çox əzablar verib. Həm də xatırlayırmış ki, kimlər sirrləri açıb, öz sovet ordusuna xəyanət edirmiş, onun artıq istifadəsiz kimi güllələyirmişlər. Fəyyaz kişi vətəninə, millətinə bağlı əsgərlərdən olub. 

Nəvələri öz qəhrəman babaları ilə qürur duyur.

Uzun sürən xəstəlikdən sonra 19 may, 1998-ci ildə Masallı rayonunun, Qasımlı kəndində vəfat edib və elə oradaca kənd qəbristanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin! Məkanı cənnət olsun!

Hörmətlə: Fəyyazlı Mehdi Afiq oğlu. 







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10