Bu layihə çərçivəsində Lənkərandakı “İntellekt” Sərhədsiz Maarifçi Gənclər İctimai Birliyi məlumat yayıb. Məlumatda bildirilir ki, yuxarıda adı çəkilən birlik Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə Lənkəran, Lerik, Astara və Yardımlı rayonlarını əhatə edən “Regionda yaşayan gənclərin karyera imkanlarının artırılması üzrə təşəbbüslər” adlı layihənin icrası ilə bağlı bir sıra işlər görüb.
Belə ki, layihə çərçivəsində müsabiqə əsasında seçilmiş cəmi 54 tələbə (hər birində 18 nəfər olmaqla 3 qrupda) Lənkəran şəhərində 1 gün müddətinə “Təhsil və Karyera” mövzusunda təlimdə iştirak etmişlər.
İştirakçılar təlimin növbəti ikinci günündə Astara, Lerik və Yardımlı rayonlarının orta məktəb şagirdləri (hər rayonda 7-8 məktəb) ilə görüşərək onlara eyni mövzu ilə bağlı öz həyat təcrübələrindən məlumat vermiş və qarşılıqlı təcrübə mübadiləsi aparmışlar.
Layihənin məqsədi region gənclərinin təhsil və karyera imkanları haqqında praktik məlumatlılıq səviyyəsini artırmaqla onları təhsilə və elmi fəaliyyətlərə həvəsləndirmək və təşviq etmək, dolayısıyla onların cəmiyyətin formalaşmasında daha fəal insanlar kimi inkişaf etməsinə dəstək olmaqdır.
Ümumilikdə 54 gənc layihə çərçivəsində liderlik və natiqlik bacarıqlarını artırmış, eləcə də həyatlarında ilk dəfə olaraq könüllü ictimai fəaliyyətlərdə məsul şəxs kimi iştirak etmişlər. Layihənin 2-ci əsas benefisiarı isə 3 rayonda 24 məktəbdə cəmi 400 şagird həmin tələbələrin dilindən uğur hekayəsi dinləmiş, tələbənin şəxsi təcrübəsində təhsilin və karyeranın önəmi ilə tanış olmaq imkanı qazanmışlar.
Layihədə iştirak edən gənclər təlimlərdən və məktəbli şagirdlərlə görüşlərdən məmnun qalmış və növbəti bənzər təşəbbüslərdə könüllü iştirakda maraqlı olduqlarını bildirmişlər.
Hazırladı: Rəmzi Şahverdiye. Cenub.az