Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qazpulunu ödəyə bilməyən Əlisa Nicat


Ulucay Akifin yazısını təqdim edirik.

Bu, nə köşədir, nə essedir, nə də məqalə.

Bu, mənim elə indicə əsəblə, qəzəblə, təngnəfəs yazdığım bir etirazdır.

87 yaşlı yazıçımız Əlisa Nicatın maddi durumu çox pisdir. Şahbaz Xuduoğlunun paylaşımında gördüm.

Əlisa Nicat özü deyir ki, çox pul yazmasın deyə evdə qazı 2-3 saat işlədir. Üst-başı da nə vəziyyətdə.

Şəkillərinə baxdım. Siz də baxın. Mən onu tanıyandan elə bu nimdaş paltarları geyinir.

Bu adam ölkənin ən dəyərli yazıçılarından biridir, filosofdur, tərcüməçidir, düşüncə adamıdır, mütəfəkkirdir. 100-dən çox kitabın müəllifidir.

100-dən çox kitab müəllifinin vəziyyətinə baxın. Adam öz dili ilə deyir ki, evdə qazı 2-3 saat işlədir ki, çox pul yazmasın, çünki sonra qazpulunu ödəyə bilmir.

Adam deməyə söz tapmır.

Amma yox. Mənim deməyə 2-3 kəlmə sözüm var. Niyə bu yazıçıya kömək etmirlər? Nə böyük məsələdir aylıq 400-500 manat yardım məqsədli qonorar ayırmaq? Lap olsun 300 manat.

Mədəniyyət Nazirliyi hara baxır?

Milyonlar yeyən nazirlər, müavinlər, şöbə müdirləri var. Görmürük? Dövlət özü göstərir də. Xırda məmurlar da milyonlar yeyir.

Niyə?

Üzvü olduğum Azərbaycan Yazıçılar Birliyi niyə kömək eləmir? Aylıq 200-300 manat qonorar nədir ki, Əlisa Nicata ayrılmır? Axı Əlisa Nicata verməyə təqaüd tapıla bilər. Bunun üçün böyük tədbirlərə-filan ehtiyac yoxdu…

Və mənə görə, yazıçıya bu cür münasibətin göstərilməsi elə birbaşa sıravi insanların, xalqın yazıçıya olan münasibətindən qaynaqlanır.

Görün heç hansısa yazıçının bu cür problemi Azərbaycan xalqını narahat edər? İndiyə kimi belə şey olub? Heç vaxt!

Azərbaycanlılar heç yazıçılarını tanımırlar. Azərbaycanlılar yazıçıların, şairlərin boş, mənasız, faydasız adamlar olduğunu düşünürlər. Və elə bilirlər ki, yazıçı elə "bu gündə" yaşamalıdır, acından ölməlidir.


Azərbaycanlılar orasına-burasına silikon dolduran "manıs"lara 10 min verib toyda oxudarlar, o manıslara maşın, lap ev də hədiyyə edərlər, amma yazıçı heç veclərinə olmaz.


Bu dəqiqə hansısa bir manısın səhhətində, ya maddi durumunda problem yaransa, bütün xalq ona dəstək olar, yüzlərlə iş adamı, həcilər, şirkətlər pul göndərərlər, amma yazıçı ölsün.


Kimdi e axı yazıçı? Arxası silikonlu manıslar qala-qala yazıçılar azərbaycanlıların nəyinə lazımdı?/kulis az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10