Politoloq: “Ukrayna müharibə qanunlarına hörmət etməyi dayandırmalıdır”
"Kremldəki terrorçu başa düşməlidir ki, belə davam etməyəcək. Anladıqları tək şey zordur. Onlar yalnız çirkli orqanizmlərinin parçalarını kəsdikdə başa düşürlər"
Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi on aydır ki, davam etməkdədir. Bu müddətdə Ukrayna ordusu müharibənin ilk aylarında işğal edilmiş ərazilərinin böyük hissəsini azad etməyi bacarıb. Amma ərazisinin xeyli hissəsi hələ də işğaldadır. Cəbhədə məğlubiyyətlə üzləşən Rusiya ordusu Ukraynanın şəhərlərində mülki obyektləri, əsasən də energetika infrastrukturlarını vurmaqdadır. Mütəmadi olaraq Ukraynanın enerji sistemləri raket hücumuna məruz qalır.
Ukraynalı politoloq və iqtisadçı Oleq Soskin UNİAN-a müsahibəsində Müharibənin gedişi, Ukraynanın cavab tədbirləri ilə bağlı fikirlərini bölüşüb. AYNA müsahibəni istinad və ixtisarla təqdim edir:
- Bütün Ukraynanı işıqsız, istiliksiz və susuz qoyan Rusiya Federasiyasının terror aktından başlamaq istərdim. Elə həmin gün Avropa Parlamenti onu terrorizmin sponsoru kimi tanıdı. Rusiya qanlı addımlarını hansı şəkildə davam etdirəcək?
- Rusiya əməllərini davam etdirəcək. Bu, Avropa İttifaqının onları terrorun sponsoru kimi tanıması, yaxud bəzi digər qurumlarda onlara baxılması və ya 400 milyon dollarlıq hərbi yardım paketi ilə daha çox generator üçün Ukraynaya pul ayrılması barədə qərarın qəbul edilməsi ilə bağlı deyil. Bunlar tamamilə kəsişməyən proseslərdir. Həmin gün Putin harada idi? Ukraynanın infrastrukturuna zərbələr vurulanda Putin İrəvanda KTMT-nin iclasını keçirirdi. İkincisi, belə ağır terror aktları bir gündə planlaşdırılıb həyata keçirilmir. Terror aktı minimum səkkiz gün hazırlıq tələb edir. Strateji plan lazımdır: kompüter simulyasiyasını həyata keçirmək, hədəfləri yükləmək, raketlərin, daşıyıcıların həcmlərini yükləmək, vaxtı seçmək. Bunlar hamısı zaman tələb edir. Ehtimal nəzəriyyələri sistemindən istifadə olunur. Yəni bunlar çox mürəkkəb alətlər, mexanizmlər və hərəkətlərdir. Təəssüf ki, onlar bu şəkildə işləməyə başladılar və hər dəfə bu hücumlar Ukraynanın milli iqtisadiyyatı və bütövlükdə ölkə üçün, şəhərlər və insanlar üçün, Ukrayna cəmiyyəti üçün, milli təsərrüfat kompleksinin bütün komponentləri üçün daha şiddətli olur.
Baxın, 70-dən çox raket atdılar, üstəlik on pilotsuz təyyarə. Əslində Ukrayna hakimiyyəti etiraf etdi ki, bütün elektrik sisteminin söndürülməsi baş verdi, sistem çökdü. Bizdə sadəcə fenomenal peşəkarlar var və onlar çox tez zamanda sistemi bərpa etməyi bacardılar.
Ukrayna nəhəng əhalisi olan, inkişaf etmiş iqtisadiyyatı, sənayesi, nüvə sektoru, elektrik stansiyaları, ağır sənayesi və fabrikləri olan Avropanın ən böyük ölkəsidir. Struktur olaraq, məncə, Fransa ilə yaxınıq. Polşa bu məsələdə bizə tamamilə uduzur, çünki nüvə sektorumuzu, elektrik stansiyalarımızı, metallurgiya zavodlarımızı, mədən və emal zavodlarımızı, əlvan sənayeni götürsək, Ukrayna çox güclü dövlətdir. Bütün enerji sektoruna, generasiya güclərinə belə ciddi, dəhşətli zərbə vurmaq Rusiyanın bizi zəiflətmək istəyidir.
- Onlar hər on gündən bir zərbə vuracaqlar, bunun üçün raketləri var. Peskov təsdiqlədi ki, məqsədlərinə çatmalıdırlar...
- Hesab edirəm ki, bundan çıxış edərək, Moskvaya zərbə endirmək lazımdır. Başqa yol yoxdur.
- Bunu necə etmək olar?
- İbtidai şəkildə. Birinci yol çox sadədir - Xerson bölgəsində sol sahildəki qüvvələri məhv etmək və Krıma keçmək lazımdır. Oradan vurmaq mümkündür.
Bizim artilleriyamız var. HIMARS Xersondan Armyanskı vurdu. Başqa mərmilər var, "Excaliburs" və s. Bizim kifayət qədər silahımız var və bunu heç kim gizlətmir. Bu gün Ukraynanın üstünlüyü budur: 30+ km-lik artilleriyamız var.
Çox az vaxt qalıb. Hesab edirəm ki, gələn ilin başlanğıcınadək Krıma girmək lazımdır, sonra rusların bütün sistemi pozulacaq. Domino prinsipinin işləməsi üçün həmişə zəif bir halqa tapmalıyıq. Bu zəncir qırılarsa, Putin üçün çöküş başlayacaq. Çünki onun üçün Krım yarımadası bütün terror soyqırımı maşını üçün müqəddəs bir nöqtədir. Bu nöqtəyə çatsanız və orada uğur qazansanız, onların bütün sözdə "xüsusi əməliyyatı" məhv olur.
- Ukrayna Silahlı Qüvvələri Xersona daxil olanda da eyni Putinin çöküşü olacağı deyilirdi. Amma indiyə qədər Putinin taxt-tacı səndələmiş olsa da, bizim istədiyimiz formada deyil...
- İndi Putinin sözünün də, gücünün də çəkisi azalıb. Biz bunu KTMT-nin iclasında gördük. Ona cüzam xəstəsi kimi baxırlar. Hətta müttəfiq dedikləri ölkələrin rəhbərləri də Putindən üz döbdərdi- həm İmoməli Rəhmon, həm də Nikol Paşinyan. Aleksandr Lukaşenkonun belə bir bəyanatı var ki, Rusiya dağılsa, bütün KTMT dağıntılar altında qalacaq. Bu, görünməmiş bir bəyanatdır.
Baxın, KTMT-ni ümumiləşdirək. Paşinyan artıq açıq şəkildə deyir ki, Ermənistan KTMT-dən çıxmaq istəyir, Qazaxıstan isə müharibəyə qarışmayacağına eyham vurub. Qırğızıstan da müxtəlif hərbi təlimlərdə iştirak etmək istəmədiyini bildirib. Ermənistan istəmir, Qırğızıstan istəmir, Qazaxıstan da istəmir, bircə Lukaşenko qalıb. Lukaşenko KTMT-nin İrəvandakı iclasından sonra yenə bəyan etdi ki, Ukrayna təslim olmalıdır, əks halda Ukrayna məhv olacaq və s. Yəni Putin Lukaşenkonu arxayın edir. Eyni sözü deyirlər. Putin Belarus Prezidentinə bir az zəmanət verdi ki, Ukraynanı məhv edəcək. Beləliklə, Lukaşenka dərhal onun dediyini təkrarladı, Kiyevin təslimindən danışdı. Amma bu, birinci bəyanat deyil. Lukaşenko bu doqquz ayda o qədər bəyanatlar verib, “Ukrayna olmayacaq”, “Ukrayna iki günə götürüləcək” söyləyib. Bəs nə oldu?! Kiyev azad edildi, Çerniqov vilayəti azad edildi, Kiyev vilayəti azad edildi, Sumi rayonu, Xarkov vilayəti, indi Xerson vilayətinin bir hissəsi azad edildi, Nikolayev bölgəsi azad edildi, Luqanskda istədiklərini ala bilmirlər. Rusiya Donetsk və Luqanskı da tezliklə tərk edəcək. İndi Xersonun sol sahilində Krıma çıxış var, gündəmdə Krım olmalıdır.
Bəli, Ukrayna yalnız qalib gəlir. Bəs Rusiya? Ordu hazırladılar, hər vasitəyə əl atdılar, bəs ordu hanı? Rusiyanın ordusi faktiki yoxdur. Parça-parça səpələnirlər ki, Svatovo, Donetsk və Luqansk vilayətlərində mövqelərini saxlaya bilsinlər. Rusiyanın yeni qüvvəsi yoxdur. İndi Kremlin yeganə strategiyası var - Ukraynanı milli iqtisadi suveren orqanizm kimi məhv etmək. Bunun üçün infrastrukturu, mülki obyektləri atəşə tuturlar.
- Hazırda nə etmək lazım olduğunu düşünürsünüz?
- Valuiki və Urazovonu keçib götürmək lazımdır. İlhaq etdikləri ərazinin Rusiya Federasiyasının ərazisi olduğunu demirlər? Biz də dediyim yerləri götürüb bizim ərazimiz olduğunu deyə bilərik. Zamanında Ukrayna qeyri-qanuni olaraq kommunist-bolşevik və çekist qüvvələri tərəfindən işğal edilib. Xalqın heç bir razılığı olmadan Ukrayna Sovet İttifaqına daxil edilib və Ukraynadan tam olaraq Belqorod vilayəti, Kursk vilayəti, Kubanın bir parçası alınıb. Sovet İttifaqı Belovejskaya müqavilələri ilə ləğv edildiyi üçün bu əraziləri özümüzə qaytarmaq hüququmuz var. Ukrayna ilə Rusiya arasında qarşılıqlı ərazi bütövlüyünü tanıyan müqaviləyə də xitam verilib, həm də Rusiya bunu pozub. Biz bilirik ki, o o vaxt da ərazilərimiz indiki kimi - Krım yarımadası, Xerson, Luqansk və Donetsk vilayətlərinin bir hissəsi ilhaq edildiyi kimi edilib. Ona görə də Ukrayna işğal olunanda ilhaq edilmiş və Sovet İttifaqının tərkibinə daxil edilmiş həmin əraziləri özümüzə qaytarmağa indi tam hüququmuz var. Məsələ bundadır, gəlin Valuikiyə keçək, Kurçatovoya gedək. Səhv etmirəmsə, orada gözəl atom elektrik stansiyası var. Onların Enerqodarda etdiklərini edək. Yaxud da, Belarusdakı AES-i vuraq. Lukaşenko “çirkli bomba” istəmir?!
Xüsusi xidmət orqanlarımız xəbərdarlıq edib ki, ruslar Ukrayna bayraqları altında Belarusdakı ATS-də təxribatlar törədəcəklər. Bu cür təxribatlar ola bilər, amma düşünürəm ki, biz bunu qətiliklə etməyəcəyik, çünki bu, terror aktıdır.
- Amma biz hələ də qanunlara hörmət edən ölkəyik...
- Hansı qanunlar?! Doğum evini dağıtdılar, 2 günlük körpə öldü. 12 yaşlı qız, Xersondakı kilsədən gedən yeniyetmə oğlan rus raketinin parçası ilə öldürüldü. Qanunlar nədir, nədən danışırıq? Kiyevdə internet yoxdur, banklar işləmir, 16 min bankomatdan dünən yalnız 3000-i işləyib. Bir neçə belə zərbədən sonra Ukraynada daş dövrü olacaq. Təcavüzkarın, terrorçunun, soyqırımın üstünə getməlisən, müharibəni genişləndirməlisən. Çünki hamısı satqınlıq edirlər. Duda dönükdür, Makron satqındır. Bir Conson idi, sonra o, istefa verdi.
Yalnız hücum, yalnız düşmənin məhv edilməsi lazımdır. Brüsseldə və başqa yerlərdə olan bürokratlar gizlənə bilməyəcəklərini başa düşməlidirlər. Və Kremldəki terrorçu başa düşməlidir ki, belə davam etməyəcək. Anladıqları tək şey zordur. Onlar yalnız çirkli orqanizmlərinin parçalarını kəsdikdə başa düşürlər.
Müəllif: Turan Abdulla