Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallıda kadr qıtlığı. 4 aydır ki, icra başçısı 5 aparıcı vəzifəyə kadr tapmır


Masallıya 4 ay öncə icra başçısı təyin edilən Araz Əhmədovun  uğurlu işləri az deyil. Amma narahatlıq doğuran məqamlar da diqqətdən yayınmamalıdır. Bəzilərinin xoşuna gəlsə də, gəlməsə də həmin uğurların və uğursuzluqların bir çoxunu sadalamışıq, yeri gəldikcə digərlərini də sadalayacağıq. 

Əsas odur ki, Masallıda sanki bir xof var idi, o götürülüb; əksəriyyət sanki bir-birini güdür, ən yaxın dostlar bir-birinin üzünə durmağa, şantaj edilməyə məcbur edilirdi.

Hazırda diqqət çəkən, əksəriyyətin maraqla gözlədiyi bir suala çoxları cavab gözləyir; bir neçə aydır ki, vakant olan mühüm vəzifələrə kimlər təyinat alacaq?

Görünən odur ki, aparıcı vəzifələrdə kök salanları işdən çıxartmaq bir dərd idisə, onların yerinə layiqli kadr tapmaq daha böyük dərd imiş.

Hazırda Masallıda hansı vəzifələr vakantdır?

Masallı İH  Başçısının 1-ci müavini;

 Ərazi İdarəetmə  və Yerli Özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri;

Memarlıq və Tikinti şöbəsinin müdiri;

Sənədlərlə və vətəndaşların müraciəti ilə iş  şöbə müdiri və bu şöbənin məsləhətçisi;

İH Başçısının Masallı Şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi və müavini;

İH Başçısının Yeddioymaq  Kənd   İnzibat Ərazi Dairəsi Nümayəndəsi və müavini.

İcra başçısının sürücüsü. (Xatırladaq ki, bu iş də elə belə iş deyil)

Kadr çatışmazlığı, necə deyərlər, gözə girir. Nədən 230 mindən yuxarı əhalisi olan bir rayonda  xeyli təhsilli kadrların işsiz olduğu vaxtda, aylıq məvacibi 1000-1500 manat olan bu vəzifələrə kadr tapmaq belə çətin olub?

Versiyalar:

1. İcra başçısı tərcümeyi-halı təmiz, qaranlıq keçmişi olmayan, həm də peşəkarlığı, mədəniyyəti, tamahsızlığı, adamlarla işləmək bacarığı olan kadr axtarır;

2. Məhz icra hakimiyyətində rüşvətə, təmənnalı münasibətə kəskin qadağa qoyulduğu üçün heç kim “quru maaş”la işləmək istəmir;

3. İcra başçısının Masallıdakı iş adamları və paytaxtda ciddi nüfuzu olan məmurlar arasında kifayət qədər dostları var. Və həmin şəxslər bu mühüm postlarda da “öz kadrlarını” görmək istəyir. Belə ki, 1   kresloya 4-5 nəfər göz dikib və  həmin vəzifəyə 1 nəfəri təyin etmək, digər 4-5 nəfəri narazı salmaq deməkdir. Həm də hər şeyə diqqət edənlər həmin təyinata görə təxmin edəcəklər ki, icra başçısı hansı qüvvəyə güvənir.

4. İcra başçısı kadrları elə adamlardan soruşur ki, onlar da həmin vəzifələrə özlərindən də zəifləri təklif edir, daha qabarıq görünsünlər. Başqa cür ola da bilməz. “Güllə”ni öz “ayaq”larına vurmayacaqlar ki?

5. Belə bir versiya da var ki, yanvar ayında icra hakimiyyətlərində ciddi struktur dəyişikliyi olacaq və buna görə boş yerlərə təyinatlara maraqlı deyillər.

(Başqa versiyası olan varsa, buyurub bu yazının paylaşılacağı Zahir Amanov FB səhifəmizin şərh bölümündə yaza bilər).

Onu da xatırladaq ki, bu vaxta qədər bir neçə idarə müdiri, ərazi nümayəndəsi, müavini, məsləhətçisi işdən azad edilib və yerinə təyinatlar da olunub. Lakin bu təyinatların bəzisi elə də uğurlu alınmayıb. “Yaşıllaşdırma” və “kommunxoz” adlanan təşkilatlara, eləcə də qeyri-rəsmi köməkçi vəzifəsinə rəhbərlərin  digər məkanlardan (“Yaşıllaşdırmaya” Gəncədən, “kommunxoza” Bakıdan(Astara əsilli), qeyri-rəsmi köməkçinin Naxçıvandan gətirilməsi maraqlı suallar doğurdu.

Həmçinin əksəriyyətin yaxşı insan, cəsarətli və işgüzar kadr kimi tanıdığı Barat Nağıyevin (Yeyənkənd Ərazi Dairəsi üzrə nümayəndəsi ) tələsik, təsadüfü səbəbdən işdən azad edilməsi heç də razılıqla qarşılanmadı. Əksinə, iş və mənəvi keyfiyyətlərinə görə Barat müəllimdən  xeyli aşağı ranqda olanların  vəzifədə saxlanması və qorunması da təəccüb doğurur.

Eləcə də İcra Hakimiyyətinin özündə vəzifədə qalanlara baxanda,  bəzən gedənlərə həsəd aparırsan. 

Memarlıq və Tikinti şöbəsinin müdiri işləmiş Abbas Mikayılovun da vəzifədən getməsi sual doğuran məsələlərdəndir. A. Mikayıovun təbii ki, nöqsanları var idi. Bir çox qanunsuz tikililərin sənədləşməsində onun da rolu olub. Lakin nəzərə alsaq ki, A. Mikayılov iddiasız, təbiət etibarı ilə mülayim, qalmaqallardan uzaq və işini bilən bir adam idi. Onun ayağına yazılan nöqsanların əsas səbəbkarı isə əvvəlki icra başçısının olması da heç kimə sirr deyil. Yəni təbiət etibarı ilə kobud, qanunsuz əməllərə meyilli olan Şahin Məmmədov göstəriş verəndən sonra,  o kim idi ki? Həm də hansı peşəkar arxitektor 1000-1500 manata işləyər? Heç bir layihənin pulu deyil?

Əsas şüarı təmizlik və halallıq olan icra başçısının aparatında bu gün də elə kadrlar var ki, təmizliklə onlar arasında yerlə göy arasında fərq var. (Bəzi sabiq məmurlardan bir neçəsi danışırdı ki, orada biri var, onun qorxusundan binaya girəndə pulu maşına qoyurduq ki, cibimizi axtaranda 3-5 manatdan artıq pul tapmasın, yaxud başqa birisi müdirlərdən borc adı ilə kütləvi pul alıb, sonra qaytarmırdı və sair).

Keçmiş xatirələrdən ayrılıb bu günə qayıdaq. Bu gün İcra hakimiyyətinin “Beyin Mərkəzi” kimlərdir?

Keçmişdə rayon sovetinin deputatları, plenum var idi, büro üzvləri var idi... Bəs bu gün? Təkcə icrada Şura adlanan bir qurum var ki, onun da son illər hansı məsələni müzakirə etdiyi yada gəlmir.

Bəs icra başçısı hər hansı qərarı verəndə kimlə, yaxud kimlərlə məsləhətləşir?

Bu gün bəziləri özünü əvvəlki icra başçısı dövründə guya əzabkeş, etirazçı olan bir kadr kimi göstərir. (Belə yerdə deyirlər e... “yalançının...”). Sizlər deyildinizmi, hətta qadınlar, ağsaqqallar olan yerlərdə əvvəlki icra başçısının etikadan kənar ifadələrinə susub, “lal gəlin-kar gəlin” prinsipi ilə susub küncə qısılanlar, onların haqqın müdafiəsinə qalxanların üzünə duranlar. İndi belələri 230 minlik Masallıda hansı üzlə məsul vəzifədə çalışır?

(Adamın yadına “Mama Roza”ların insanlara “namus-qeyrət” dərsi keçmək əhvalatı düşür.)

Doğrudanmı,  indiki şərtlərlə bir icra başçısının təmizlik siyasəti yeritməsi mümkündür?

Bir az keçmişə qayıdaq.

 2012-ci ildə Rafil Hüseynov Masallıya icra başçısı təyin olunanda “Çəpərüstü söhbət” rubrikamızda yazmışdıq ki, “Hamı alır, başçı almır”. Gördük ki, bəziləri inciyir, dedik, bəlkə əksini yazaq – “Başçı alır, heç kim almır”.

Bəs bu günün mənzərəsi necədir? “Hərbi komissarlıq” deyilən qurumda “şirinlik-filan” olur, olmur? Bütün məktəblərdə “ölü canlar”, “xadimə biznesi” yığışdırılıbmı? Güzəştli dərman verilən günlərdə Mərkəzi Xəstəxanada başyardıya son qoyulubmu? Hüquq mühafizə orqanları bir çox cinayətlərə göz yummaq üçün dədə-baba qaydası ilə olan “insanpərvərliklərini” tərgidiblərmi? Bəzi yerlərdə dəllalar yığışdırılıbmı? Siyahını xeyli uzatmaq da olur. Təkcə, bəzi yerlərdə dəyişən formadır, mahiyyət yerindədir.

Ümumiyyətlə, indiki şərtlər daxilində tərtəmiz işləmək mümkündürmü? Məsələn, ərazi nümayəndəliklərinə verilən qeyri-rəsmi tapşırıqlar hansı pullar hesabına icra edilir? Filan yola qum-çınqıl tökdür, filankəslərə yardım et, qazının evin təmir etdir. Hansı pulla?  Bir rəsmi xeyriyyə cəmiyyəti varmı?

400-500 məvacib alan bəzi məmurlar, xüsusən məktəb, bağça rəhbərləri ayda 5-10 dəfə rayonda keçirilən tədbirlərə hansı vəsaitlə gedir?

Bəs necə olmalıdır? Yuxarının pul almamağı ilə  hər şey düzəlirmi? 

“Həsiri basma, dolan gəl” siyasəti ilə hara qədər gedə bilərik? Lap son aylardakı “pensiya oyunlarına ” görə kimlər cəzalandı?

Bir də iş təkcə pul alıb-almamaqdan getmir ki... Misal var, “sən südlü inək ol, vur,  sərinçi aşır”.

Bu gün əksər idarələrin, eləcə də icra hakimiyyətinin əsas günahı aşkarlığın olmamasıdır. Əsil   aşkarlıq yoxdursa, məncə, hər hansı təmizlikdən söz açmaq istehza doğurur.

Biz nəyi görmək istəyirik, lakin görə bilmirik?

İcra hakimiyyətinə məxsus  sayt açıq-aşkar bu gün ki informasiya tələbatını ödəmir. Şəhid adı, Qazi adı hamımız üçün əzizdir, müqəddəsdir. Onlara nə qədər yardım edilsə də, azdır. Lakin, bəzi hallarda yardımdan daha çox, yardım edən şəxslərin reklamına həsr olunur. Elə bil,  bu adın kölgəsinə sığınıb, digər işləri unutdurmaq istəyirlər. Adamın yadına məşhur misal düşür: “Faciəni çox təkrarlayanda komediyaya oxşayır”.

Yəni sözümüzün müxtəsəri odur ki, məlum saytı nə qədər şəhid, qazı ailələrin yardımları, QHT-lərin press-relizləri, idman xəbərləri... ilə yükləmək olar? Tutaq ki, Qızılağac kənd məktəbində ölkə səviyyəli tədbir keçirilir. Məşhur bəstəkar-həkim-şair Şahin Musaoğlu və Azərbaycan Yazıçılar Birliyinin katibi, tanımış yazıçı Elçin Hüüseynbəyli  və başqaları ilə olduqca maraqlı tədbir təşkil olunur, biz işıqlandırırıq. Amma icranın saytı bunu işıqlandırmır. 

Rayonda mühüm əhəmiyyətli,  kilometrlərlə kanalqazma işləri aparılır, biz işıqlandırıq. Bu sayt işıqlandırmır. Bəs nəyi işıqlandırır? Qasımlı kəndində yola bir maşın palçıqlı qum tökülüb, Hişgədərə də 2 ağac budanıb və digər informasiya yükü olmayan xəbərlər.

Hamı deyir ki, icra başçısı təmiz işləyir, halal adamdır. Bu fikirlərə mən də inanıram. Həm də ürəkdən inanıram. Onun kifayət qədər cəsarətli adam olduğu barədə də məlumatlar var. Həm də deyirlər ki, başçının çox işlərdən xəbəri yoxdur. İnanaq? Təkcə yerli qəzetin abunə adı ilə 20 min manatdan artıq pul mənimsədiyini, heç tabeliyində olan 2 işçiyə  normal əmək haqqı vermədiyini yazırıq, ortaya konkret faktlar qoyuruq. Yazını manşetdə çap edirik. Reaksiya yoxdur... 

Masallıda qazlaşdırma işi digər rayonlarla müqayisədə çox yüksəkdir. Bu barədə məlumat almaq üçün icranın müavin Adəm Məhərrəmova zəng edirəm. Deyir, xəstəyəm. 2 saat sonra bəlli olur ki, Sərçuvar kəndində, ona məxsus çayxanada çay dəsgahındadır. Səhəri yenə dəfələrlə zəng vururuq, cavab yox, mesaj yazırıq, cavab yox. Qeyri-rəsmi köməkçiyə zəng vururuq. “Baş üstə” deyir, cavab yoxdur.

Arzu etdiyimiz informasiyanı kimdən alaq? Sizdən hər hansı şəxsi xahiş etmirik ki? Müsbət işiniz təbliğ etmək istəyirik də.

 Masallı rayonunda şəhidlərin xatirəsinə ölkədə ən çox, 30-dan artıq bulaq tikilib. İcra başçısından şəxsən xahiş edirəm ki, bunların şəklin verin, bir blokda video-rolik düzəldək. Təklif ürəkdən bəyənilir. 10 günə şəkillər çəkilir. Məlumat ala-yarımçıq olduğu üçün, əlavə  informasiya istəyirik. Müavin mütəxəssisin, mütəxəssis fotoqrafın, fotoqraf mütəxəssisin üstünə atır. Bir ay keçir, nəticə yoxdur. 

Yaxşı, indi məlumat almaq üçün icrada kimə müraciət edək. Bu necə iş üsuludur?

İcra başçısının 100 günü ilə bağlı yazıda 15 təklif verdik. Əksəriyyət də bəyənildi. Birinə belə reaksiya verilmədi.

Təkcə, cənab başçısının özünə verdiyim təklif – 8 noyabr Zəfər Günü tədbirinə şablonlardan xilas olmaq üçün Şahin Musaoğlu, Rəsmiyyə Sabir, Adil Baxışlı kimi tanınmışların dəvət olunması təklifi istisna olunmaqla heç bir təklif reallaşmadı.

 Bütün bunları yazmaqla heç də hörmətli Araz müəllimin gecə-gündüz çalışıb,  rayonda apardığı abadlıq, quruculuq işlərinə, keçmişdən bu günə cəsarətli addımlarına, özünü xərcləmiş kadrların meydandan silinməsinə, səmimiyyətdən gələn sadəliyinə, din-iman adamı olmağına kölgə salmaq istəmirik. 

Lakin elementar idarəçilik qaydaları var da.

Öz-özümə deyirəm: -Görəsən, Masallıda söz sahibləri kimdir? Niyə bir dəfə onlarla  açıq görüş olmur ki, bilək kimin arzusu, təklifi nədir?

Masallıda məşhur "Market söküntüsü" də unudulmayıb. 

Təkcə cənub xəbərtv-nin bununla bağlı canlı yayımını 60 minə yaxın insan izləyib, 500-dən artıq rəy var.

Nə qədər ki sökülmürdü, hamı deyirdi, niyə sökmürlər? Bu qədər ağac kəsilib, binanın zirzəmisi zəbt edilib, həmin binada bir çox  sakinlər üçün problem yaranıb və sair.

Sökülən kimi isə başladılar ki, filankəslərə pul çatmayıb, haqsızlıq ərşə dirənib, niyə icranın bir addımlığnda aparılan qanunsuz tikilini heç kim görmürdü?

Sanki hər  2 tərəf haqlıdır?

Bəs günahkar kim idi?

Dəqiq rəy vermək çətin olsa da, bu olayda 2  dolaşıq məqam var idi: Birincisi, əvvəlki rəhbərlik Şahin Məmmədov iş yerinin və evinin 1 addımlığında sənədi olmayan tikiliyə yol verməməli idi.

İkincisi,  İcra hakimiyyəti köhnə üsullarla, şəhid ailəsi, özünü xərcləmiş hacılar- filan-la özünü müdafiə etməməli idi.

Meydana icranın hüquqşünası, rayonun “Baş ziyalısı”, “Baş ağsaqqalı”, “Baş veteranı”, “Baş İctimai Şurası” çıxmalı, bir-iki gün əvvəl ictimai müzakirə keçirilməli, bu görüş, bu müzaikirə cəmiyyətə təqdim olunmalı idi və sair.

Yerli sakinlərdən də gileyliyik. 5 minə yaxın FB dostumun 98 faizi öz “hücrəsində” mürgüləyir, heç bir məsələyə reaksiya vermir, bəzisi də ancaq “mız” qoymaqla məşğuldur.

 Yazdıqlarımıza da çox bənd olmayın. Yəqin ki, yaxın vaxtlarda Masallı ilə vidalaşıb, şair demişkən, “biz olmayan yerə gedəcəyik”.

Heç kimdən heç nə umub - küsəcəyim də yoxdur.

Hər şey  Sizin olsun, sizin olsun-

- dəstə-dəstə yaltaqlar da...

- ordenli-medallı riyakarlar da...

- gecə-gündüz mərdlikdən danışıb,  namərdlik edənlər də...

- üzünə durduqlarının qucağında oturanlar, qorxaqlığından , miskinliyini gizlətmək üçün “stuniyorların” gölgəsində gizlənənlər;

- tərif, şöhrət xəstəliyinə tutulub,  bunun arxasında qorxaqlığını, acizliyini ört-basdır edən məmurlar da, başqa səlahiyyət sahibləri də;

- “Meydan da” sizin olsun, “Şeytan da”, kef edin özünüz üçün.

Son əvəzi

İnanırıq ki, hörmətli Araz müəllim yazdıqlarımıza səmimiyyətlə, həssaslıqla yanaşacaq, əvvəlki başçı kimi üstümə qadınlı-kişili 40 üzəduran göndərməyəcək, trolları bizə yönəltməyəcək.

Bir daha bildirirəm ki, təkcə masallılar yox, az qala, bütün bölgə sakinləri icra başçısı Araz Əhmədovu çox güclü fiqur sayır, ona böyük ümidlə baxır, ölkə başçısının uğurlu təyinatlarından biri sayır. Araz müəllim özü də böyüklük göstərib etiraf edir ki, bu sahədə təcrübəsi azdır. Biz demirik ki, tufan qopartsın, “partizanlıq” etsin. Amma düşünürük ki, daha qətiyyətli addımlar atmaq, cəmiyyətə daha açıq olmaq mümkündür.

Cenub.az.  Zahir Əmənov

Buna da bax- Əvvəlki yazının linki burada: https://cenub.az/13880-yaxsi-icra-bascisi-olmaq-ucun-onlarla-memur-is-adami-ucun-pis-adam-olmagi-bacarmalisan.html






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10