Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İslahat getdiyi deyilir, qanunlar dəyişir, bəs mübarizə niyə nəticə vermir?


“İstintaq, məhkəmə dövründə mənə sövdələşmə təklif olunmuşdu ki, yığdıqlarının hamısını qaytar, cəzan yüngül olsun, bir-iki il həbsdə yatıb, sonra üçdə birlə azadlığa çıxacaqsan. Mən razılaşmadım, fikirləşdim ki, azadlıqda olduğum müddətdə o pulları haradan qazana bilərəm? Təbii ki, heç yerdə, bir şans idi, əlimə düşmüşdü. Pulun varsa, həbsdə də adam kimi yaşamaq olar. Ona görə, müstəntiqin təklifi ilə razılaşmadım, mənə 7 il iş verdilər…”

Bu sözləri Pressklub.az-ın əməkdaşı ilə söhbətində ömrünün bir neçə ilini həbsxanada keçirmiş keçmiş məmur danışıb. Dediyinə görə, icarədə olan obyektlərindən yaxşı gəliri var, həbsxanada da əziyyət çəkməyib, indi də dolanışığı çox yaxşıdır.

Bu fikirləri Azərbaycanda orta statistik korrupsioner məmurun manifesti də adlandırmaq olar. Onlar vəzifəyə varlanmaq üçün fürsət kimi baxırlar, bütün vasitələrlə daha çox vəzifədə qalmağa çalışırlar, dövlətdən oğurladıqlarının bir qismini özündən yuxarıdakılarla bölüşür, qalan hissəsini yatırıma çevirib, “qara gün” üçün saxlayırlar. Əksər məmurlar üçün həbsxana perspektivi qorxulu deyil, daha dəqiq ifadə etsək, onlar bir gün vəzifədən gedəcəklərini, müstəntiq qarşısında sorğulanacaqlarını və həbsxanaya düşəcəklərini yaxşı bilirlər. Amma Azərbaycanda hansı işdə risklər, təhlükələr yoxdur ki? Yaxud, hansı biznesdə, hansı işdə bu qədər asan varlanmaq olar ki?!

Uzun illərdir, hökumət müxtəlif sahələrdə islahatlar həyata keçirir, qanunvericiliyi dəyişir, məmur-vətəndaş təmasını azaltmağa çalışır, ASAN Xidmət modelinin əhatə dairəsini genişləndirir, amma nəhəng korrupsiyanın qarşısını kəsmək, azaltmaq mümkün olmur. Əksinə, ölkənin gəlirləri artdıqca, oğurlanan vəsaitlərin həcmi də böyüyür. Nazirlər, onların müavinləri, icra başçıları həbs edilir, hətta dövlət qurumları ləğv edilir, parçalanır, birləşdirilir, gənc kadrlar vəzifələrə çəkilir, amma əli pula çatan hər kəs oğurlamağa, talamağa çalışır. Azərbaycan gündəmi 20 ilə yaxındır ki, bu tip olaylarla zəngindir. Nələr baş verməyib bu ölkədə?

Keçmiş Nəqliyyat naziri Ziya Məmmədov işdən qovulub, dövlət qurumu ləğv edilib, nazirin biznes imperiyası əl dəyişdirib, holdinqləri, bankları bağlanıb, özü azadlıqdadır;

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bütün rəhbər heyəti cəzalandırılıb, əksəriyyəti həbs olunub, yüz milyonlarla manat büdcəyə qaytarılıb, qurumun adı, rəhbərliyi 2-3 dəfə dəyişdirilib. Hazırda bu məmurlardan heç biri həbsdə deyil;

Milli Təhlükəsizlik Nazirliyinin də bütün rəhbərliyi cəzalandırılıb, həbs edilib, qurum ləğv edilib və iki yeni dövlət qurumu yaradılıb. Nazir Eldar Mahmudov istintaqa cəlb edilsə də azadlıqda qalıb. Dövlət içində kök salmış bu mütəşəkkil dəstə nələr etməyib? Adam oğurluğu, reket, qanunsuz haqq yığımı, bir sözlə, mafiyalara xas dürlü cinayət əməlləri. Hazırda rəhbərlikdən bir neçə nəfər həbsdədir, keçmiş nazir cəzasız qalıb, həbsə düşənlərin çoxu artıq azadlıqdadır;

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də kütləvi həbslər aparılıb, o cümlədən eks-nazir Səlim Müslümov bir ilə yaxın həbsdə yatıb, hazırda azadlıqdadır;

Xarici İşlər Nazirliyində əməliyyat keçirildi, idarə rəisləri tutuldu, qısa müddət sonra həbsdən çıxdılar, uşaqlarına ABŞ-da 4 milyon dollara mənzil alan nazir Elmar Məmmədyarova “gözün üstə qaşın var” deyən olmadı;


Müdafiə Nazirliyinin maliyyəçiləri və onların işini kurasiya edənlər həbs edilib, 100 milyona yaxın vəsaitin oğurlandığı məlum olub;


Mədəniyyət Turizm Nazirliyində iki dəfə əməliyyat keçirilib, nazir Əbülfəs Qarayev işdən çıxarılıb, istintaqda, məhkəmədə onun korrupsiya əməliyyatlarına bilavasitə rəhbərlik etdiyi barədə ifadələr olsa da, həbs edilməyib. Ətrafında tutulan şəxslərin bir neçəsi azadlıqdadır;


Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev işdən qovulub, komandasının bəzi üzvləri həbs edilib, amma özü azadlıqdadır;


“Azərxalça” rəhbəri, 8 icra başçısı və onların ətrafı həbs olunub; 


Bu günlərdə isə anti-korrupsiya əməliyyatları Naxçıvan Muxtar Respublikasında davam etdirilir. On milyonlarla vəsait oğrulanıb, dövlətin mənafelərinə ağır zərbə vurulub, bir neçə məmur həbs olunub və s…


Fərqli heç nə yoxdur, eyni ssenari, eyni oğurluq, yəqin ki, eyni cəzalandırma üsulu seçiləcək.


İki onillikdə Azərbaycanda korrupsiyaya qarşı mübarizə bu formada davam edib, hökumət nəticəsizliyin fərqində olsa da, metodlarını, sivil dünyanın istifadə etdiyi tədbirləri sınamaq niyyətində olmayıb.


Məmurun həbs edilməsi, yaxud işdən çıxarılması, yığdığı sərvətə əl qoyulması yetərli sayılır. Bəs bu cinayətlər törədilən zaman büdcəyə nəzarət qurumları, maliyyə nəzarəti, hüquq mühafizə orqanları niyə öz vəzifələrinin öhdəsindən gəlməyiblər? Onların gözü qarşısında dövlətin yüz milyonlarla pulu talanıbsa, deməli, onlar da hansısa formada bu cinayətin iştirakçısına çevriliblər. Əks halda, balaca bir qurumun rəhbəri 146 milyonu necə oğurlaya bilərdi? 


Məsələn, Maliyyə Nazirliyi, Hesablama Palatası ilboyu dövlət qurumlarını yoxlayır, hesabat tələb edir və s. Necə olur ki, DTX qara maskalıları gələnə qədər sözügedən dəhşətli cinayətlər üzə çıxmır?


Əlbəttə, bunlar ritorik suallardır, Azərbaycanda hələ də məmurların gəlir bəyannaməsi tələb olunmur, Rəqabət Məcəlləsi 22 ildir, parlamentdən keçə bilmirsə, burada bütün məsuliyyəti hökumət daşıyır.


Əgər ölkədə korrupsiyaya qarşı gerçək bir mübarizə olsaydı, ilk növbədə hökumət strukturlarına parlament nəzarəti təmin olunardı, ölkənin müstəqil parlamenti dövlətin hər qəpiyinin hara xərclənməsinə ciddi nəzarət edə bilərdi.


Yaxud, Azərbaycanda məhkəmə hakimiyyəti indiki qədər korrupsiyaşlamış, prokurorluq orqanlarının diktəsi ilə işləyən ölüvay sistemə çevrilməsəydi, ölkədə korrupsiya dərəbəyliyinin miqyası bu səviyyədə olmazdı.


Prokurorluğun da məsuliyyəti ondan az deyil. Necə olur ki, hüquq mühafizə orqanlarının bütün ittiham aktlarına qol çəkən Baş Prokurorluq yüksək çinli məmurların cinayətlərinə, onların cəzalandırılmamasına səssiz qalıb? Məsələn, Eldar Mahmudov, Səlim Müslümov, Əbülfəs Qarayev niyə həbs edilməyib, nədən onların yaxın ətrafı qısa müddətdən sonra azadlığın dadını çıxarırlar?

Ritorik suallar daha çoxdur. Sirr deyil ki, Azərbaycanda qanunvericilik formal xarakter daşıyır, məmurların cəzalandırılması, qovulması, tutulması başqa meyarlarla müəyyənləşdirilir. Hazırda dövlət qurumlarında elə nəhəng korrupsionerlər var ki, onlar “çiçəklənmə” dövrünü yaşayırlar. 

Nə qədər ki, sistem dəyişməyib, ölkədə korrupsiyaya qarşı mübarizədən danışmaq olmaz. Belə hay-küylü həbsləri isə hələ çox görəcəyik…

Turqut






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az

Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]