Bu gün əslən Göyçə mahalından olan tanınmış el aşığı, şair, tamada Alqayıt Xəlilovun doğum günüdür. Onun haqqında maraqlı faktları təqdim edirik.
Alqayıt Bayram oğlu Xəlilov 28 noyabr 1939-cu ildə Göyçə mahalının Daşkənd kəndində anadan olub. Anası Seyid Maral o yerlərin məşhur adamı olan Seyid Bayramın qızıdır.
***
O, çox erkən yaşda - 10-cu sinifdə ailə həyatı qurub. Orta məktəbi qurtarandan sonra müxtəlif sənətlərə yiyələnib. Hətta sürücülük kursunu da bitirir. Bir il Gəncə Pedoqoji İnstitutuna sənəd verir, qəbul ola bilmir. Sonra kolxozda mexanizator işləməklə bərabər, həm də aşıq kimi eldə-obada sənətkarlıq edir.
***
Günlərin bir günü onlara qonaq gələn dostu ona sənədlərini Bakıdakı ali məktəblərdən birinə verməyi təklif edir. 1963-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə qəbul olur. Ancaq şəhərdə qalmağa yeri olmadığından dostunun yanında yataqxanada qalır. Aldığı məvacib nə ona, nə də arxada qoyub gəldiyi ailəsini dolandırmağa yetir. Alqayıt qərara alır ki, institutu yarımçıq qoyub rayonlarına qayıtsın. Ancaq dostları bu məsələdə ona mane olurlar.
Alqayıtın qayınatası Məhər kişi ermənilər tərəfindən öldürülüb. Qayınatası ilə çox dostyana münasibəti olsa da, qayınanası ilə yola getmirmişlər. Gənclik illərində də hədindən çox kasıb olan Alqayıt bir dəfə həyat yoldaşını da götürüb qaynanasıgilə qonaq gedəndə, qaynanası kürəkəninin və qızının nimdaş, cırıq pal-paltarından utanıb ağlamağa başlayır. Alqayıt ondan soruşanda, niyə ağlayırsan? Qadın cavab verir ki, qızım və sənin kimi kürəkənim ölüb, onların ölümünə ağlayıram.
Sonradan qayınanası ona deyir ki, Alqayıt, sən özünü şair bilmə, Göyçə mahalında ən yaxşı ağı deyən mənim anam olub, inanmırsansa, gəl, mənimlə deyiş. Alqayıt razılaşır. Qayınanası sazı götürür və onlar bir müddət deyişirlər. Alqayıt qaynanasını bu deyişmədə bağlayır.
***
Universitetin sonucu kursunda Alqayıt seyid nəslindən olduğu üçün altı ay Elmi ateizm fənnindən dərs deyən müəllimin dərsinə girmir. Müəllim and içir ki, onu imtahandan kəsəcək və qiymət yazmayacaq. İmtahan vaxtı varlı tələbə dostlarının paltarlarından geyinib imtahana gəlir. Əvvəl müəllim onu komissiya üzvü zənn edir, sonra tələbəsi olduğunu görəndə otaqdan qovur. Ancaq Alqayıt ona deyir ki, seyid olduğu üçün onun dərslərinə girməyə qorxurdu. Allahsızlıqla və müəllimlərin rüşvət alması ilə bağlı Alqayıt bir neçə şeir deyir və müəllimdən “beş” qiyməti alır. Hətta müəllim ona görə auditoriyada olan digər uşaqlara da yüksək qiymət yazır, Alqayıtı isə evinə qonaq dəvət edir. Müəlliminin evinə gələn tələbə gözlərinə inanmır - müəllimi bütün ailə üzvləri ilə birlikdə namaz qılırmış...
1967-ci ildə həmin institutun dil və ədəbiyyat fakültəsini bitirir. Ancaq onun təyinatını Göyçəyə yox, Sabirabada verirlər. Buna etiraz edən Alqayıt Maarif nazirinin qəbuluna düşmək üçün ərizə yazır. Nazir onu qəbul edəndə o, ərizəsini masanın üzərinə qoyur. Nazir baxır ki, vərəqdəki ərizə şeirlə yazılıb, bu, onun diqqətini cəlb edir, Alqayıtın şikayətinə qulaq asıb onu Göyçəyə müəllim göndərir.
***
Evlərinə gələndə dostları onun başına yığışr, qonaqlıq olur. Ancaq onların evi ocaq olduğundan gənclərdən heç kim orda içki içə bilmir. Qərara alırlar ki, Sarıbulağa qalxıb orda məclis açsınlar. Yolüstü dostlarından biri şərt qoyur ki, kim canlı bir şey ovlamasa, onu süfrəyə yaxın buraxmasınlar. Ov başlanır, hərə bir ov ovlayır. Növbə Alqayıta çatanda deyir, mən canlıya güllə atmayacam, amma gördüyünüz sıldırım qayanı nişan alıb vuracam. Dediyi kimi edir, gülləni nişan alır, qayanı vurur, ancaq iyirmi, otuz metr aralıda bir qartalı qanadından yaralanmış vəziyyətdə çapalayan görür. Hamı onu qartal vurduğuna görə təbrik edir, Alqayıt isə bir daşın dibinə çöküb hönkür-hönkür ağlayır və bir də ov etməyəciyinə söz verir. Sonra o, həmin qartal üçün “Yaralı qartal” adlı şeir yazır.
Alqayıt bir müddət Daşkənd kənd orta məktəbində müəllimlik edib. "Mingəçevir işıqları", "Bolluq uğrunda" və "Vardenis" qəzetlərində çalışır, 1979-cu ildən Göygöl rayonunda məskunlaşmış, Göygöl rayon mədəniyyət evində aşıqlar ansamblının bədii rəhbəri kimi fəaliyyət göstərir. “Mingəçevir işıqları” qəzetində işlədiyi dövrdə onun oğlu Famil dünyasını dəyişir. Bu faciədən sonra Alqayıt Mingəçevirdə qalmır, yenidən Göyçəyə, doğma Daşkənd kəndinə qayıdır.
***
Alqayıt tələbəlik illərində yazdığı şeirlərini “Məftun” təxəllüs ilə yazıb. Sonralar isə öz adı ilə - sadəcə Alqayıt kimi tanınıb.
***
O, Azərbaycanın ən tanınmış toy aparacısı – tamada idi. Ömrünün sonuncan da bu sənət ilə dolandı. El şənliklərindəki çıxışları kasetlərə yazılaraq bütün respublikaya yayılırdı. Hələ ötən əsrin 70-80-ci illərində - senzuranın hökm etdiyi vaxtlarda sovet sistemini açıq tənqid edən bu şeirlər dillərdə-ağızlarda dolaşırdı. Alqayıtı məşhurlaşdıran həm də özünəməxsus natiqlik qabiliyyəti idi.
Gənclik illərində kolxoz sədrinin qızını dəlicəsinə sevib. Ancaq kasıb olduğundan qızın atası deyir, mənim dilənçiyə veriləsi qızım yoxdur. Aradan uzun illər keçəndən sonra Alqayıt əlli il sonra - 65 yaşında həmin qızla Bakıda rastlaşır. Əvvəl sevdiyi qadını tanımır. Ancaq qadın ona yaxınlaşıb özünü nişan verəndə Alqayıt onu tanıyıb sarsılır.
***
Alqayıt millətçi ermənilərin basqısı altında yaşamağa məcbur edilmiş azərbaycanlıların, o cümlədən göyçəlilərin danışan dili idi. Azərbaycanlıların indiki Ermənistan ərazisinə daxil edilən dədə-baba torpaqlarından deportasiyası başlayanda xalq şairi Hüseyn Arifin “Göyçəlilər, dağılmayın Göyçədən adlı” şeiri yayımlandı və tezliklə dillər əzbəri oldu. Nə yazıq ki, şairin xalqın ürəyindən xəbər verən bu misraları misra olaraq qaldı, göyçəlilər Göyçədən didərgin düşdü və Alqayıt Xəlilov Hüseyn müəllimə “Hüseyn Arif, dağılmışıq Göyçədən” adlı bir şeirlə cavab verməli oldu.
20 yanvar hadisələrindən sonra Alqayıt yaxın dostlarından biri ilə Bakıya gəlir, Şəhidlər xiyabanını ziyarət edir. Möhkəm qar yağırmış. Birdən bir kənardan əynində nazik paltarı olan bir qız ona yaxınlaşır, titrəyərək barmağındakı nişan üzüyünü çıxarıb Alqayıt müəllimə verir və deyir: “Bu üzüyü götürün, mənə çörək pulu və dərman pulu verin, anam xəstədir.” Alqayıt müəllim cibindəki pulu çıxarıb qıza verir, üzüyünü də geri qaytarır.
Çox zaman bəzəksiz-düzəksiz, heç nəyi artırıb-əskiltmədən, sadə, səmimi, camaatın arzularına uyğun, onların biri kimi çıxış edirdi. Onun üçün elin qiyməti, elin dəyəri hər şeydən üstün idi. Bir yandan Göyçənin təbiətinə vurğun idi, o biri yandan göyçəliləri sevirdi, digər yandan onların dərdinə ağlayırdı.
***
Göyçənin dağıdılması, soydaşlarımızın doğma dədə-baba torpaqlarından didərgin düşməsi, Azərbaycana xas mədəniyyət izlərinin itirilməsi Alqayıtın şeirlərində zəlzələ effekti doğurur. Onun baməzə söhbətləri, yumora bələnmiş misraları birdən-birə yoxa çıxır, hər bəndin arxasında qan ağlayan kövrək qəlbli bir sənətkar görünür.
***
Alqayıt 1996-cı ildən ömrünün axırına qədər Bakı şəhərində yaşayır. 2013-cü il yanvarın 12-də Xırdalanda vəfat edir./kulis.az