Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rusiya acı məğlubiyyətə doğru – Dirən, Ukrayna!


Sabiq dövlət müşaviri: “Nüvə ritorikası məğlubiyyətin etirafıdır - Moskva artıq uduzacağını bilir”

Politoloq: “Qərb və Ukrayna Rusiyaya nəfəsini dərməyə imkan verməyəcək”

Avropa Parlamenti Rusiyanı beynəlxalq terrorizmin sponsoru kimi tanıyan qərar qəbul edib. Bu qərardan sonra Rusiyanın dünya çempionatları keçirmək, Olimpiadaya ev sahibliyi etmək hüququ olmayacaq. Eyni zamanda, ciddi maliyyə qurumları, nüfuzlu banklar, konsaltinq şirkətləri Rusiyanı tərəfdaş kimi qəbul etməyəcək. Habelə Avropa Parlamenti Krımda, qondarma Abxaziya və Cənubi Osetiya “respublika”larında Rusiya pasportları verilən şəxslərə viza verilməsinin qadağan edilməsinin lehinə səs verib.

Avropalı parlamentarilər Belarusu da diqqətdən kənarda qoymayıb və İrəvanda keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində Ukraynadakı təcavüzə haqq qazandıran Prezident Aleksandr Lukaşenkonu beynəlxalq tribunala cəlb etməyin yolları ətrafında müzakirələrə başlayıb. Noyabrın 24-də Strasburqda keçirilən plenar iclasda Avropa Parlamenti səs çoxluğu ilə “Belarusda davam edən repressiyalar haqqında” qətnamə qəbul edib.

Qeyd edək ki, Rusiyanın Ukraynaya qarşı təcavüzə başlamasından səkkiz ay ötür. Rusiyanın hücumları nəticəsində onminlərlə dinc ukraynalı həlak olub, hazırda isə Ukrayna əhalisi soyuq qış fəslini işıqsız və istiliksiz keçirir. Rusiya isə paytaxt Kiyev və digər şəhələrə hücumlarını davam etdirir.

Beynəlxalq analitiklər hesab edirlər ki, qarşıdakı bir neçə ay müharibənin həlledici dövrü olacaq. Rusiyanın ciddi itkilərə məruz qalması və mövqe itkisi Ukraynanın bu savaşdan qalib çıxacağına dair ehtimalları artırır.

Baş verənləri AYNA-ya şərh edən Azərbaycanın sabiq dövlət müşaviri, professor Qabil Hüseynlinin sözlərinə görə, Kreml son hadisələrdən təşvişə düşüb və nüvə ritorikasına əl atır: “Təsəvvür edin ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Xerson olayları fonunda açıqlama verərək bəyan edib ki, ölkəsi hələ müharibədə bütün arsenalından yararlanmayıb. Putinin ən yaxın kadrlarından hesab olunan Medvedyev açıq şəkildə nüvə silahından istifadə ediləcəyinə eyham vurub. Bir müddət öncə Prezident Vladimir Putin də oxşar açıqlama ilə çıxış etmişdi. Xüsusi olaraq vurğulayırdı ki, bu, blef deyil və Rusiyanın səbri tükənmək üzrədir”.

“Bunlar nə deməkdir? Rusiya niyə nüvə silahından istifadə etsin ki? Putin və administrasiyası bilmir ki, nüvə silahına əl atsalar, onların da sonu gələcək? Bəs o zaman niyə bunu edirlər? Ona görə edirlər ki, artıq müharibədə məğlub olacaqlarının fərqinə varırlar. Müharibəyə fasilə vermək və bununla toparlanmaq üçün zaman qazanmaq istəyirlər. Qərb və Ukrayna isə buna imkan vermir. Moskvanın təhdid siyasəti də məhz buna görədir”, - deyə həmsöhbətimiz bildirib.

Professor ABŞ və Avropanın Rusiyaya qarşı təzyiqləri davam etdirəcəyi qənaətindədir: “Qərbin və Rusiyanın siyasəti fərqlidir. Rusiya zorakı yollarla qısa müddətə hədəfə çatmağı hədəfləyirsə, Qərb bunu səbrlə və sistemli şəkildə edir. Müharibənin ilk dövrlərində və ondan öncə də Qazaxıstan hadisələrində Moskvaya imkan yaradıldı ki, özündə əminlik hiss etsin. Bu əminlikdən sonra Rusiya Ukraynaya qarşı təcavüzə başladı. O zaman heç kimin ağlına gəlməzdi ki, Ukrayna bu müharibənin qalibi ola bilər. Artıq bu, nəinki mümkün görünür, hətta Rusiyanın özü də bundan dolayı ciddi təşviş keçirir, hər yeri dağıtmaq, yandırmaqla hədələyir. Qərb isə səbrli siyasətini davam etdirir”.

“Düzdür, bu səbr Ukraynada xeyli günahsız insanın həlak olması, ölkənin xarabalığa dönməsi, əhalinin işıqsız qalması ilə nəticələnir. Rusiyanın artıq geriyə yolu qalmayıb və sona qədər döyüşməyə məcburdur. Bu halda isə məğlubiyyəti qaçılmazdır. Avropa Parlamentinin Rusiya və Belarusla bağlı son qətnamə və qərarları Qərbin Putinə qarşı sistemli təzyiq siyasətinin davamıdır”, - deyə Hüseynli vurğulayıb.




Politoloq Zərdüş Əlizadə də AYNA-ya şərhində Moskvanın getdikcə gücünün tükəndiyini söyləyib: “Rusiya son resurslarını xərcləyir. Düzdür, Qərb Ukraynaya lazımi səviyyədə dətək nümayiş etdirmir. Lakin buna baxmayaraq ki, dəstək var və görünən odur ki, davam edəcək. Ukraynadan fərqli olaraq Rusiya təkbaşına mübarizə aparır. Bu mübarizə həm Ukraynada hərbi resurslar, canlı qüvvə və hərbi texnika itkisi, həm də çoxvektorlu embarqolarla nəticələnir”.


“Rusiya böyük dövlətdir, lakin bu qədər təzyiqin qarşısında duruş gətirəcək gücdə deyil. Rusiyanın Ukraynada bir gündə canlı qüvvə itkisi 200-ün, müharibə başlanandan bəri isə 40 minin üzərindədir. Artıq ruslar da Putinin oyununa alət olmaq istəmirlər. Məhz elə buna görədir ki, Rusiyada səfərbərlik elan olunması ilə bağlı qərar da effektiv olmadı. Putin və administrasiyası əhalini zorla müharibəyə göndərsə, o halda daxildə kütləvi etirazlar qaçılmaz olacaq. Bu isə Qərbin əlinə fürsət verə, Putin rejiminin sonunu gətirə bilər”, - deyə analitik bildirib.


Müsahibimiz hesab edir ki, Rusiyanın Ukrayna üzərində hərbi qələbəsi mümkün deyil: “Moskva çalışır ki, müharibəni müəyyən müddətə də olsa, dayandırsın. Bu müddətdə toparlansın və yenidən Ukraynaya hücum etsin. Ancaq Qərb və Ukrayna Rusiyaya nəfəsini dərməyə imkan verməyəcək. Onlar çalışacaqlar ki, Rusiyanı tamamilə sarsıtsınlar. Nə qədər qəribə olsa da, buna nail olacaqlar. Özü də bu, uzaq gələcəkdə olmayacaq”.


“O ki qaldı Lukaşenkonun KTMT-nin sammitində söylədiyi fikirlərə, o adam sadəcə xəstədir. Təsəvvür edin ki, Putinin dəstəyi olmsaydı, Lukaşenko Allah bilir bu gün harada idi. Belarus xalqı onu tarixin arxivinə göndərməyin bir addımlığında idi. O, məhz Kremlin dəstəyindən sonra hakimiyyətdə qala bildi. Onun “Rusiya məğlub olarsa, biz də məhv olarıq” bəyanatı Belarus xalqı ilə bağlı yox, özü ilə bağlı bəyanatdır. Bəli, Rusiya məğlub olsa və Putin yola salınsa, Lukaşenkonun xilası mümkün olmayacaq”, - deyə Əlizadə fikrini yekunlaşdırıb.


Müəllif: Azər Niftiyev






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10