Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

(Fotolar)- “Şəlalə”nin tam özgə görkəmi olacaq.


Burada uşaq əyləncə məkanı, tam müasir tələblərə uyğun Qonaq Evi... inşa olunacaq 

Cenub.az təqdim edir:

Bir həftədən artıqdır ki, Masallı şəhərinin mərkəzində, “Xan” Şadlıq Sarayının qərb tərəfindəki “Şəlalə” şadlıq zalı yenidən qurulur.

Xatırladaq ki, “Şəlalə” Şadlıq Zalı 1979-cu ildə Masallıda hökumət tərəfindən inşa edilən ilk üçmərtəbəli şadlıq zalıdır.

Bu, o vaxtlar idi ki, heç kim övladının toyunu şadlıq zalında etmir, “palatka” toylarına üstünlük verirdi.

Zaman keçdi, insanlar şadlıq zallarına axışdı. Təkcə Masallıda indi 20-yə yaxın şadlıq zalı var. Masallının ən qədim şadlıq zalı “Şəlalə” sonralar özəlləşdirilərək həmin dövrün əmək qabaqcılı olan Misri xanım Həsənovaya satıldı. İllər ötdükcə binanın sağında-solunda sənədli-sənədsiz xeyli dükan-bazar tikildi.

Bu yaxınlarda, dəqiq desək, 2021-ci ildə “Şəlalə” şadlıq zalı başqa bir şəxsə - əslən Masallının Yuxarı Baş adlanan ərazisində yaşayan, rusiyalı iş adamı, 45 yaşlı Tahir Məhərrəmova satıldı.

Tahir Məhərrəmov hazırda binada və onun ətrafında söküntü işləri aparır. Bəs sökülən binanın yenidən qurulan hissəsində və ətrafında hansı işlər görüləcək, nələr olacaq? Suallarımızı Tahir Məhərrəmov özü cavablandırır:

Uşaq vaxtlarımı çox əziyyətlə yaşamışam və çörək qazanmaq üçün Rusiyanın uzaq məkanına üz tutmuşam. Xeyli əziyyətlər çəkdikdən sonra, nəhayət, özümə normal biznes qurmuşam. Rusiyada bir sıra obyektlərim var. Son vaxtlar isə qərar verdim ki, doğma rayonuma sərmayə qoyum. Buradan çörək qazanmağa getmişdim. İndi isə əsas məqsədim burada külli miqdarda pul qazanmaq yox, yeni iş yeri açmaq, onlarla, yüzlərlə insanı normal işlə təmin etməkdir.

İndi isə, konkret “Şəlalə” barədə.

Öncə deyim ki, 40 ildən artıq yaşı olan bu binanın özülü, xüsusən də sütunları çox möhkəmdir. Binanın ümumi quruluşu, dizaynı isə tam dəyişəcək.

Yenidənqurma işləri çərçivəsində 3-cü mərtəbənin hündürlüyü 3 metrdən 7 metrə yüksələcək. Bina çöldən üçmərtəbəli görünsə də, içəridə 4-cü mərtəbə də olacaq.  

Zalın akustikasına xüsusi diqqət yetiriləcək. Ortadakı sütunlar götürüləcək, oturacaqların sayı 300-dən 450-yə çatdırılacaq. 

Bundan əlavə binanın həyətində maşın saxlamaq üçün yer, qonaq otağı, digər xidmət sahələri olacaq. Həmçinin uşaqlar üçün xüsusi məkan olacaq ki, bazara gedənlər, toya gedənlər uşaqlarını burada qoyub, işlərini rahat görsünlər. Qısası, burada nə olacaqsa, beynəlxalq standartların tələblərinə uyğun olacaq.

Sonda Tahir müəllimdən soruşduq ki, bu söküntülər zamanı binanın içindəki və çölündəki obyekt sahibləri ilə problemləriniz olmadı ki?

-Düzün desəm oldu. Bəzi şikayətlər, hədələr oldu. Mən isə hər işi qanun çərçivəsində etmək istəyirəm. Tam qanuna müvafiq sənədlərim var, xəritələr, layihələr var və həmin sənədlər daxilində də hərəkət edirəm.

Onu da deyim ki, mən bu binanın arxasındakı “Xoşbəxtin yeməkxanası” deyilən obyekti də almışam. Bundan əlavə həmin yeməkxananın arxasındakı silsilə ticarət dükanları da bizim alqı-satqıya daxildir və bizim mülklərimiz sayılır.

Qanunlar öz yerində, lakin halallığa da üstünlük verirəm. Maksimum sülh addımları atıram, daha kimsə həddin aşırsa, nə qədər səbirli olsam da, sərt addımlar atmağa məcburam.

Elə bilirəm ki, sonda hər şey hamının ürəyincə olacaq. Masallının daha da gözəlləşməsində mənim də azca payım olacaqsa, bununla qürur duyaram.


Onu da qeyd edək ki, Şadlıq Sarayının adı da dəyişəcək. Hələlik, “Qədim Masallı” adına üstünlük veririk. Sizin də təkliflərinizi eşitmək çox maraqlı olardı.

Cenub.az. Zahir Əmənov







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10