Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

İranlı narkobaronlar Bakıda “WhatsApp” üzərindən narkotik satırmış - təfsilat


İranlı narkobaronlar “WhatsApp” vasitəsilə Azərbaycanda heroin alveri şəbəkəsi yaradıb və yerli narkotik kuryerlərini bura cəlb ediblər.

Hazırda məhkəmədə istintaq edilən iş üzrə ittihama görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Röyal Rəhimov və əvvəllər məhkum olunmuş Sirac Kərimli Qaradağ rayonu ərazisində saxlanılıblar. Onların üzərindən və Röyal Rəhimovun avtomobilindən 22 kiloqram, o cümlədən 12 kiloqram heroin və 10 kiloqramdan artıq metamfetamin aşkar edilib. İstintaqla müəyyən edilib ki, həmin şəxslər narkotik vasitəni İran vətəndaşı olan Yəhya adlı şəxsdən qəbul ediblər. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 206.3.2, 206.3.3 (qaçaqmalçılıq), 234.4.1, 234.4.3 (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə ittiham elan olunub.

Artıq bu iş üzrə məhkəmə də sona çatıb. İran narkotik şəbəkəsinə qoşulan 28 yaşlı Bakı şəhər sakinləri Sirac Kərimli və Röyal Rəhimova hökm oxunub.

Məhkəmədə bəlli olub ki, dəstə üzvləri bu ilin yanvarında ələ keçiblər. İstintaqçılar müəyyən ediblər ki, saxlanılan şəxslər beynəlxalq narkotik şəbəkəsinin üzvləridir, onlar İrandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik partiyasının ölkə ərazisində satışını təşkil ediblər.

İstintaq orqanları narkotiklərin “Yəhya” ləqəbli İslam Respublikası vətəndaşından, eləcə də digər şəxslərdən gəldiyini müəyyən ediblər. Təqsirləndirilən Sirac Kərimli özünü təqsirli bilib. O, ifadəsində Röyal Rəhimovla dost olduqlarını və eyni ərazidə yaşadıqlarını bildirib. Təqsirləndirilən şəxs Yəhya ilə İnstaqram sosial şəbəkəsində tanış olub, bundan sonra onunla WhatsApp messencerində əlaqə saxlayıb. Kərimli şəxsi istifadə üçün İrandan heroini alıb, narkotik vasitələrin ödənişi isə bank kartı vasitəsilə həyata keçirilib. Təqsirləndirilən şəxsin sözlərinə görə, polis onu başqa “sifariş” almağa gedəndə həbs edib. Kərimli qeyd edib ki, Röyal Rəhimov narkotikdən xəbəri olmayıb. Sonuncunun avtomobilindən 22 kiloqram narkotik maddə tapılması ilə bağlı sualı cavablandıran şəxs bildirib ki, əvvəlcə mal onların maşında olmayıb. O, istintaqa təzyiq altında ifadə verdiyini də qeyd edib. Qeyd edək ki, Kərimli istintaq zamanı verdiyi ifadələrdə pula ehtiyacı olduğunu və Yəhya ilə əməkdaşlıq edərək narkokuryer kimi əlavə pul qazanmağa qərar verdiyini bildirib. Təqsirləndirilən şəxs müstəntiqlərə onu da bildirib ki, Rəhimovun daşınan narkotiklərdən xəbəri olub. Təqsirləndirilən Röyal Rəhimov məhkəmədə bildirib ki, Sirac narkotik aludəçisi olub, heroindən istifadə edib, bəzən onunla da paylaşıb. Amma eyni zamanda narkotikləri haradan alması barədə heç nə deməyib: “Sirac mənə iranlı haqqında heç nə deməyib. Həmin gün məndən onu Ələtə aparmağımı istədi, etdim. Avtomobilimdə narkotik yox idi, ittihamlar yalandır”.

Röyal Rəhimov istintaq zamanı hər şeyi etiraf edib və Sirac Kərimli ilə birgə maşınına 22 kiloqram narkotiki necə yerləşdirdiyini bildirib.

Məhkəmənin hökmü ilə Sirac Kərimli 17 il, Röyal Rəhimov isə 15 il müddətinə azadlıqdan məhrum edilib.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10