İstanbul Terrorla Mübarizə Şöbəsi qruplarının apardığı araşdırmalarda terror aktını törədən Əhləm əl-Bəşir və digər şübhəlilərlə bağlı yeni təfərrüat üzə çıxıb.
Terrorçu Bəşirin təxminən bir il əvvəl PKK/YPG terror təşkilatı tərkibində kəşfiyyatçı kimi təlimlərə başladığı müəyyən edilib.
Əhləm əl-Bəşir 4 ay əvvəl "B" adlı terrorçu ilə Afrindən qaçaq yolla Türkiyəyə daxil olub. Əsənlərdə yaşayan Suriya əsilli başqa bir terrorçunun yanına gələn Əhləm əl-Bəşir və "B" kim olduqları məlum olmasın deyə özlərini ər-arvad kimi göstərməyə başlayıblar. Cütlük kamuflyaj etmək üçün tekstil sexində də işə düzəlib.
Terrorçular bu müddət ərzində türk kəşfiyyatına yaxalanmamaq üçün əmr aldıqları Eyn əl-Ərəbdəki terrorçularla heç bir rəqəmsal mühitdə əlaqə saxlamayıblar.
Terrorçuların Eyn əl-Ərəblə əlaqəsini Əsənlərdə birlikdə qaldıqları şəxs təmin edib. Hadisə günü "B" adlı terrorçudan bomba yüklü paketi alan Əhləm əl-Bəşir diqqəti cəlb etməmək üçün 45 dəqiqə bombanı qoyduğu skamyada oturub.
Saatlı bombanın partlamasına az qalmış skamyadan qalxaraq hadisə yerindən qaçan əl-Bəşir əvvəlcə taksi ilə Əsənlərdə qaldığı ünvana gedib. Buradakı evdəki qızıl və pulları götürdükdən sonra Küçükçəkməcəyə gedib.
Qaldığı evdə polislər tərəfindən yaxalanan Bəşirin polis bölməsində dindirilməsi davam edir.
Bəşirin əri rolunu oynayan "B" adlı terrorçunun tutulması üçün iş gedir./Publika.az