Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Uzaq Şərq gərginlik astanasında: Yaponiya Çinlə müharibəyə hazırlaşır?


“Tayvan alınarsa, Yaponiyanın cənub-qərbindəki adalar müdafiəsiz qala bilər”

“Bloomberg”in köşə yazarı Hal Brands məqaləsində ciddi iddia ilə çıxış edib. Dünyada əsas müzakirə mövzusuna çevrilən məqalədə yazar iddia edib ki, Yaponiya Çinlə müharibəyə hazırlaşır. Brandsa görə, Tayvanın rəsmi Pekin tərəfindən zorla ələ keçirilməsi Yaponiya üçün fəlakətli nəticələrə səbəb olacaq.

“Tayvan alınarsa, Yaponiyanın cənub-qərbindəki adalar müdafiəsiz qala bilər. Çin Yaponiyanın həyati əhəmiyyət daşıyan ticarət yollarını kəsə, mübahisəli Senkaku adaları ətrafında təzyiqi artıra və ya başqa yolla tarixi rəqibinə təzyiq göstərə bilər”, - köşə yazarı qeyd edib.

Məqaləsində bildirib ki, ABŞ üçün Çin “təhlükəli, lakin uzaqdır”. Amma Yaponiya uzun illərdir ki, ölkənin mövcudluğu üçün təhlükə yarada biləcək bir dövlətlə qonşudur. Brands hesab edir ki, bu səbəbdən artıq böyük regional hərbi güc olan Yaponiya öz çəkindirmə və müdafiə imkanlarını gücləndirmək istiqamətində sürətlə irəliləyir.

“Yaponiya 2027-ci ilə qədər müdafiə xərclərini təxminən iki dəfə artırmağı planlaşdırır. O, bəzi cənub-qərb adalarını gəmi əleyhinə raketlər və hava hücumundan müdafiə vasitələri ilə dolu qalalara çevirir. Tokionun Çin donanmasının qarşısını almaq üçün yüksək keyfiyyətli sualtı donanmasından istifadə etməyi planlaşdırdığı bildirilir. Yaponiya həmçinin ABŞ-dan “Tomahawk” qanadlı raketləri və Çin materikini hədəfə ala biləcək digər zərbə əleyhinə silahlar əldə etməyə doğru irəliləyir”, - Brands iddia edib.

Eyni zamanda, “Blomberg”in yazarı Vaşinqtonu regionda strateji tərəfdaşın maraqlarına məhəl qoymadığına görə tənqid edib: “Əgər Tokio təxribatsız mühafizəyə üstünlük verirsə, o zaman ABŞ vaxtaşırı olaraq təxribatların qarşısını almadan həyata keçirir. Bütün bunlar Yaponiyanın sürətlə hərbiləşdirilməsinə gətirib çıxarır ki, bu da hərbi qarşıdurmaya hazırlığın sübutu ola bilər”.

Yeri gəlmişkən, ABŞ, İngiltərə və Avstraliyanın daxil olduğu AUKUS hərbi ittifaqını genişləndirmək planları məlum olub. Onlar Yeni Zelandiya, Kanada və Yaponiyanı ittifaqa cəlb etmək istəyirlər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov da qeyd edib.

Verilən açıqlamalardan, analizlərdən belə qənaətə gəlmək olar ki, növbəti münaqişə ocağı Uzaq Şərqdə - Yaponiya ilə Çin arasında baş verəcək. Hələlik rəsmi Tokio və Pekindən bununla bağlı hansısa açıqlama verilməyib.

Müəllif: Turan Abdulla






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10