Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Əliyevin Moskvaya göndərdiyi siqnal


“Sülhməramlılar” getsə, silahlı ermənilərin də Qarabağda uzun müddət qalmayacağı aydındır

Ermənistan öz qoşunlarını Qarabağdan çıxarmasa, Azərbaycan lazımi addımları atacaq. Bunu noyabrın 8-də Şuşada çıxış edən dövlət başçısı İlham Əliyev deyib.

Onun sözlərinə görə, Ermənistanda revanşizm tərəfdarları baş qaldırır, orada müharibənin nəticəsi ilə barışmaq istəməyən qüvvələr var. Ermənistan 2020-ci il 10 noyabr tarixli razılaşmaya tam əməl etmir, silahlı qüvvələrini tam şəkildə Qarabağdan çıxarmayıb, Zəngəzur dəhlizini açmayıb.

Bu səbəbdən də Azərbaycan istənilən vaxt istənilən tapşırığı yerinə yetirməyə hazır olan ordusunu gücləndirir. Son iki ildə silahlı qüvvələrin sayı artırılıb, yeni silah növləri alınıb.

“Azərbaycanın bugünkü ordusu iki il əvvəlkindən daha güclüdür, bunu Ermənistan da, digərləri də başa düşməlidir. “Fərrux”, “Qisas” əməliyyatları, 13-14 sentyabrda Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlər – bütün bunlar Ermənistan üçün dərs olmalıdır. Qarabağı unutsunlar, bura bizim torpağımızdır. Rusiya sülhməramlıları orada müvəqqətidirlər, onların qalma müddəti 10 noyabr tarixli Üçtərəfli Bəyanatda göstərilib”, – Əliyev bildirib.

Ermənistanın silahlı qüvvələrini Qarabağdan çıxarmaq öhdəliyini yerinə yetirmədiyini qeyd edən prezident deyib: “Bizim səbrimiz hüdudsuz deyil və bir daha xəbərdar etmək istəyirəm ki, bu öhdəlik yerinə yetirilməsə, Azərbaycan lazımi addımları atacaq”.

“Ermənistan Zəngəzur dəhlizi ilə bağlı öhdəlik götürüb. İki ildir ki, Laçın yolu ilə Ermənistandan Qarabağa və geriyə gedən maşınlara toxunmuruq. Sərbəst hərəkətə imkan veririk. Ermənistan da Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında yol əlaqəsini təmin etmək öhdəliyini öz üzərinə götürdü. İki il keçdi, texniki-iqtisadi əsaslandırma yoxdur, nəqliyyatın hərəkəti yoxdur, dəmir yolu, magistral yoxdur. Nə qədər gözləməliyik?”, – deyə Əliyev davam edib.

Daha sonra o, üzünü Azərbaycan sərhədləri yaxınlığında dost olmayan fəaliyyətə yol verən İrana tutaraq, xəbərdarlıq edib. “Ordumuz qəhrəmanlıq, peşəkarlıq və fədakarlıq nümayiş etdirib və sərhədimiz yaxınlığında Ermənistana dəstək üçün hərbi təlimlər keçirənlər də bunu bilməlidirlər. Bizi heç kim qorxuda bilməz”.

Ermənistan vaxtı uzatmamalı və kiminsə gəlib onun əvəzinə döyüşəcəyi ilə bağlı möcüzə gözləməməlidir. “Biz sülh istəyirik, müharibə istəmirik, şərtlərimiz ədalətlidir və sülh müqaviləsi də bu şərtlərlə imzalanmalıdır. Ermənistan xoş niyyət göstərsə, sülh imzalanacaq, əgər göstərməyəcəksə, yox. Bundan sonra nə olacağını həyat göstərəcək”, – İlham Əliyev sonda bildirib.

Bütövlükdə prezidentin bu çıxışında şübhəsiz ki, Rusiya hərbçilərinin – “sülhməramlıların” (bir sıra ekspertlər onları açıq şəkildə işğalçı adlandırırlar) Qarabağda qalma müddəti, eləcə də Ermənistanın qanunsuz silahlı birləşmələrinin Qarabağdan çıxarılması ilə bağlı söylədikləri ən əsas və vacib məqam hesab edilməlidir. Niyə? Çünki Azərbaycanın aktual siyasi gündəmindəki məhz bu məsələlər onun ərazi bütövlüyünün və suverenliyinin tam şəkildə bərpası ilə birbaşa bağlıdır. Bu, istənilən dövlət üçün dünyada heç kimin onun yaşamaq qabiliyyətinə şübhə etmək əsası olmasını istəmədiyi əsas məsələdir. Prezidentin Şuşada çıxışı zamanı gördüyümüz əhval-ruhiyyəsinə inansaq, o, Rusiya silahlı kontingentinin Azərbaycan ərazisini 2025-ci ildən gec olmayaraq tərk etməsini hədəfləyir. Yəni Bakı onların burada qalma müddətini uzatmaq niyyətində deyil. Silahlı ermənilərin Qarabağdan çıxarılması məsələsinə gəldikdə isə, onlar hətta ruslar gedənə qədər orada otursalar da, onların oradan çıxarılması Azərbaycan Silahlı Qüvvələri üçün çətin olmayacaq.

Hələlik, prezidentin çıxışında bu ssenarilər görünür. Amma ssenari yenə dəyişə bilərmi? Kremlin hələ də Bakıya təsirli təzyiq rıçaqları varmı? Moskva bu rıçaqların vasitəsilə bu mövqeyi “yumşaltmağa”, yəni əslində öz ölkəsinin maraqlarına zidd getməyə məcbur edə bilərmi?


Müstəqil siyasi ekspert Nəsimi Məmmədli bununla bağlı fikirlərini Press Klubla bölüşüb:


– Rusiya silahlı qüvvələrinin “sülhməramlılar” adı altında uzun müddət Qarabağda qalması Azərbaycanın maraqlarına cavab vermir. Noyabrın 10-da imzalanan Atəşkəs Bəyanatının 4-cü bəndinə əsasən, bu missiya 2025-ci ildə başa çatacaq. Prezidentin bəyan etdiyi mövqedən aydın olur ki, o, “sülhməramlıların” Azərbaycan ərazisində qalma müddətini uzatmaq niyyətində deyil.


Təbii ki, Rusiya bu “missiyadan” belə asanlıqla imtina etmək istəmir. Ermənistan və Qarabağın erməni separatçıları da Rusiyanın dəstəyi ilə iddialarının davam etdirməyə ümid bəsləyir və “sülhməramlıların” Azərbaycanda qalmasını istəyirlər.


Rusiya Azərbaycanın bu ərazilərində qalmaq üçün müxtəlif açıq və gizli üsullarla, təxribatlarla təzyiq göstərməyə çalışacaq. Rusiyanın Azərbaycana qarşı hələ də çoxlu siyasi təzyiq alətləri var. Lakin bu təzyiqdən istifadə Rusiyaya xeyirdən çox zərər verə bilər.


Rusiya Ukrayna ilə müharibədə resurslarını sürətlə itirir. İqtisadi və hərbi cəhətdən zəifləyir. O, sərt beynəlxalq sanksiyalarla üzləşib. Cənubi Qafqazda yeni gərginlik onun üçün sərfəli deyil. Bundan əlavə, ABŞ və Avropa İttifaqı da artıq bu məkan üçün açıq rəqabətə girişib. Bundan başqa, Türkiyə ilə Azərbaycan arasında strateji hərbi-siyasi əlaqələr Rusiyanın Azərbaycana təzyiqlərini neytrallaşdırır. Rusiyaya indiki vəziyyətdə Türkiyə ilə daha yaxşı münasibətlər lazımdır.


Rusiya Azərbaycana birbaşa təzyiq göstərə bilməyəndə bunu dolayı yolla İran vasitəsilə etdi. İstisna etmirəm ki, İranın Azərbaycana qarşı həm bugünkü ritorikası, həm də təhdidləri Rusiya ilə razılaşdırılıb.


Əgər Azərbaycan hakimiyyətinin bu təzyiqə müqavimət göstərəcək siyasi iradəsi olsa, 3 ildən sonra ölkədə sülhməramlı kontingent olmayacaq. Azərbaycan diplomatiyası ilk növbədə 10 noyabr Bəyanatının tam icrasına nail olmalıdır. Ermənistanın bütün silahlı qüvvələri ərazilərimizi tərk etməli, kommunikasiyalar bərpa edilməli, məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar. Rusiyanın təzyiqlərini tamamilə neytrallaşdırmaq və rus hərbçilərini Qarabağdan çıxarmaq üçün, orada yaşayan erməni əhalisinə təhlükəsizliyin aydın və dəqiq konsepsiyasını təqdim etmək lazımdır. Əgər ruslar Qarabağı tərk etsə, onların əvəzinə başqa dövlətlərin əsgərləri sülhməramlı kimi ora daxil olsalar, məsələ həll oluna bilməz. Əksinə, bu, problemin həllini çətinləşdirəcək.


Ermənistanla müqayisədə Azərbaycanın xeyli güclü ordusu və digər resursları var. Əgər hərbi münaqişə olarsa, Azərbaycanın qalib gələcəyi daha realdır. Hazırda sülh sazişi istiqamətində Qərbin vasitəçiliyi ilə aparılan danışıqlar ölkəmizin maraqlarına daha çox uyğundur.


Rauf Orucov






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10