Bu gün mərhum aktyor Fərman Abdullayevin doğum günüdür. Əfsanəvi Fərman Şəkili haqqında maraqlı faktları təqdim edirik.
Fərman Abdullayev Şəkidə doğulub. Şəkili olduğundan ona Fərman Şəkili deyiblər. Şəki Aktyorluq Məktəbində, Gürcüstanda Mixail Tumanaşvilinin aktyorluq kursunda təhsil alıb, uzun müddət Şəki Dövlət Teatrında çalışıb.
***
Tamaşaçılar onu ABA televiziyasında yayımlanan uşaq verlişindəki Şurum-Burum obrazı ilə tanıyıb və seviblər.
Klounada sənətini ilk dəfə o, Azərbaycana gətirmişdi. Tədbirlərdə, ad günü və toylarda rastlaşdığı klounlar onu görəndə ayaqlarını cütləyib, hərbi salam verirdilər.
***
Azərbaycan pantomima tarixində ilk tamaşanı da Fərman Şəkili hazırlayıb. 1980-ci illərin əvvələrində oynanılan “Dahi” adlı pantomim pyesin müəllifi olub.
Fərman Şəkili təyinatla Şəki teatrına gələn gənc aktrisa İradə xanımı sevir və evlənir.
***
Bakının teatr ictimaiyyəti Teatr Xadimləri İttifaqının Monotamaşalar festivalında Fərman Şəkilini “Hamlet” tamaşası ilə kəşf edir. Festivalın Qran-prisini qazansa da ona mükafatda nəzərdə tutulan məbləği vermirlər. Amma əvəzində Fərman Şəkilinin Azərbaycan kino teatr məkanında heç kimdə olmayan “Teatr fədaisi” adı var.
Fərman Abdullayev rejissoru və ssenari müəllifi özü olan “Mışovul” filminə çəkilmişdi ki, bu film müxtəlif səbəblərdən ekrana çıxmamışdı. Amma efirdə göstərilən “Fransız”da da, “Yalan”da da, “Həm ziyarət həm ticarət”də də, lap elə “Sarı gəlin”də də Fərman Abdullayevin yaratdığı obrazlar bir-birindən kəskin fərqlənirdi.
Bulvarda yay teatrı açmaq istəyirdi. Uşaq teatrı layihəsi vardı: “Aparıb layihəni ideyadan nizamnaməyədək təqdim edirdi, deyirdilər, gözlə. İnsan ömrü gözləmir ha... Bir də baxırdıq ki, götürüb özləri işləyiblər. Amma onlar Fərmanın inamını qıra bilmirdilər. O hər dəfə ilk dəfəymiş kimi insanlara inanırdı...”
Evdə uşaqlarına münasibəti ciddi olub. Onlara Sabirin "Hophopnamə”sini əzbərlətdirir, Motsarta, Şopenə qulaq asdırırmış.
***
Dostlarından biri də rəssam Natiq Əyyubov olub. Xəstəliyini ailəsindən gizlədən Fərman ilk dəfə sirrini dostuna açır. Emalatxanada görüşən dostlar hər dəfə 2, 3 qutu siqaret çəkər, dərdləşərlərmiş. Bir gün Fərman kefsiz emalatxanaya gəlir və dostuna deyir ki, siqareti tərgit. Dostu ona baməzə cavab verir: “neçə illik stajım var, batar axı.” Onda Fərman dostuna deyir ki, bununla zarafat etməsin, siqaret üzündən artıq onun ciyərlərində ciddi problem yaranıb.
***
Dini inancını xristianlıqda tapıb. Buna görə qınanılıb, amma Fərman Şəkili öz inandığına tapınan biri idi. Sənətə də eynən belə inanıb tapınmışdı.
***
Oğlu Elvin Abdulla kinorejissordur. Rejissor, prodüser, ssenari müəllifi kimi bir çox kommersiya layihələrində iştirak edib. “Xoxan, “Hənnas” kimi filmlərin müəlliflərindəndir.
Fərman Şəkili 11 ay xərçəng xəstəliyi ilə mübarizə apardıqdan sonra 2013-cü ildə, 58 yaşında vəfat edib. Həyat yoldaşı aktyorun son anlarını belə xatırlayır: “...əllərini sinəsində çarpazlayıb göz qapaqlarını sıxıb açdı. Mən anlamadım. Sən demə o “bitdi” demək istəyirmiş. Bir neçə saniyə keçmədi ki, dedilər, ruhunu tapşırıb.”
***
İradə xanım Fərmanın ölümündən sonra nəvələrinə onun hara getdiyini belə izah edir: “Gedib Allahın yanına, şəklinin qabağında şam yandıranda sizi görür, özünüzü ağıllı aparın.”/kulis.az