Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

"Rusiya İranla əməkdaşlıq etməklə növbəti dəfə öz ayağına güllə sıxdı" - FEDOROV


"Mən Ukraynada qərar verən insanların yerində olsaydım, Rusiya ərazisinə zərbə endirməkdən çəkinməzdim"

Rusiya Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin 8-ci ayında şəhərlərə, mülki infrastrukturlara və dinc əhaliyə kamikadze-dronlarla hücuma keçir. Əvvəllər bu terror aktları raketlərlə həyata keçirilsə də, bu gün İran istehsalı olan PUA-lar Ukrayna səmalarındadır. Müharibənin gedişi barədə İNİAN-ın suallarını ukraynalı hərbi ekspert Yuri Fedorov cavablandırıb. AYNA sözügedən müsahibəni istinadla təqdim edir: 

- Paytaxt və digər şəhərlərə PUA-ların hücumundan başlayaq. Niyə kütləvi şəkildə dronlardan istifadə edilir? 

- Çünki Rusiya Federasiyasında raketlərin qıtlığı yaranıb. Onların tamamilə bitdiyini söyləmək doğru olmazdı. Amma bu yaxınlarda Ukraynanın müdafiə naziri Reznikov maraqlı məlumat verdi. Dedi ki, Rusiyada genişmiqyaslı müharibə başlamazdan əvvəl olan dəqiq idarə olunan raketlərin təxminən 30% -i qalıb. Müvafiq olaraq, Rusiya bu raketləri Ukraynanın infrastrukturuna, yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı istifadə edə bilər və istifadə edəcək. Amma ehtiyatını tam boşaltmaq istəmir. Buna görə də hazırda İrandan alınan yüzlərlə PUA-lardan istifadə olunur. Döyüş gücü və infrastruktura ziyan vurmaq qabiliyyəti baxımından, əlbəttə ki, pilotsuz təyyarələr "Kalibr" qanadlı raketdən və ya buna bənzər raketlərdən xeyli aşağıdır. Raketlə müqayisədə PUA-nın zərəri kifayət qədər azdır, lakin xüsusilə nəzərə alsaq ki, bu, kamikadze dronlarıdır. Onlar hədəfə dəydikdə artilleriya mərmisi ilə müqayisə ediləcək partlayışa səbəb olur.

- Məlumdur ki, Rusiya Ukraynanı nə qədər çox vurursa, Qərb bir o qədər çox və sürətlə silah təminatı edir. Rusiya bunu anlamır və ya hücumların çoxaldılmasında məntiq haradadır?

- Putinin davranışında məntiq görmürəm. Onun davranışları sağlam düşüncəyə ziddir. Ukraynaya hücum göstərir ki, o, öz qərarlarının müsbət və mənfi tərəflərini rasional olaraq ölçə bilmir. Amma Ukraynanın Qərb müttəfiqlərinin mövqeyi doğrudan da ondan ibarətdir ki, biz infrastrukturu dağıtmağa yönəlmiş qəsblərin qurbanı olanda bir sıra siyasi xadimlərin mövqeyi dəyişdi və təhlükəni neytrallaşdırmaq üçün müdafiə silahlarının verilməsi barədə qərar qəbul edildi.

Hazırda ən böyük problem dronları aşkar etməkdir, çünki onlar adətən alçaq hündürlükdə uçurlar, radarla onları aşkar etmək çətindir. Lakin görünsələr, onları vurmaq olduqca asandır. Statistikaya əsasən, belə görünür ki, bu İran PUA-larının təxminən yarısı hədəfə çatmamış vurulub.

- İranın PUA-larla yanaşı, Rusiyanı yer tipli ballistik raketlərlə təmin edə biləcəyi xəbəri var. Bu raketlərin xüsusiyyəti nədir?

- Təəssüf ki, ballistik raketləri vurmaq çox çətindir. Amerikanın “Patriot” raket əleyhinə sistemləri var ki, təəssüf ki, hələ də Ukraynaya gəlməyib. Onların Ukraynaya çatdırılması ilə bağlı razılaşmaların olması barədə xəbərlərə rast gəlməmişəm. Hadisələr çox sürətlə inkişaf edir və ABŞ-ın mövqeyi kifayət qədər əhəmiyyətli dərəcədə dəyişir.

Söhbət İranın "Fateh-110" və "Zülfüqar" raketlərindən gedir. Birinci raket 300 km, digəri isə 700 km uçuş məsafəsinə malikdir. Bu, döyüş yükü bir neçə yüz kq olan kifayət qədər güclü bir silahdır. Onlar olduqca müasirdir, son on ildə Suriyada sınaqdan keçirilib və tətbiq edilib. Onların nə dərəcədə dəqiq olması sualına cavab yoxdur. Məlumdur ki, 300 km mənzilli raketlər İrandan “Hizbullah”a verilirdi, indi də Rusiyaya verilir ki, bu da təbii ki, müəyyən əks-səda doğurur. Əgər bu raketlər çox dəqiq deyilsə və onların 100-150 metr kənara çıxması varsa, o zaman kritik infrastrukturun məhv edilməsi üçün o qədər də uyğun deyil. Və əgər raketin dəqiqliyi çox yüksək deyilsə, o zaman onun hara düşəcəyi bəlli deyil. O, istilik elektrik stansiyasından keçərək, ondan kənarda, bir növ anbara düşə bilər. Ancaq bunlar dəqiq raketlərdirsə, onlardan gələn təhlükə kifayət qədər ciddidir. Biz yalnız çatdırılmaların sayını təxmin edə bilərik.

- İsrail artıq bəyan edib ki, İran Rusiyanı belə silahlarla təchiz etdiyinə görə, İsrail də Ukraynaya silah verməyə başlaya bilər. Sizcə, reaksiya necə olacaq?

- Belə başa düşürəm ki, artıq ümumi reaksiya var. Rusiya İranla əlbir olduğundan və İran İsrailin ən qatı düşməni olduğundan, İsrail Ukraynaya hərbi yardımla bağlı mövqeyinə yenidən baxa bilər. Yeri gəlmişkən, onların yaxşı "Dəmir Günbəz" raket əleyhinə sistemləri var. Düzdür, onlar ballistik raketləri tutmurlar, lakin kifayət qədər təhlükəli mərmilərin qarşısını kəsə bilirlər. Demək olar ki, Rusiya İranla əməkdaşlıq etməklə növbəti dəfə öz ayağına güllə sıxıb.

- Ukraynaya raket hücumlarından sonra Belqorod və Kurskda partlayış səsləri eşidilib. Bunun üçün dərhal Ukrayna günahlandırıldı. Sizcə, Rusiya həqiqətən də zərbələri təkbaşına təşkil edib, yoxsa Ukrayna Silahlı Qüvvələri tərəfindən anbarlara zərbə endirilib?

- Rusiya ictimaiyyəti hər şeyi iddia edə bilər. Ortada dəlil olmalıdır. Əgər Rusiya zərbələrin Ukrayna ərazisindən həyata keçirildiyinə dair faktlar təqdim edə bilsə və ya orada silah parçaları tapa bilsə, deməli, kartlar masanın üstündədir. Sübut göstərin, danışaq. Hələlik heç bir dəlil yoxdur, bu, hər zaman öz sözlərinə görə məsuliyyət daşıyan jurnalistlərin və ya siyasətçilərin mülahizələri səviyyəsində qalır. 

Mən Ukraynada qərar verən insanların yerində olsaydım, Rusiya ərazisinə zərbə endirməkdən çəkinməzdim. Amma bu mənim şəxsi mövqeyimdir. İncil həqiqətini xatırlamağa hazıram: “Gözə göz, dişə diş”.

- Xerson indi əsas müzakirə mövzusudur. Məlumat var ki, Rusiya hərbçilərinin şəhərdə sayı azdır, onlar yır-yığış edib, Xersonu tərk edirlər. Bu barədə nə deyə bilərsiniz?

- Bu, yalnız o demək ola bilər ki, Rusiya Xersondan təxliyə məsələsini ciddi şəkildə nəzərdən keçirir və bunun səbəbi də başa düşüləndir. Stasionar körpülərin təhlükə altında olduğu şəraitdə onların tutumu kəskin şəkildə azalır. Ponton keçidləri lazımi silah və sursat axınının öhdəsindən gələ bilmir. Buna görə də Dnepr çayının sağ sahilində və Xerson şəhərində rus qoşunlarının döyüş effektivliyi əhəmiyyətli dərəcədə azalır. Ukrayna Silahlı Qüvvələri şəhərə kifayət qədər yaxınlaşsa, keçidləri atəş altında saxlaya biləcəklər. Bunlar təkcə “Haymarslar” deyil, həm də 15-20 km-lik mənzilli top silahları olacaq. Sonra sursat tədarükü praktiki olaraq qeyri-real olacaq və rusların Ukraynanın hücum qoşunlarına müqavimət göstərəcək heç bir şeyi qalmayacaq.

Turan Abdulla 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10