“Düşünürəm ki, bu qaydaların tətbiq olunması ilə bir növ məktəb daxili nizam-intizam qaydalarına şagird-müəllim münasibətlərinin etik kodekslər çərçivəsində düzgün qurulmasında faydalı olacaq”.
Bu sözləri təhsil eksperti Elçin Əfəndi şagirdlərin məktəbdaxili nizam-intizam qaydalarının tətbiq edilməsinə münasibət olaraq bildirib.
Ekspertin sözlərinə görə, bu mexanizmə həm də ciddi şəkildə nəzarət lazımdır:
“Bu qaydaların əməl olunmasına ciddi şəkildə nəzarət lazımdır. Çünki sui-istifadə edərək qərarı dəyişdirməyə çalışan, cəza tədbirlərinə qarşı gələn valideynlər olacaq ki, bu zaman müəllimlər həmin müdaxilələri düzgün şəkildə idarə etməlidir. Bu gün 4440-dan çox məktəb fəaliyyət göstərir ki, bunun 1 milyon 600 mindən çox şagird təhsil alır. Nəzərə alsaq ki, bu uşaqların hər birinin müxtəlif psixologiyası var və müxtəlif ailələrdən gəlirlər.
Onların təlim-tərbiyə məsələsi ilk olaraq ailədən başlayır. Lakin paralel olaraq məktəbdə də bu işlər üzrə məsul olanlar müəllimlərdir.
Bəzi məsələlərə göz yumduqca o böyüyür daha da problemli hala çevirilir. Sözügedən qərarların qəbul olması və düzgün şəkildə icrası qismən də olsa hazırki məktəb-şagird münasibətlərinə düzgün istiqamət verəcək”, - deyə E.Əfəndi bildirib.
Qeyd edək ki, ötən gün Elm və Təhsil Nazirliyi məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlərlə bağlı məlumat açıqlayıb. Bildirilib ki, bu zaman şagirdlərin davranış səviyyələri nəzərə alınacaq.
Davranış səviyyələrinə görə tətbiq ediləcək inzibati tədbirlər bunlardır:
- müəllim baxışı, qeyri-verbal münasibət
- şagirdlərlə sakit söhbət
- xəbərdarlıq
- uzaqlaşdırma
- valideyn ilə əlaqə saxlamaq
- dərsdən sonra şagirdin məktəbdə saxlanması
- psixoloqa yönləndirmə
- sarı xəbərdarlıq məktubu
- narıncı xəbərdarlıq
- qırmızı xəbərdarlıq.
Səkinə Yusibli, Bizim.Media