Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Lerikdə dağ başında DAĞ BOYDA problemlər - Şəhidin qanpulusu da abadlığa xərclənir...


“Ötən il küləyin vurub yerə saldığı elektrik naqillərinə ilişən qoyunlarımızı cərəyan vurub öldürdü. Uşaqlar məktəbə gedib-gələndə bəzən elektrik naqillərinin üzərindən hoppanıb keçirlər. Bizim həyətə dönən yolda da tez-tez naqillər qırılıb yerə düşür, qaranlıqda görmək mümkün olmur”.

Lerikin Soru kənd sakinləri Meydan TV-yə kəndi ağuşuna almış sosial problemlərdən danışıblar. Onların iddiasına görə, uzun illərdir ki, kənddəki işıq, yol, su kənddəki enerji paylayıcısı çoxdan ömrünü başa vursa da, təzəsiylə əvəz olunmur. Nəticədə, sakinlər kənd içində canlarını dişlərinə tutub gəzirlər.


“Elektrik naqilləri yerlə sürünür”

Kənd sakini Şərif Nəsirli danışır:

“Transformator köhnədir, tez-tez partlayır, azca külək əsən kimi işıq dirəkləri çökür, çürük naqillər qırılıb yerə düşür. Yağışlı günlərdə bu, insan həyatı üçün daha təhlükəli olur. Yer yaş olduğundan naqillərin düşdüyü ərazinin yaxınlığından keçənləri cərəyan vurur”.

Sakin deyir, külək işıq dirəklərini aşıranda aidiyyəti qurumların işçiləri çağırışa gəlmədiklərinə görə özləri qaldırıb yerinə bərkidir, naqilləri də dirəklərə sarıyırlar:

“Axşam qırılır, düşür yerə, qaranlıqda telefonun fənərini tutub gəzirik, qorxuruq ki, tapdalayarıq, cərəyan vurar. Ən çox da uşaqlar üçün qorxuruq. Qaş qaralanda küçəyə buraxmırıq”.

Təzə məktəbə köhnə yollarla…

Kəndiçi yollar da palçıqlıdır. Sakinlər pul toplayıb yolu təmir ediblər, ancaq bu işlər də yarımçıq qalıb:

“Şəhid ailəsinə verilən qanpulu da yolun təmirinə getdi. Ancaq dövlət özü bu işlə məşğul olmasa, kasıb kəndlinin qaldıracağı yük deyil bu… Hər gün uşaqlarımız bu yollarla məktəbə gedib-gəlməli olurlar”.

Məktəb demişkən, Soruda heç əməlli-başlı məktəb də yoxdur. Azyaşlılar köhnə, soyuq sinif otaqlarında təhsil alır.

Soruda qaz, su problemi də mövcuddur. Əsasən də yay aylarında kəndlilər nə suvarma, nə də içməli su tapırlar. Bir sözlə, 1500-dən çox əhalisi olan kənd problemlərin məngənəsində sıxılır.


Şərif Nəsirli. Foto: Meydan TV

Lerik Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, oktyabrın əvvəli icra hakimiyyətinin başçısı Əkbər Abbasov Soru kəndində növbəti dəfə səyyar görüş keçirib, kəndlilərin problemlərini dinləyib, bu problemlərin həlli üçün aidiyyəti qurumlara müraciət olunub.

“Azərişıq” ASC-dən isə bildirilib ki, kəndin işıq problemiylə bağlı məlumatları var və problemləri yerində daha ətraflı öyrənmək üçün bir neçə günə kəndə nümayəndələr göndəriləcək.

Meydan TV






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10