Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cənubun ilk müstəqil qadın təşkilatı


“Ən mühüm  hədəfimiz insanları inamını qazanmaq idi, şükür ki, onu bacardıq”

 

Son 10-15  ildə ölkə üzrə qadın təşkilatlarının Lənkəranda, Ьasallıda bir sıra filialları fəaliyyət göstərib və yenə də göstərir. Lakin Fidan Abbaslının yaratdığı “Ümidim sənsən” sosial inkişafa yardam İctimai Birliyi nəinki Masallıda, cənub bölgəsində qadınların rəhbərliyi ilə həyata vəsiqə alan,   Ədliyyə Nazirliyində qeydiyyatdan keçən ilk müstəqil qadın təşkilatıdır.

Öncə Fidan Abbaslının öz təqdimatını dinləyək:

Ərkivan qəsəbəsində doğulub boya-başa çatmışam. Ailəliyəm, 3 övladım var. Bunu ona görə xatırladım ki, qoşulduğum ictimai işlərdə ailəm- həyat yoldaşım, qayınatam, qayınanam həmişə mənə dəstək olur

İctimai işlərə hələ məktəb illərində böyük marağım olub- şeir gecələri, məktəbdə və qəsəbədə keçirilən Novruz, Yeni il bayramları və tədbirlərdə daim öndə olmuşam. Hələ 7-8-ci siniflərdə oxuyanda rayon miqyaslı “Şən və Hazırcavablar”  klubunda məktəb komandamızın kapitanı idim. Dəfələrlə qadın hüquqları ilə bağlı ATƏT-in, BMT-nin, İnternyus- Amerika, Media Müxtəlifliyi İnstitutu, eləcə də bir sıra qadın təşkilatlarının tədbirlərində iştirakçı oldum, həmçinin Bakıda 3 aylıq Jurnalistika məktəbində təhsil aldım.Həmişə düşünürdüm ki, niyə bizim rayonda qadınları bir məkanda  birləşdirən ayrıca təşkilat olmasın. Öncə məhəlləmizdə bir icma yaratdıq. Lakin onu ömrü uzun olmadı. Qrupda kişilər də var idi. Sonralar “Ümidim sənsən” xeyriyyə icması təşkil etdim. Qısa müddətdə ətrafıma xeyli qadın, daha doğrusu gənc qızlar toplaşdı- Mətanət Paşayeva, İradə  İmanbəyli, Günel Paşayevə, Məhbubə Şahbazova, Qumriyyə Əliyeva, Ana Şəfa, Aynur Tağısoy və adalrının açıqlanmasını istəməyən, amma daim yanımızda olan, bizə  maddi və mənəvi yardım edən gənc, əsil Hacıxanımlar toplaşdı.

Görəcəyimiz işlərdən bir az sonra söz açacağam. Öncə isə bu işdə müəllimim olmuş gənc xanım, “Güvən” xeyriyyə  təşkilatının rəhbər Nigar Bayramlının əməyini xüsusi qeyd etmək istəyirəm. Bu gənc o qədər yorulmaz, saf, təmənnasız insandır ki, gecə-gündüz imkansızlara yardım etmək üçün obrazlı desək, alışıb-yanır. Masallıdan Yardımlıya, oradan Şəkiyə, Gədəbəyə yollanır . Sanki dövrümüzün mat Terezasıdır.Söhbətin ki, minnətdarlıq yerinə çatmışıq Rayon İcra hakimiyyətinin başçısı Rafil müəllimin, müavini Nəsir müəllimin, Kollecin direktoru Vidadi Nəzərovun da bizə qayğısını da yüksək dəyərləndirirəm. 

 

Xeyriyyə işlərini sadalasam böyük bir siyahı alınır.Qısaca xatırladım. 10-dan artıq qəsəbə və  kənddə - Boradigah, Ərkivan, Türkoba, Qarğalıq.... paltar aksiyası keçirib imkansılara qismən geyilmiş paltarlar paylamışıq. 18 məktəbdə kitab bayramı keçirib 2000-ə yaxın şagirdə və müəllimə pulsuz kitab paylamışıq. Bir neçə   əlil uşağın müalicəsinə yardımçı olmuş, 12 uşağın pulsuz sünnət olunmasını təşkil etmişik. Müxtəlif vaxtlarda 22 qoyun kəsdirib kasıblara paylamışıq. Nigar Bayramlının yaxından köməyi və fədakarlığı ilə bir imkansıza ev tikmişik. Bəzi adamlar işlənmiş mebel, televizor vermiş, bəzilərinin işıq-qaz puluna yardımçı olmuşuq.

Bəzən hacıları çox tənqid etsək də, etiraf edim ki adını açıqlanmasını istəməyən, bizə təmənnasız yardımçı olan bir-iki ərkivanlı hacıya xüsusi minnətdarlıq etmək istəyirəm. Tədbirlərimiz sırasında kasıb uşaqların Nağıl Dünyasına səyahəti və kabab süfrəsi, Ərkivanda təntənəli Novruz və Yeni il şənliyi də daxildir.

 

Bir neçə ay öncə Ədliyyə Nazirliyində ictimai birlik kimi  qeydiyyatdan keçdik. İndi fəaliyyət dairəmiz daha genişlənib. Fəaliyyətimizi təkcə xeyriyyə işləri ilə yekunlaşdırmaq istəmirik. Avqust ayında Ərkivandakı orta məktəbləri bitirib ali məktəbə qəbul olunan 40 ərkivanlı məzunla Əriştə də unudulmaz görüş keçirdik.

 

Hazırda “İstedad, hardasan”  devizi ilə aksiyaya başlamışıq. 15 məktəbdə istedadların axtarışın çıxacaq - yaxşı səsi, rəssamlıq bacarığı, digər qeyri-adi bacarığı olan şagirdləri toplayıb onlara dəstək olacağıq. Bu işdə gənc və istedadlı müğənni Şamo İbayev də yardımçımız olacaq.

Gələcək hədəflərimizdə tənha qadınlarla, yeni ailə qurmağa hazırlaşan qadınlarla daha sıx təmaslar quracağıq, Masallının ən fədakar qadınlarını bir araya gətirməyə çalışacağıq.

Tərəfdaşlarımız da az deyil.  Masallıdakı Heydər Əliyev Muzeyi, Qadın Resurs Mərkəzi, “Tərəqqi” Gənclər təşkilatı, MAGİYA (Lənkəran), eləcə də Masallıda yeni fəaliyyətə başlamış D. Əliyeva adına Qadın hüquqları Müdafiə cəmiyyətinin filialı  tərəfdaşlarımız sırasındadır. cenub.az və arkivan.az saytları isə bizə daim təbliğati dəstək verir.

 

Ünvanımızı:    Masallı şəhəri. Mövsüm marketlə üzbəüz “Ümidimi sənsən” xeyriyyə icması.

Telefon 051 833 09 86, watsh – 051 833 09 86

E-mail- [email protected]

feyzbuk- Fidan Abbaslı

 İmkansızlar bizdən yardım ala bilər. İmkanlılar isə yardımların bizdən əsirgəməsələr çox şad olarıq.

Şüarımız da  çoxlarına bəllidir- Ehtiyacın var apar, ehtiyacın yoxdur yardım et!.

 

Arzu Əliyeva. BDU-nun jurnalistika fakültəsinin 1 kurs tələbəsi

 






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10