Doğrudanmı, Masallı RPŞ-də polis mayoru bölmə rəisinə atəş açıb?
3 gündür ki, Masallıda bir məlumat dolaşmaqdadır. Yayılan məlumatda bildirilirdi ki, oktyabrın 8-də günorta radələrində Masallı Rayon Polis Şöbəsində silahlı insident baş verib. Polis şöbəsinin iki əməkdaşdan biri digərinə 3 dəfə atəş açıb:
“RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi, polis mayoru Xəzər Şahbazov əməliyyatçı polis mayoru İlqar Qasımovla mübahisə edərkən onu təhqir edib. Bundan əsəbiləşən İlqar Qasımov "Makarov" silahından Xəzər Şahbazova 3 dəfə atəş açıb. Lakin əməliyyatçı polis serjantı Zamin Kazımovun müdaxiləsi nəticəsində atılan güllələr hədəfdən yan keçib”.- deyə, məlumatda qeyd edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev yayılan xəbərlərlə bağlı sorğumuza cavab olaraq bildirib ki, həmin iddialar uydurmadır və heç bir əsası yoxdur:
“Əslində isə oktyabrın 7-də Masallı Rayon Polis Şöbəsinin polis sahə rəisi, polis mayoru İlqar Qasımov xidmətdən sonra ona təhkim olunmuş silahı növbətçi hissəyə təhvil verən zaman silahın dolu və ya boş olduğunu yoxlayarkən ehtiyatsızlıqdan bir dəfə atəş açılıb. Heç kim xəsarət almayıb, hər hansı maddi ziyan qeydə alınmayıb.”
Apa.tv