Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünyanı nüvə dəhşətindən ayıran dar pilləkən…


Düz 60 il əvvəl bəşəriyyət sadə təsadüf nəticəsində sağ qalıb və bu təhlükənin necə yaxın olduğunu göstərir

Rusiya prezidenti Vladimir Putin “nüvə dəyənəyi” yelləyir və Rusiyanın “ərazi bütövlüyü təhlükə altına düşərsə” dünyanı kütləvi qırğın silahlarından istifadə edəcəyi ilə hədələyir. Eyni zamanda o, sərhədləri özbaşına dəyişdirir, xarici dövlətlərin ərazisini Rusiya ərazisi elan edir. Kreml siyasətçiləri tarixdə ikinci dəfədir ki, bəşəriyyəti qaçılmaz proseslərin başlaya biləcəyi təhlükəli xəttə qədər sürükləyirlər. Bu çətin günlərdə Corc Vaşinqton Universitetinin (ABŞ) Milli Təhlükəsizlik Arxivi bizə ilk belə təhlükəli hadisəni xatırladır. Bu, siyasətçilərin ağılsızlıq həddinə çatdıqda, bəşəriyyətin fəlakətə nə dərəcədə yaxın olduğunu göstərən 60 il əvvəlki hekayədir.

60 il əvvəl – 1962-ci il oktyabrın 1-də, SSRİ-nin hər biri bir nüvə başlığı daşıyan “Fokstrot” sinifli dörd dizel sualtı qayığı Kola körfəzindəki bazasını tərk edib. Onlar Sovet qüvvələrinin kütləvi şəkildə Kubada yerləşdirilməsi planının bir hissəsi olaraq Karib hövzəsinə üz tutublar. Qeyd edək ki, Sovet qoşunlarının Karib hövzəsinə üz tutması məşhur Kuba raket böhranına səbəb olmuşdu.

İnsident B-59 sualtı qayığının kapitanı Valentin Savitskinin nüvə torpedosundan istifadə etməyə yaxın olan zaman baş verib. O zaman amerikalılar bundan şübhələnməyiblər. Oktyabrın 27-si böhranın ən təhlükəli günü imiş. Həmin zamandan bu epizod nüvə silahının təhlükəsi ilə bağlı ictimai müzakirələrə səbəb olub və bir çox sensasion iddialara gətirib çıxarıb.

Bu əməliyyatda iştirak edən ikinci dərəcəli kapitan, sualtı qayıqlar briqadasının qərargah rəisi Vasili Arxipovun yeganə xatirəsi ilk dəfə nəşr olunur. O, kritik anda B-59-un göyərtəsində olub. Qayığın komandiri olmasa da, daha yüksək ranqlı şəxs olaraq kapitan Savitskiyə nüvə zərbəsi endirmək kimi potensial fəlakətli qərardan yayınmağa kömək edib. Arxipov 1997-ci il oktyabrın 14-də Moskvada Kuba raket böhranının 35-ci ildönümünə həsr olunmuş qapalı konfransda çıxışı zamanı hadisə ilə bağlı xatirələrini bölüşüb.

Arxipovun çıxışı B-59-un kapitanının oktyabrın 27-nə keçən gecə ABŞ-ın sualtı qayıqlardan müdafiə qüvvələrinə qarşı nüvə torpedosundan istifadə edə biləcəyi fövqəladə vəziyyətlə üzləşməsi ilə bağlı xəbərləri dolayısıyla təsdiqləyir. Arxipov döyüş pultunda baş verən hadisələrin və Savitskinin reaksiyasının yeganə şahidi olub.

1997-ci il konfransında 69-cu briqadanın daha üç sualtı qayığının komandirləri – Ryurik Ketov, Nikolay Şumkov və Aleksey Dubivko iştirak ediblər. B-59-un komandiri Savitski o zaman artıq dünyasını dəyişibmış. Arxipovun çıxışı jurnalist Aleksandr Mozqovoyun 1995-ci ildə “Komsomolskaya Pravda”da B-59 kapitanının nüvə başlığı olan torpedadan az qala istifadə edəcəyi ilə bağlı dərc etdiyi yazıya cavabla başlayır. Mozqovoyun bu məqaləsi B-59-da radiokəşfiyyat qrupunun rəhbəri Vadim Orlovla müsahibə əsasında yazılıb. Jurnalistin məqaləsinə kimi hadisə ilə bağlı məlumatlar gizli saxlanılırmış. Arxipovun bu məqalə haqqında danışdıqları bir tərəfdən hadisənin detallarını təsdiqləyib, digər tərəfdən isə Mozqovoyun məqaləsinin başlığına istinad etdiyi bir hal istisna olmaqla, orada heç vaxt “nüvə” sözü qeyd edilməyib.

Arxipovun hesabatına görə, sualtı qayıq oktyabrın 27-nə keçən gecə batareyalarını doldurmaq üçün su üzərinə çıxanda, onunla birlikdə idarə qülləsinə qalxan komandir Savitski Amerika gəmilərinin və sualtı qayıqlardan müdafiə təyyarələrinin gözlənilməz hərəkətlərindən şoka düşüb (Arxipov deyirmiş ki, təyyarələr sualtı qayığın idarəedici qülləsindən cəmi 20-30 metr hündürlükdə uçurmuş, güclü projektorlardan istifadə edirmiş, avtomatik toplardan atəş açırmış (300-dən çox mərmi), dərinlik üçün nəzərdə tutulan bombalarla zərbə endirirmiş, esmineslər sualtı qayığa təhlükəli yaxın məsafəyə qədər yaxınlaşırmış, silahları sualtı qayığa yönəldərək səsgücləndiricilər vasitəsilə qayıqların mühərrikləri dayandırmasını tələb edirmiş). Arxipov deyib ki, B-52 komandiri hücuma məruz qaldığını düşünərək təcili suyun dibinə enmə və nüvə silahından istifadə əmri verə bilərdi.

Orlov və Ketov, daha sonra Anatoli Leonenko (B-59-da 3 nömrəli torpedo bölməsinin komandiri) və Viktor Mixaylov (sualtı qayığın döyüş naviqasiyası qrupunun rəhbəri) idarəedici qüllədə həmin an baş verdiyinin şahidi olmayıblar. Amma onlar təsdiq ediblər ki, Savitski həqiqətən də sualtı qayığın suyun dibinə enməsi və nüvə torpedosunun buraxılmasına hazırlıq əmri verib.

Daha sonralar – 2012-ci il iyulun 12-də Ketov Milli Təhlükəsizlik Arxivinin əməkdaşı Svetlana Savranskayaya verdiyi müsahibədə Savitskinin həqiqətən də onların hücuma məruz qaldığını və ABŞ-la müharibənin başladığını düşündüyünü bildirib. ABŞ hərbçilərinin gözlənilməz aqressiv hərəkətləri ilə üzləşən kapitan panikaya düşərək, təcili suyun dibinə enmək və nüvə başlığı olan 1 nömrəli torpedonun buraxılış üçün hazırlanmasını tələb edib. Lakin o, idarəedici qüllənin dar pilləkənindən sürətlə enə bilməyib. Çünki pilləkən siqnalçı zabit və onun alətləri tərəfindən bağlanıbmış. Qüllədə olan Arxipov görüb ki, amerikalılar əslində hücum yox, xəbərdarlıq edirlər. O, sualtı qayığın komandirini sakitləşdirib. Savitskinin əmri torpedonun işə salınmasına cavabdeh olan zabitə çatdırılmayıb. Əvəzində isə sovet sualtı qayığı amerikalılara siqnal verib və təxribatçı hərəkətlərin dayandırılmasını tələb edib. Vəziyyət sakitləşib, ertəsi gün batareyaları tam doldurulmuş B-59 suyun dərinliyinə enib və sonra təqibdən yayınıb.

Press Klub






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10