Ekspertlərə görə, taksilərin pərakəndə fəaliyyəti nəqliyyat sistemində dözülməz vəziyyət yaradıb
Vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd hazırlanıb. Bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov deyib. Onun sözlərinə görə, vahid taksi xidmətinin yaradılması ilə bağlı sənəd var. “Bununla cənab nazir məşğul olur. Metro, avtobus, taksi vahid olsa, daha yaxşı olar” - Cavid Qurbanov əlavə edib. Bu açıqlama isə ictimaiyyət arasında birmənalı qarşılanmayıb.
Bəzi ekspertlər hesab edirlər ki, bundan sonra taksi fəaliyyəti inhisara alınacaq. AG Partiyanın başqanı Tural Abbaslı mediaya açıqlamasında deyib ki, yeni qanun vəziyyəti daha ağırlaşdıracaqsa, əvvəlki kimi qalsa yaxşıdır: “O qədər qanun qəbul olunmalı sahələr var ki, indi taksi fəaliyyəti özü-özünü onsuz da tənzimləyib. "Uber", “Bolt”un rəqabəti var və qiymətlər də çox uyğundur, müştəri baxımından real uyğun qiymətlərdir. Burada da monopoliya yaratmaq istəyirlər? O baxımdan daha geniş məlumata ehtiyac olduğunu düşünürəm. Zatən bazar özü-özünü tənzimləyir, kifayət qədər də taksi xidməti göstərən şirkətlər də var. Bu sahə ən son müdaxilə olunmalı olan sahələrdən biridir. Elə məşğul olmaq istəyirlərsə, avtobusların intervalını düzəltsinlər, avtobusların sayını artırsınlar. Bakının kəndlərindəki, daxilindəki avtobus marşrutların fəaliyyətini yaxşılaşdırsınlar. Metroların, qatarların sayını artırsınlar. İnsanların sıxlığını tənzimləməyə çalışsınlar. Yəni bu sahədə boşluqlar daha çoxdur, nəinki taksi sahəsində. Ola bilsin ki, taksi sahəsində bir az pul var deyə, ora meylləniblər. Amma mən ehtiyac görmürəm".
Bəziləri isə hesab edir ki, taksi xidməti ilə bağlı müəyyən nəzarət mexanizmi lazımdır. Çünki taksi şirkətlərinin zaman-zaman özbaşınalıqları, süni qiymət artımı, keyfiyyətsiz xidməti əhali arasında narazılıqla qarşılanır. Bəs görəsən, bu dəyişiklik həqiqətən də inhisarçılığa yol açacaq, yoxsa taksi şirkətlərinin fəaliyyəti tənzimlənəcək?
Eldəniz Cəfərov
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov mövzu ilə bağlı “Yeni Müsavat”a bunları şərh etdi: “Vahid taksi xidmətinin yaradılması o demək deyil ki, dövlət bu sahədə müəyyən monopoliyaya almaq istəyir. Belə deyil. Sadəcə, bu gün Azərbaycanda fəaliyyət göstərən taksi şirkətləri, həmçinin fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan insanların, həmçinin sahibkarların da fəaliyyətinin tənzimlənməsi, taksi fəaliyyətində keyfiyyətin yüksəldilməsi ilə bağlı atılan addımlardan söhbət gedir. Hazırda taksi xidməti sahəsini götürsək, bu, sırf bazar iqtisadiyyatı qaydalarına uyğun formalaşıb. Söhbət paytaxt Bakıdan gedir. Lakin burada müəyyən çatışmazlıqlar var. Taksi şirkətləri, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan sürücülər elementar qaydalara əməl etmirlər. Nazirlər Kabinetinin də elan etdiyi reqlamentə görə taksi sürücüsünün yaşı 21-dən, sürücülük təcrübəsi iki ildən az olmamalıdır. Taksi fəaliyyətində istifadə olunan avtomobilin, minik maşınının üzərində mütləq qaydada sarı, işıqlı taksi fənəri olmalıdır. Daha sonra sürücülər çox vaxt taksi operatoru şirkətlərindən şikayət edirlər ki, onları istismar edirlər. Taksi operatoru şirkətləri sürücülərdən yüksək komissiya haqqı alırlar. Sərnişinlər şikayət edirlər ki, taksi sürücüləri özlərini nalayiq aparırlar. Bunların hamısını tənzimləmək üçün, nəzarətdə saxlamaq üçün vahid xidmət olmalıdır. Yəni burada vahid taksi şirkətinin yaradılmasından söhbət getmir”.
Yasin Mustafayev
Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev də “Yeni Müsavat”a mövzu ilə bağlı fikirlərini açıqladı: “Nəqliyyat sistemi vahid bir sistemdə idarə olunmalıdır. Çünki pərakəndə olduğu zaman bir-birini tamamlamır. Tutaq ki, "Bakı Metropoliteni" öz işini nizamlayır. Ancaq metropolitenin elə stansiyaları var ki, o stansiyaların çıxışlarında bəlli vaxtlarda ciddi sıxıntılar yaşanır. Misal üçün, “Koroğlu”, “28 may”, “20 Yanvar”, “Elmlər Akademiyası” metrostansiyalarında müəyyən səbəblərə görə günün müxtəlif vaxtlarında sıxlıq baş verir. Vahid sistem olsa, sərnişindaşımanı kompleks olaraq həll etmək daha məqsədəuyğun olar. Həmçinin Bakı-Sumqayıt istiqaməti üzrə hərəkət edən sürət qatarlarını. Dünya təcrübəsində də vahid sistemdən idarə olunma təcrübəsi var. Eyni zamanda bu, taksi fəaliyyətinə də aiddir. Taksi fəaliyyəti pərakəndə, olduqca dözülməz bir vəziyyət alıb. Sürücülərin özbaşınalığı, onların keyfiyyətsiz xidməti ilə bağlı narazılıqlar var. Ona görə də bunu vahid bir sistem halına gətirmək daha məntiqli olardı. Amma inhisar olmamaq şərtilə. Əgər hər hansı şirkətin, yaxud da qurumun inhisarında olacaqsa, təbii ki, inkişafdan da, yaxşı xidmətdən də söhbət gedə bilməz. Tam olaraq Cavid müəllimin nəzərdə tutduğu məsələyə gəldikdə isə, o, ətraflı açıqlama vermədiyinə görə biz tam dəqiqliklə deyə bilmirik. Amma dünya təcrübəsinə görə, təxmin etmək olar ki, ümumi nəqliyyat sistemi Bakı şəhəri üzrə vahid sistemdə birləşdirmək daha məqsədəuyğun olar. Təkcə paytaxt deyil, Bakının kəndləri, o cümlədən Sumqayıt, Xırdalan və sair istiqamətlərdə də gələn-gedən sərnişinlərin sayı, saatı dəyərləndirilib kompleks tədbir görülsə, daha uyğun olar. Eyni zamanda vahid sistem olsa, bunların ödəmə terminalları da eyniləşəcək. Həmçinin bütün kartların tətbiqi mümkün olacaq. Yəni bütün yeniliklər, əlavələr tətbiq olunduğundan idarəetmə də asanlaşacaq. Eyni zamanda bu yenilikləri, həmçinin kompleks tədbirləri həyata keçirərkən ayrı-ayrı qurumlara tapşırıq vermək kimi yox, vahid bir qurum olduğu üçün hamısına şamil olunacaq. Dolayısı ilə vahid bir sistemdə Abşeronun nəqliyyat sistemini birləşdirmək daha doğru olacaq".
Afaq MİRAYİQ,
“Yeni Müsavat”